Cümə axşamı , İyul 18 2019
Ana səhifə / Şou Biznes / Siyasi məhbusun qızını atasına görə işə götürmədilər – AÇIQLAMA

Siyasi məhbusun qızını atasına görə işə götürmədilər – AÇIQLAMA

“İşin arxasında Lənkəran şəhər İcra Hakimiyyəti dayanır”

Müsavat başqanının müavini, hazırda həbsdə olan Yadigar Sadıqovun qızını atasına görə işə götürməyiblər. 
Bu barədə Arqument.Az-a Y.Sadıqovun qızı Rövşanə Səmədova məlumat verib.
O bildirib ki, 5 il bankda iş təcrübəsi olsa da, hazırda işsiz qalıb və müraciət etdiyi yerlərdə ona iş vermirlər. Əsas da o göstərilir ki, atası müxalifətçi və siyasi məhbusdur: “Beş ilə yaxın “Əmrahbank”da işləmişəm. 2 il öncə analıq məzuniyyətinə çıxdım. Məzuniyyətə çıxanda mənə qaydalara görə “işdən azadetmə, məzuniyyətə çıxmaq və yenidən işə qayıtmaq” haqqında ərizə yazdırdılar. Amma işə qayıdanda gördüm ki, iki ərizəni ləğv ediblər, ancaq işdən çıxmağımla bağlı ərizəni saxlayıblar. Onu əsas gətirib işə götürmədilər. Ərizələrin niyə ləğv edildiyini isə demədilər. Sonra “Əmrahbank”da kütləvi ixtisarlar, problemlər yarandı, ora qayıda bilmədim”.
R.Səmədova son zamanlar daha bir neçə banka müraciət edib və uğurlu nəticə göstərməyinə baxmayaraq, işə götürülməyib: “Bu yaxınlarda CV-mi “Unibank”ın, “AccessBank”ın və “Parabank”ın yeni açılmış Lənkəran filialına təqdim etdim. Müsabiqələrdə iştirak etdim və hər iki mərhələni uğurla keçdim. Bütün sənədlərim də qaydasındadır. Dedilər ki, imtahanı yüksək səviyyədə vermisən, get xəbər edərik. Amma heç bir xəbər çıxmadı”.
Y.Sadıqovun qızı bildirir ki, ona qeyri-rəsmi atasına görə işə götürülmədiyini deyirlər: “Yaxın qohumlarımızdan birinə deyiblər ki, məni atamın siyasi fəaliyyətinə görə işə götürmürlər. Həm də bu işin arxasında Lənkəran şəhər İcra Hakimiyyətinin dayandığını, tapşırığın onlar tərəfindən verildiyini deyirlər. Atama görə mənə iş vermirlər”.
Qeyd edək ki, Yadigar Sadıqov 2013-cü il iyunun 27-də Lənkəranda həbs olunub. Lənkəran sakini Rəşid Kərimovu döyməkdə, ona bədən xəsarəti yetirməkdə ittiham olunan Yadigar Sadıqov 2014-cü il yanvarın 13-də Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Amma o, bu ittihamı əsassız sayıb və özünün siyasi fəaliyyətinə görə şərləndiyini deyib. İyulun 22-də Şirvan Apellyasiya Məhkəməsi ona verilən həbs cəzasını 4 ilə endirib. Müsavat Partiyası da onun siyasi mötivlərlə həbs olunduğunu bəyan edib.
“Amnesty İnternational” təşkilatı onu vicdan məhbusu kimi tanıyır.

Həmçinin oxuyun

“Vicdan haqqı”nın məşhur cütlüyü aparıcılıq edəcək

“Vicdan haqqı” serialından sonra məşhurlaşan və ailə quran Ülviyyə Xalidbəyli ilə Murad İsmayıl cütlüyü aparıcılığa …

Bir cavab yazın