Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Sökülən ”Sovetski”yə görə Nazirlər Kabinetinin qərarı məhkəməyə veriləcək

Sökülən ”Sovetski”yə görə Nazirlər Kabinetinin qərarı məhkəməyə veriləcək

Məhəllədə vətəndaşlara təzyiq məqsədi ilə evlərə verilən qaz və işıq kəsilib

İyunun 7-də Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin təşəbbüsü ilə “Bakının tarixi silinir. Vətəndaş cəmiyyəti nə etməlidir?” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada keçmiş “Sovetski” məhəlləsində yerləşən və tarixi abidələrin sökülməsi, Bakıda şəhərsalma məsələləri, mülkiyyət hüquqlarının pozulması, ekologiya problemləri və texnogen təhlükələr, büdcə vəsaitlərinin xərclənməsi və digər məsələlər müzakirə olunub. Qeyd edilib ki, dövlətin mühafizəsi altında olan memarlıq binalarının ardıcıl olaraq məhv edilməsi keçmiş “Sovetski” küçəsi ərazisində xüsusilə geniş şəkildə həyata keçirilir. Burada 19-cu əsrin sonları – 20-ci əsrin əvvəllərində tikilmiş 138 binanın əksəriyyəti artıq sökülüb. Müzakirələr zamanı Nazirlər Kabinetinin qərarının qanuni olmadığı və buna görə qərar barəsində Bakı Apelyasiya Məhkəməsinə müraciət edilməsi haqda təklif irəli sürülüb. Ötən həftə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilib. Həmin dəyişikliyə görə, Bakının Yasamal rayonundakı bəzi yaşayış və qeyri-yaşayış obyektləri “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”ndan çıxarılıb. Bununla da XIX əsrin sonları –XX əsrin əvvəllərinə aid 30-yaxın tarixi abidə sökülmək təhlükəsində qalıb.

VCMK-nin üzvü, “Turan” informasiya agentliyinin baş direktoru Mehman Əliyev keçirilən tədbirdə qeyd edib ki, “Sovetski” ərazisində aparılan işlər barəsində vətəndaşlara dolğun məlumat verilmir:
“Əslində biz bilirik ki, “Sovetski” ərazisində nə baş verir və son zamanlar bu daha da canlanıb, daha qəddar formada sökülməyə başlayıb. Bu barədə vətəndaşlara dolğun informasiya verilmir.

Ümumilikdə Bakının şəhərsalma, baş planı var idi və nəzərdə tutulurdu ki, 2015-ci ilin yanvarında Milli Məclis və prezident tərəfindən bu təsdiq olunduqdan sonra 2030-cu ilə qədər yenidənqurma işləri aparılacaq. Hətta bildirilmişdi ki, şəhərin hansı hissəsində yenidənqurma, planda nələr olacaq. Onun maketi da var idi və kifayət qədər informasiya və internet resuslarında bu barədə məlumatlar verilmişdi. Gözləyirdik ki, bu normal, qanuni, hüquqi, mədəni forma çərivəsində öz əksini tapacaq. Amma bu vaxta qədər plan təsdiq olunmadı və ona istinad edirlər ki, belə bir plan var. Əgər plan yoxdursa, deməli, bu, qeyri-qanunidir.

Aparılan işlər, söküntülər vətəndaşlarla münasibətlər Füzuli küçəsində (keçmiş Basin) baş verənləri tam təkrar edir”.

Şairə, pedaqoq Kəmalə Abıyeva isə vurğulayıb ki, “Sovetski” ərazisindəki bütün evlər tarixi əhəmiyyət daşıyır, buna görə də onların sökülməsi yolverilməzdir:

“Bakı o cür tikilib… Biz indi bir dolmanın davasını aparırıq. Dolmanı birinci kim yeyib, vacib deyil, amma daşlarımızı sökürük ki, sübut edə bilməyək Bakıda doğrudan da ən azı 200 il bundan əvvəl kərpiclər qoyulub. O məhəllələr necə var idi, elə qalmalı idi. Bakı meri birbaşa buna görə məsuliyyət daşıyır. Şəhərin söküntüsü ilə bağlı yazılı qərar, sərəncam olmalıdır”.

“Sovetski” sakini Gülçöhrə Əliyeva isə bildirdi ki, vətəndaşlara təzyiq məqsədi ilə evlərə verilən elektrik və qaz kəsilib:

“Yasamal rayon icra hakimiyyətinin hərəkətləri heç bir qanun çərçivəsinə sığmır. Biz icra hakimiyyətini məhkəməyə vermişik… Burda iki məqam var, tarixi abidələrin sökülməsi və insanları mülkiyyət hüquqların pozulması. Mülkiyyətlə bağlı qanunvericilikdə bildirilir ki, vətəndaşların mülkiyyət hüququ toxunulmazdır. Lakin hazırda məhkəmə getdiyi bir şəraitdə vətəndaşların qaz və işıq sayğacları açılıb. Bu, insanlara təzyiq formasıdır və konstitusiyamıza uyğun deyil. Bizim haqqımızdır ki, dövlət ən bəsit ehtiyaclarımızı ödəsin. Lakin icra hakimiyyəti qazımızı, işığımızı kəsir. Onlar özbaşınalıq edir, nə məhkəmə, nə də qanun tanıyırlar. Bir sözlə, çox acınacaqlı vəziyyət yaranıb”.

“Tarix-mədəni və təbii irsi qoruma” QHT-nin ictimai nəzarət komitəsinin rəhbəri Aytəkin İmranova isə bildirib ki, “Sovetski” ərazisindəki tarixi abidələrin sökülməsinə etiraz olaraq keçirilən imza toplama kampaniyasına artıq 3500 nəfər imza atıb. Musavat.com

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın