Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Şıxəli Qurbanov 1967-ci ilin iyununda 1-ci katib seçilməli idi?.. – TARİX…

Şıxəli Qurbanov 1967-ci ilin iyununda 1-ci katib seçilməli idi?.. – TARİX…

Həlak olmasından 50 il ötsə də Şıxəli Qurbanovun ölümü ətrafındakı şübhələr səngimir. 2009-cu ildə “Azadlıq” radiosunun  Şıxəli Qurbanov haqqında hazırladığı yazıda maraqlı məqamlar açıqlanır:
”..1967-ci ilin iyun ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) növbədənkənar plenumu keçirilməli və Şıxəli Qurbanov Mərkəzi Komitənin birinci katibi seçilməli idi. Amma… Mayın 24-də onu aradan götürdülər…”.Şıxəli Qurbanovun həyat yoldaşı Xavər Qurbanovanın dedikləridir bu.
Novruzdan sonra 3 dəfə həyatına sui-qəsd olunub…
…Xavər xanım danışır ki, bayramın axşamı Mərkəzi Komitənin birinci katibi Vəli Axundov onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. “O zaman vəzifə başına keçmək istəyənlər Moskvadakıların qulaqlarını o qədər doldurdular ki, Şıxəlini ora izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil”. Amma təhlükə hələ də sovuşmamışdı, Qurbanovlar ailəsi hər an səksəkədə idi, bilirdilər ki, Şıxəli Qurbanovun başı hələ çox ağrıyacaq. “Üç dəfə həyatına qəsd olundu. Bayramdan sonra maşında gedərkən güllə atmışdılar ona, əlinə dəyib sıyırmışdı. Daha sonra üstünə maşın sürmüşdülər, özünü güclə ağacın dibinə atıb canını qurtara bilmişdi. Bir dəfə də zəhərləmək istəyiblər alınmayıb…”
Diş həkimi pəncərədən qaçıb…
Novruz bayramından iki ay keçmişdi. Bir gün, daha doğrusu may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir. Və elə oradaca müəmmalı şəkildə vəfat edir. Həkim dişinə iynə vurarkən Şıxəli Qurbanov ölür, həkim pəncərədən qaçır. Ailəsi onun ölümünün dövlət səviyyəsində hazırlandığını iddia edir. Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova: “Aydın məsələdir ki, Şıxəli Qurbanovu öldürüblər. Novruz bayramı onu aradan götürmək üçün sadəcə səbəb idi. O zaman vəzifəyə gəlmək istəyənlər dövlət səviyyəsində bunu təşkil etdilər. Məlum oldu ki, ona sianid turşusu vurublar…”
 
SSRİ Baş prokurorunun müavini Bakıya gəlir, amma…
Şıxəli Qurbanovun ölümündən 40 gün sonra xanımı Xavər Qurbanova Moskvada prokurorluqda olur. Onun təkidindən sonra prokurorun müavini məsələni aydınlaşdırmaq üçün Bakıya göndərilir. Amma nəticədə Xavər xanıma onun fikirləri ilə şərik olduğunu desə də, həqiqət rəsmi surətdə üzə çıxarılmır. Çünki ixtisasca həkim olan Mərkəzi Komitənin birinci katibi Vəli Axundov diaqnozunda israrlı idi – Şıxəli Qurbanovun «anafilaktik şok»dan ölməsi ilə bağlı dörd nəfər mütəxəssisin imzası ilə qəzetdə yazı da dərc olunmuşdu.
Rəsmi nəticə:”Şıxəli Qurbanov anafilaktik şokdan ölüb…”
Şıxəli Qurbanovun ölümü haqqında tərtib edilmiş tibbi rəydə qeyd edilirdi ki, onun ölümü anafilaktik şok nəticəsində baş vermişdi. Rəyi respublika səhiyyə naziri Fəxri Vəkilov, 4-cü Baş Idarənin rəisi, dosent A.Mirzəzadə, Azərbaycan KP MK-nın səhiyyə bölməsinin müdiri, tibb elmləri namizədi Arif Sultanov, müalicə həkimi dosent Əliağa Əhmədov, Patoloji anatomiya şöbəsinin müdiri, professor  K.Səlimxanov və Məhkəmə Tibbi Ekspert idarəsi müdirinin müavini E.Rudometkina imzalamışdılar. Ilkin müayinələr və nəticələr sənədləşdirildikdən sonra respublika səhiyyə naziri Fəxri Vəkilov Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundova yazırdı: “Sizin göstərişinizə uyğun olaraq Qurbanov Şıxəli Qurbanoviçin ölümü ilə bağlı arayışı, məhkəmə tibbi protokolu və patoloji anatomiya rəyini Azərbaycan KP MK-ya göndəriririk. Toxumaların histoloji tədqiqinin, streptomitsin, novokain və şpritsin saxlanması haqqında bütün növdən olan analizlərin nəticələri cavablar alınan kimi əlavə olaraq təqdim ediləcək”.
“Xalq faciəyə düçar olanda düşünməyə başlayır…”
Şıxəli Qurbanovun dəfni günü bütün Bakı matəmə batmışdı…Tanınmış siyasi analitik Tahir Cəfərlinin ötən yazıda da xatırlatdığımız “Görücü” adlı tarixi-psixoloji romanında o böyük insanla vida mərasimi belə təsvir edilir:
“…Minlərlə insan Şıxəli Qurbanovu cənazəsi qoyulmuş kluba girmək üçün növbəyə durmuşdu. 
Uzaqdan bu, Xruşov dövründəki ucu-bucağı görünməyən çörək növbəsini xatırladırdı. Ancaq ondan fərqli olaraq burada insanlar sükut içində dayanmışdılar.  Onların gözündə sovet rəhbərlərinə qarşı nifrət qaynayırdı. Cavidan(romanın baş qəhrəmanı-S.L.) hiss edirdi ki, xalq susur, eyni zamanda yaranmış vəziyyətdən çıxış yolu axatarırdı. Hamının qəlbində  azadlıq, müstəqillik eşqi, rejimə isə nifrət hissi oyanırdı. Sırada duranların çoxu sadə insanlar idi. Onlar artıq nə partiyaya, nə də hökumətə inanırdılar. İndi onlar kommunist ideologiyasının tam yalan olduğunu anlayırdılar. Hansısa filosof deyib ki, xalq faciəyə düçar olanda düşünməyə başlayır…
Kluba çox az adam daxil ola bildi. Görkəmli yazıçı və dövlət xadimiylə vidalaşmaq üçün ayrılmış vaxt tez bitdi- daravazalarda onun cənazəsi olan tabut göründü. Kütlə geri çəkildi. Klubun qarşısında kiçik dairə yarandı. Cənazəni daşıyanlar oraya daxil oldular ki, dönüb Fəxri Xiyaban istiqamətində hərəkət etsinlər…
“Xalqı başsız qoydular! İndi onu kim əvəz edəcək?!..”
Bütün bunlar tam sükut şəraitində baş verirdi. Xalq dinməzcə tabutun arxasınca gedirdi. Bakı küçələrindən keçdikcə  dəfn karvanı daha da böyüyürdü. Bütün hərəkət dayanmışdı. Yenə də tam sakitlik… Heç kim heç kəslə danışmırdı. Çünki hər şey aydın idi. İnsanlar susursa, bu o deməkdir ki, hər şeyi bilirlər…
Cavidanın yaddaşına  yanında durmuş  mötəbər bir qadının dediyi sözlər əbədi həkk olundu:
-Xalqı başsız qoydular! İndi onu kim əvəz edəcək?! Axı belə insanlar 100 ildə bir dəfə doğulur. Biz bir daha Novruz görməyəcəyik. Yenə repressiyalar başlayacaq.  O, bu sözləri ucadan dedi ki, hamı eşitsin. Heç kəsdən qorxub-çəkinmədən…
O qadının sözləri peyğəmbəranə oldu. Şıxəli Qurbanovun sirli ölümündən sonra  Novruzu təşkil etmiş hər kəs təqib olunmağa başladı…  Novruzun rəsmi qeyd edilməsindən və Şıxəli Qurbanovun ölümündən sonra respublikada hər şey pisə doğru dəyişdi.  Hakimiyyətə can atan mafioz qruplar fəallaşdılar…”
Məsud Əlizadəni “KOB” polkovniki öldürüb?
T.Cəfərlinin  şahidi olduğu olaylar əsasında qələmə aldığı əsərdə Azərbaycan komsomolunun 1-ci katibi olmuş, sonradan Tibb İnstitutunun komsomol katibi təyin edilmiş görkəmi ziyalı Məsud Əlizadənin
“KQB” polkovniki tərəfindən kabinetində öldürülməsindən də danışılır. 
Məhkəmədə həkim Şıxəlinin zəiflikdən öldüyünü iddia edir…
Romanda eyni zamanda təxminən 1968-cu ildə Şıxəli Qurbanovun ölümü ilə bağlı  26 Bakı Komissarı(indiki Sahil) rayonu məhkəməsində keçirilmiş prosesdən də bəhs edilir. Məhkəmədə rəhmətliyin dişini çəkmiş həkim dindirilir. Lakin o, özünü günahkar hesab etmir və Şıxəlinin ölümünün səbəbini onun sağlamlığının zəif olmasında gördüyünü bildirir. Lakin zaldan kimsə qışqırır: ”Bu, ağ yalandır! Şıxəli tam sağlam insan idi…”  Məhkmə həminn  şəxsi bayıra çıxartdırır. O da məhkəmə binası qarşısında toplaşmış yüzlərlə insana içəridə baş verənləri danışır.  İnsanlar hakimlərə nifrət yağdırır. Qatil həkimə ölüm hökmü tələb edir.  Hamı bilir ki, “KQB” bu stomatoloqun vasitəsilə Şıxəlini öldürtdürüb… Bundan sonra içəridə şux kostyum geyinmiş bir nəfər hakimə yaxınlaşaraq onun qulağına nəsə pıçıldayır. Və hakim  məhkəməni qeyri-müəyyyən müddətə təxirə salır…
Bundan əlavə, xalq arasında şayiə yayırlar ki, Şıxəli Qurbanovu  1-ci katib Vəli Axundovun göstərişi ilə öldürüblər. Lakin xalqın anlaqlı hissəsi bu cəfəngiyyata inanmır.  Onlar bilir ki, V.Axundov Şıxəlinin yaxın dostu olub. Və onuh icazəsi olmadan Şıxəli Novruzu təşkil etməzdi.
1968-ci ildə  Universitetdə tələbələrin Novruz bayramı dağıdılır…
Müəllif  romanda  1 il sonra – 1968-ci ildə Bakıda Azərbaycan Dövlət Universiteti tələbələrinin keçirmək istədiyi kütləvi Novruz bayramının Mərkəzi Komitənin göstərişi ilə  milislər tərəfindən dağıdıldığını, yanğınsöndürənlərin nəhəng tonqalı söndürdüyünü də xatırladır. Tələbələrlə qarşıdurma zamanı bir neçə milis də yaralanır. Onlarla  gənc, o cümlədən  romanın əsas qəhrəmanlarından biri Siyavuş da həbs olunur. Lakin 1-ci katib Vəli Axundov bütün həbs edilmiş tələbələrin azadlığa buraxılması üçün göstəriş verir…
Tələbələrə həmrəylik nümayiş etdirən Bakı sakinləri şəhərin bir çox yerlərində, xüsusən Yasamalda, Dağlı məhəlləsində Novruz tonqalları çatırlar… Bütün bunlardan sonra Kremlə də, onun Azərbaycandakı  yaltaq əlaltılarına da  bəlli olur ki, Novruzu Azərbaycan xalqının qəlbindən çıxarmaq mümkün deyil:”Əgər xalq haqq uğrunda mübarizə aparırsa, o, məğluedilməzdir…”(Tahir Cəfərli).
Şıxəli Qurbanov:”“Sənsiz”ə baxarsız mənsiz…
Taleyin faciəli gərdişinə bax ki, mayın 24-ü – həlak olan günü Azərbaycan Dram Teatrında Şıxəli Qurbanovun «Sənsiz» dramının ictimai baxışı idi. Qızı Gülnarə Qurbanova deyir ki, hələ bir gün öncə – mayın 23-də Şıxəli Qurbanov tamaşanın məşqini yarımçıq qoyub getməli olmuşdu, xaricdən qonaqlar gəlmişdi. Qapıdan çıxanda isə demişdi ki, “”Sənsiz”ə baxarsız mənsiz”… Elə belə də oldu. Gülnarə xanım danışır ki, səhəri gün tamaşaya gələnlərin hamısı xəstəxanada idi: “Tamaşaya gələnlərə elan etmişdilər ki, müəllif rəhmətə gedib…”
Sultan Laçın

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın