““Şirbalanın məhəbbəti” filmi başdan-ayağa komediyadır. Orada bir bayağılıq, şitlik görə bilməzsiniz. Bu filmin ssenarisi də həyatdan götürülmüşdü. Elə bilirsiniz ki, həyatda Şirbala, Ümbülnisə kimi qadınlar və kişilər yoxdur?!
Moderator xəbər verir ki, bunu Əməkdar artist Kübra Əliyeva deyib.
O, ritorik sualına özü cavab verib: “Vallah var. 3-4 dəfə doğurlar, sonra kişilərin arxasınca düşürlər ki, aliment ver. Şirbala kimi gəzəyən, ailəsini atan kişilər azdır bəyəm?!”
Aktrisa əlavə edib: “Filmdə çəkilən 5 uşağımdan biri aktyor Firuz Xudaverdiyevin oğlu idi. O da Birinci Qarabağ müharibəsində şəhid oldu.
Bu filmdən sonra trolleybusa minə bilmirdim. Bir gecəyə məşhurlaşmışdım. Hər bir aktyorun imza atdığı rol var, məndə də Ümbülnisə roludur. Biz pul, ev, var-dövlət düşünməmişik, sənət düşünmüşük. Biz pulsuz sənətkarlarıq. Pul arxasınca düşüb teatra gəlməmişik”.