Ana səhifə / Şou Biznes / Sizə “Ə” deyimmi, Nuşirəvan Səfərov? – Taleh Şahsuvarlı

Sizə “Ə” deyimmi, Nuşirəvan Səfərov? – Taleh Şahsuvarlı

Tanınmış yazar Taleh Şahsuvarlının Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) rəisi Nuşirəvan Səfərova yazdığı açıq məktubu qaldırılan problemlərin yetərincə yayğın və aktual olduğunu nəzərə alaraq, olduğu kimi dərc edirik:

“Bilənlər bilir, bilməyənlərə qısaca nəql edim. Ötən ayın 25-də uzun zaman sürülmədiyindən akkumlyatoru taqətdən düşmüş maşınımı qardaşımın köməyi ilə işə saldıq və yaşadığım binanın yaxınlığındakı yanacaqdoldurma məntəqəsindən benzin doldurmaq üçün həyətdən çıxdıq. Maşını qardaşım sürürdü.

Demək olar ki, boş yolda qoşa xəttin tələblərini pozub yanacaqdoldurma məntəqəsinə daxil oldu. Bu zaman DYP maşını yaxınlaşdı. Əvvəlcə cərimə yazdı, daha sonra “maşının ödənməmiş cəriməsi var” deyə avtomobili cərimə meydançasına aparmaq istədi. Bildirdim ki, üzərimdə olan bütün pulu benzinə vermişəm, dayanacaqdan geri qayıtmaq imkanım yoxdur. Qısası, DYP əməkdaşına dedim: “Al, bu açar, bu maşın, bu da siz, hara istəyirsiniz aparın”.

Haqlıyammı? Haqlıyam! Çünki heç bir qanunda, heç bir təlimatda göstərilməyib ki, ödənilməmiş cəriməyə görə sürücü cərimə meydançasına aparılmalıdır. Başda Bakı şəhər DYP-nin rəisi, general Nuşirəvan Səforov olmaqla, hər kəsə maddə-maddə, bənd-bənd sübut edə bilərəm, bu cür hallarda DYP əməkdaşı sürücünü sükandan kənarlaşdırmalı, akt tərtib etməli, əlavə naryad, yaxud evakuator çağırıb maşını dayanacağa aparmalıdır.

Maşını deyil, mənim özümü məcburən cərimə meydançasına aparmaq istədiyinə görə DYP əməkdaşının göstərişini qanunsuz hesab etmiş və maşını qapıya qoyduqdan dərhal sonra öz vəzifə səlahiyyətlərini bilməyən, bilmədiyi üçün icra etməyi də bacarmayan inspektorun hərəkət və hərəkətsizliyindən şikayət etmək üçün Səbail rayon Dövlət Yol Polis İdarəsinə getmişəm. Orada isə Abbasəli Ələkbərov adlı bir lap kiçik zabit iki gün müddətində mənə şikayət etmək imkanı yaratmayıb, üstəlik, mənimlə rəftarda kobudluq edib və öz ailə tərbiyəsinə uyğun şəkildə təhqiramiz ifadələr səsləndirib. Bütün bunlar barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat vermişəm, yazılı şəkildə isə Səbail rayon Polis İdarəsinə şikayət etmişəm. İnspektor Abbasəli Ələkbərov mənim şikayət hüququmu əngəlləməyə çalışsa da, işçilərinin qanuna və insan haqlarına zidd hərəkətləri barədə həmin bölmənin rəisi Cəmşid Hənifəyevi də poçtla məktub göndərərək məlumatlandırmışam.

Bəri başdan onu da deyim ki, bu məsələ ilə bağlı Səbail rayon Polis İdarəsinin rəisi, hörmətli Əli İbrahimovun və Səbail rayon Yol Polis İdarəsinin rəisi, gerçəkdən mərifətli bir insan olan Cəmşid Hənifəyevin qəbulunda olmuşam. Fürsətdən istifadə edib bir vətəndaş və ziyalı olaraq məni qəbul etdiklərinə, dinlədiklərinə, görüş zamanı istər vəzifəli şəxs, istərsə də zabit kimi yüksək mədəniyyət sərgilədiklərinə görə hər ikisinə təşəkkür edirəm. Eləcə də bu şikayəti Bakı şəhər Dövlət Yol Polis İdarəsində araşdıran Samir Kərəmovun mənimlə nəzakətli rəftarından da son dərəcə razıyam. Şikayətə necə yanaşması bir başqa məsələdir, vətəndaşla nəzakətlə davranmaq bir başqa. Bu meyarla Kərəmovun zabit etikasını və ümumən bir insan kimi tərbiyəsini yüksək qiymətləndirirəm.

Zira bu yazımda DYP-nin Bakı şəhər idarəsinin rəisi, general Nuşirəvan Səfərova xüsusi təşəkkür edə bilməyəcəm təəssüf ki… Niyəsini deyim! Bu gün- 18 fevral 2017-ci ildə general Səfərovun adına yazdığım şikayət ərizəsinə cavab almışam. Hörmətli Nuşirəvan müəllimin 9 fevral 2017-ci ildə təmtəraqlı bir imza ilə təsdiqlədiyi məktubdan belə nəticə çıxardım ki, mənim şikayətim əhatəli araşdırlmayıb, təhqiqatı aparan zabit işi “bağlamaq” vəöz həmkarlarını vəziyyətdən çıxarmaq üçün əlindən gələni əsirgəməyib. Odur ki, bu açıq məktubla cənab Nuşirəvan Səfərovun diqqətinə bəzi etirazlarımı çatdırmaq istəyirəm.

1) Cənab general, Sizə göndərdiyim şikayət məktubunda da yazıldığı kimi, Yol-hərəkət qaydası qardaşım tərəfindən pozulduğu halda (onun sürücülük vəsiqəsi və mənim maşınımı idarə etmək üçün etibarnaməsi var) protokol mənə tərtib edilib. Bu məsələ ilə bağlı məktubunuzda niyə bir sətir yoxdur? Məgər, DYP əməkdaşı ayıq-sayıq olmalı, protokol tərtib edərkən inzibati xətanın kimin tərəfindən törədildiyini aşkar etdikdən sonra protokol tərtib etməli deyilmi? Bizim üçün fərq yoxdur, o cəriməni mən ödəyəcəm, ya qardaşım. Amma inspektorunuzun deputat Eldar İbrahimov dediyi tiplərdən olduğunu fərq etmk üçün bu məqama xüsusi diqqət yetirməli idiniz. Axı mən bu barədə öz şikayət ərizəmdə sizə məlumat vermiş və tələb etmişəm ki, mənim adıma tərtib edilmiş protokol ləğv edilsin. Niyə araşdırmamış, niyə ləğv etməmisiniz?

2) Məktubunuzda deyirsiniz ki, guya mən avtomobili duracağa aparmadığımdan sənədlərim DYP inspektorunda qalıb. Əsla! Mən Müşfiq Quluzadə adlı DYP inspektoruna dayanacağa getməyəcəyimi dəfələrlə söyləmişəm, o isə sənədləri qəsdən özündə saxlayıb və bununla məni öz qanunsuz əmrinə riayət etdirmək üçün faktiki olaraq şantaj edib. Ayrıca, həmin sənədləri götürmək üçün dəfələrlə Səbail DYPİ-nə müraciət etmişəm, ancaq orada kiçik zabit Abbasəli Ələkbərovun qanunsuz tələbləri ilə üzləşmişəm. Sonda həmin sənədləri xüsusi aktla Bakı şəhər DYPİ-də Samir Kərəmovdan almışam. Sizdən soruşuram cənab general, mənim sürücülük vəsiqəmin və avtomobilimin texniki şəhadətnaməsinin inspektor tərəfindən məqsədli şəkildə qaytarılmaması, günlərlə DYP-də saxlanılması və qarşılığında Abbasəli Ələkbərov tərəfindən qanunsuz tələblərin irəli sürülməsi barədə epizodları görməzlikdən gəlməkdə marağınız nədir?

3) Nuşirəvan müəllim, mən Sizin öz məktubunuzda qanuna zidd göstərişlərini və əməllərini ört-basdır etməyə çalışdığınız DYP əməkdaşı Müşfiq Quluzadənin yol patrul xidmətinin tələblərini necə kobud şəkildə pozduğunu əgər məni qəbul edərsinizsə, birər-birər isbat edə bilərəm. Əgər məni qəbul etməsəniz də bunu özümə dərd edəcək deyiləm. Çünki sizin cavab məktubunuzu da əlavə edərək məsələni məhkəməyə daşıyacam. Mən bu günə qədər nə qədər inzibati xəta törətmişəmsə, hamısının cəriməsini pulum olduqca ödəyəcəm. Əgər istəyirsinizsə, bir səbəb, yaxud bəhanə tapıb mənim sürücülük vəsiqəmin ləğv olunması barədə məhkəmə qarşısında siz də iddia qaldırın. Sorun deyil. Amma bir məsələyə mütləq aydınlıq gətirməyinizi rica edirəm. Mənim DYP əməkdaşının hərəkət və hərəkətsizliyindən şikayət etmək hüququma maneçilik törətməyə Abbasəli Ələkbərov adındakı kiçik zabitə kim ixtiyar verib? Və mənim şikayət hüququmun pozulması ilə bağlı məsələnin üstündən öz məktubunuzda niyə keçmisiniz? Yoxsa, heç araşdırmamısınız? Axı mən öz ərizəmdə təkcə inspektor Müşfiq Quluzadədən şikayət etməmişəm?!..

Bəli, Nuşirəvan müəllim, sadəcə bu məqam sizin məktubunuzun sizin imzanıza layiq olmadığını çox aydın ifadə edir! Bakı şəhər DYPİ-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, hamımızın ağsaqqal hesab etdiyimiz polkovnik Vaqif Əsədov da təsdiq edər ki, bu günə qədər Sizin həm şəxsiyyətinizə, həm də fəaliyyətinizə qarşı diqqət və sayğıda bir qüsurum olmayıb. Odur ki, bu sözlərimi də özünüzə qarşı sayğısızlıq kimi qəbul etməyin. Dəfələrlə üzr istəyərək soruşuram, sizə “Əəə” deyə müraciət etsəm, Sizdən “cənab general” deyil, “Ə” deyə bəhs etsəm bunu öz şəxsiyyətinizə qarşı təhqir kimi qarşılayar, öz şərəf və ləyaqətinizi məhkəmədə qorumazsınızmı? Əlbəttə, məhz bu cür davranarsınız və düz də edərsiniz! Mən də sizinlə eyni dövlətin vətəndaşı, eyni xalqın nümayəndəsiyəm. Bu ölkədə hər kəsin yanında alnım açıq, üzüm ağdır, övladlarımı halal zəhmətimlə böyüdürəm. Rüşvət almır, cibgirlik eləmir, pul naminə öz şərəf və ləyaqətimə xələl gətirmirəm. Elə bu səbəbdən Abbasəli kimi tərbiyə və nəzakət problemi olan kiçik zabitinizin mənə “Ə” deyə müraciət etməsinin üstündən keçmək niyyətində deyiləm. Bəlkə bu adam öz böyüklərinə bu cür müraciət edir deyə “Ə” xitabında bir qəbahət görmür. Amma polis sistemində böyüyü olaraq onun bu qəbahətini görmək və öz kiçiklərinizin tərbiyəsi ilə məşğul olmaq sizin borcunuzdur.

Min kərə təəssüflər olsun, Nuşirəvan müəllim! Çünki məktubunuzdan belə anladım ki, bu cür tərbiyəsi naqis kiçiklərinizin öhdəsindən ya gələ bilmirsiniz, ya da onların hərəkətlərinin vətəndaşlarda Azərbaycan hakimiyyətinə qarşı qıcıq yaratması məhz sizin məxsusi planınız olduğundan öhdəsindən bilərək gəlmək istəmirsiniz…”

Azinforum.az bildirir ki, jurnalist Taleh Şahsuvarlı müraciətində Nuşirəvan Səfərovun rütbəsini səhfən generala kimi göstərib BŞDYPİ rəisinin rütbəsi general yox, polkovnikdi.

Azinforum.az

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın