Ana səhifə / Şou Biznes / “Sovetski”də yaşayanlar küçədə qalmaqdan qorxurlar – REPORTAJ

“Sovetski”də yaşayanlar küçədə qalmaqdan qorxurlar – REPORTAJ

“…Bir aydır işığımızı kəsiblər, qaranlıqda yaşayırıq. Bu gün tezdən sayğacımızı da sökdülər. Odun sobası almışam, sökülən evlərdən taxta qırıntıları tapıb yandırıram, evi onunla qızdırırıq”.

Bunu Bakının “Sovetski” məhəlləsində yaşayan Əvəz Məmmədov deyir. Məmmədovların yaşadığı dalanda 50-dən çox ev köçürülüb. İndi bu dalanda yalnız Məmmədovun və divar qonşusu Zaur Səmədovun ailələri yaşayır. Qonşu evlər köçürülərkən onların hasarı, hətta evin divarı da dağıdılıb…

Uçurulmuş həyətlər, dağıdılmış evlər, köçən sakinlərin qoyub getdiyi köhnə əşyalar və zibil qalıqları… “Sovetski”nin hazırki durumu belədir. Qədim məhəllədəki evlərin 80 faizi köçürülüb. Axundov döngəsi, Mirzağa Əliyev, Dilarə Əliyeva, Süleyman Rəhimov, Zülfi Adıgözəlov küçələrinin bir hissəsi, Mustafa Sübhi, Abdulla Şaiq küçələri tamamilə sökülüb. Sökünlmüş hasarların əhatəsində qalan köçürülməyən evlərin üzərində isə “burda hələ də yaşayanlar var” yazılıb. Sakinlər verilən kompensasiyanın məbləği ilə razılaşmırlar. Bəziləri kvadrata görə 2-3 min manat, bəziləri isə evinin əvəzinə ev istəyir.

Mənzilinin sahəsi az olanlara ev verildi, amma…

Mənzilinin sahəsi az olanlara “Gənclik” metrosunun yanında – Bədən Tərbiyəsi və İdman Akademiyasının keçmiş yataqxanaları olan binalarda ev verilib. “Əvvəlcə yataqxanalar təmir edildi. 10-15 kvadratmetrlik sahəsi olan evlərdə yaşayanlar ora köçürüldü. Əksəriyyət ora köçməyinə sevinirdi. Çünki verilən kompensasiya ilə “Gənclik”də o cür ev almaq mümkün deyil”, – Zülfü Adıgözəlov küçəsində yaşayan Arif Əliyev belə deyir. Onun sözlərinə görə, sakinlərə hər kvadrata görə 1500 manat ödənilir. Köçməyənlərə əlavə 3-4 min manat da təklif olunub: “Bizim ailədə 6 nəfər var. 20 kvadratmetrlik evə 35 min manat verirlər. Bu pula haradan ev almaq olar? Buna görə də, bizə ev verilməsini tələb edirik”.

 

Artıq köçməyən ailələlərə bildiriş gəlib

Köçmək istəməyənlərə bildiriş verilib. “Sovetski” sakini Camal Cabbarov deyir ki, kompensasiyanın məbləği ilə razılaşmayanlara məhkəməyə müraciət etməyi məsləhət görüblər: “Dedilər ki, məbləği artırmayacağıq. Köçmək istəməyənlər məhkəməyə veriləcək. Bizi məhkəmənin vasitəsilə evimizdən çıxaracaqlar”.

Sakinlər söyləyirlər ki, onlar dövlətə və verilən qərarlara qarşı deyillər. Lakin 30-40 min manatla ev ala bilməyəcəkləri üçün məbləğin artırılmasını istəyirlər. “Neftin qiymətinin azalması ilə müəyyən çətinliklərin yaranıb, biz bunu başa düşürük. İcra hakimiyyətlərinin balansında olan boş evlərdən bizə versinlər”.

“Əvvəlcə 1500 manat cərimələdilər, sonra işığı kəsdilər”

Köçməyən sakinlərin ən böyük problemi işıq, qaz və suyun tez-tez kəsilməsidir. “Sovetski” sakini Nəriman Ağayev deyir ki, bəzən günlərlə su verilmir. İşıq isə tez-tez sönür. Hələ üstəlik hər dəfə hansısa ev sökülərkən ətrafdakı mənzillərin işıq, qaz, su xətti dağıdılır. “Evləri sökərkən işıq xəttini qırmışdılar. Məcbur olub özümüz düzəltdirdik. Su borusu da dağıdılmışdı. Bəzən sakinlər içməli suyu vedrələrlə iki, üç məhəllə uzaqdan daşıyırlar”.

Sakinlərə yüksək məbləğdə borc da yazılır. Məsələn, Əvəz Məmmədova əlavə işıq xətti çəkilməsi səbəbi ilə 1500 manat cərimə yazıblar: “Əvvəl əksəriyyət əlavə işıq xətti çəkdirmişdi. Bizə 1500 manat cərimə yazdılar. Guya 500 manatlıq işıq işlətmişik. 20 kvadrat mert sahəsi olan evdə gecə-gündüz işıq yandırsaq 100 manat eləməz. 130 manat təqaüd alıram, hər ay 20 manat cərimə ödəyirəm. Amma bir aydır işığı kəsiblər, indi də sayğacı sökdülər”, – deyə Əvəz dayı əlavə edir.

“Bizə dedilər ki, sizi zorla çıxaracağıq”

Zülfü Adıgözəlov küçəsi, dalan 2, ev 3-də yaşayan Sevda Axundova yataq xəstəsidir. Deyir ki, yaşadığı mülk ona babasından qalıb. Amma söküntü komissiyasından onlara deyiblər ki, verilən kompensasiya ilə razılaşmayacağı halda evdən zorla çıxaracaqlar: “Özünü Maliyyə Nazirliyinin nümayəndəsi kimi təqdim edən Cavanşir müəllim dedi ki, 61 min manat təklif edirik. Götür, evini tərk et. Yoxsa sizi zorla çıxaracağıq”.

S.Axundovanın sözlərinə görə, 41 kvadrat metrlik sahəsi olan 3 otağa 61 min manat verirlər: “Mənim 2 oğlum, gəlinim var. Axı bu pula 3 otaqlı ev almaq mümkün deyil. Oğlum işdən ixtisara salınıb. Mənim aldığım təqaüdlə dolanırıq”.

Ailə kompensasiyanın əvəzinə ev verilməsini təklif edir: “Cavanşir müəllim məni barmağı ilə hədələdi. Dedim ki, mən 30 il müəllimə işləmişəm. İndi küçədə necə qalım? Dedi ki, bu, mənim problemim deyil. Bu günlərdə bizi məhkəməyə verəcəklərinə dair bildiriş də göndəriblər”.

Qonşuların evi köçürülərkən evin işıq, qaz, su xətti dağıdılıb: “Əlavə qaz, su borusu aldıq, pul verib yenidən düzəltdik. İşıq kəsilir, öz hesabımıza təmir etdiririk. “Azərişıq”, “Azəriqaz”dan deyirlər ki, söküntü komissiyasının vurduğu zərəri biz öz hesabımıza ödəməli deyilik. Məcbur olub biz təmir edirik”. Axundovlar ailəsi baş nazirin müavini Abid Şərifova müraciət edib. İndi onun verəcəyi cavabı gözləyir.

Sakinlər deyir ki, söküntü işlərinə Yasamal Rayon İcra Hakimiyyəti nəzarət edir. Köçürmə komissiyasının  nümayəndələri mütəmadi olaraq sakinlərlə danışıqlar aparırlar. Kompensasiya ilə razılaşan sakinlər köçürülür.

“Səsimizi eşidən yoxdur”

Məhəllə sakini Ceyhun Hüseynov həftənin 2-ci və 5-ci günləri köçürmə komissiyasının iclası olduğunu deyir: “Mənzillərinin sökülməsi ilə bağlı bildiriş alan sakinlər iclasda iştirak edirlər. Komissiya üzvləri tez-tez gəlib deyirlər ki, sizə əlavə 3 min manat da verəcəyik. Amma bu pulla yara sağalmır. Bu gün saat 3-də yenə komissiyanın iclası olmalıdır”.

C.Hüseynov deyir ki, köçmək istəməyənləri məhkəmə yolu ilə köçürəcəklər: “İşığımız, qazımız var, amma tez-tez suyumuzu kəsirlər. Onda da məcbur olub o biri məhəllələrdən su daşıyırıq. Bizim dalanda 20-25 ev söküldü. Qonum-qonşunun hamısı Masazıra, Xırdalana, Zabrata köçdülər. Çünki verilən pula şəhərdən ev almaq mümkün deyildi. Köçməyənlərə dəfələrlə xəbərdarlıq ediblər, məhkəmə yolu ilə köçürəcəklərini deyiblər. Səsimizi eşidən yoxdur. Biz kimə şikayət edək?”

“Yağışdan çıxıb yağmura düşməkdən qorxuruq”

Zülfi Adıgözəlov küçəsi, dalan 3-də yaşayan sakinlər də onlara veriləcək kompensasiya ilə razılaşmırlar. Ümumi həyətdə yaşayanlar “yağışdan çıxıb yağmura düşməkdən” ehtiyat edirlər: “Yaşadığımız mənzilin ümumu sahəsi 16 kvadrat metrdir. Ailədə dörd nəfərik. Uşaqlarım ikisi də məktəbə gedir. Biz yaşamaq üçün ev istəyirik. Verilən kompensasiya ilə mənzil almaq mümkün deyil. Bizimlə eyni həyətdə yaşayan Tamella Təhməzovanın evi 14 kvadrat metr idi. Razılaşdı, 21 min manat kompensasiya aldı. O pula isə mənzil almaq mümkün deyildi. İndi küçələrdə qalıb. Orda-burda kirayə yaşayır. Onun gününə düşməkdən qorxuruq. Əvvəl heç olmasa yatmağa yeri var idi, indi o da yoxdur. Yağışdan çıxıb yağmura düşmək istəmirik”.

 

“Heç Afrikada belə yaşamırlar”

Məhəllə sakini Zaur Səmədov burda doğulub, boya-başa çatdığını, yaşadığı evin ona babasından miras qaldığını deyir: “Uşaqlığımız, gəncliyimiz bu məhəllədə keçib. İndi hər yer uçulub, dağılıb. Uşaqlıq, gənclik xatirələrimiz o dağıntıların altında qalıb… İnanın ki, heç Afrikada da bu cür yaşayan yoxdu. Bizə verilən pulla ev almaq mümkün deyil, problem budur. Axı 33 min manata haradan ev ala bilərik? Lazımi orqanlardan bizi evlə təmin etməklərini xahiş edirik”.

Çoxbilmiş “uçastkovı”

İndi “Sovetski”də bir tərəfdən söküntü, bir tərəfdən narazılıq, digər bir tərəfdən isə nəzarət hökm sürür. Belə ki, sakinlərlə söhbətləşməyimiz ərazi üzrə sahə müvəkkili Emil Qədimovu nədənsə narahat etdi. O, bizdən “Sovetski”yə hansı məqsədlə gəldiyimizin, sakinlərlə nə barədə danışdığımızın hesabatını istədi. Səbəb isə qəribəymiş. Sahə müvəkkili saytın rəhbəri Eynulla Fətullayevin müxalifət nümayəndəsi olduğunu düşünürmüş. Əks halda, saytlarda ciddi araşdırma yazılar verilməsi doğru deyilmiş. Yarım saatlıq sorğu-sualdan sonra bölməyə getməsək də, sahə müvəkkili ayrılarkən söküntü ilə bağlı tənqidi fikirlər səsləndirməməyimizi xahiş edir: “Ərazi ciddi nəzarətdədir. Buna görə də məcburam”.

Yola düşərkən söküntü işləri aparan fəhlə də arxamızca səslənir: “Bir ildən sonra gələrsiz…” virtualaz.org

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın