Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Seyfəddin Əsəd: “Qəbizlik xərçəng xəstəliyinin birinci səbəbidir” – FOTOLAR VİDEO

Seyfəddin Əsəd: “Qəbizlik xərçəng xəstəliyinin birinci səbəbidir” – FOTOLAR VİDEO

Müasir tibb nə qədər inkişaf etsə də, zaman-zaman hər birimiz qədimdən gələn türkəçarə üsullarında şəfa axtarırıq. Bu zaman isə ən dəyərli məsləhətlər həmin sahənin mütəxəssislərindən alınmalıdır. Ölkəmizdə qədim müalicə üsullarını yaşadan həkim-mütəxəssis Seyfəddin Əsədlə təbii üsullarla müalicə vasitələri, düzgün qidalanma və həyat tərzi ilə bağlı müsahibəmizi təqdim edirik:
– Seyfəddin bəy, ənənəvi tibbin müalicə etdiyi hansı xəstəlikləri türkəçarə üsulu ilə tam müalicə etmək mümkündür? 
– Bu gün tibblə bağlı iki söz var, birinə ənənəvi tibb deyirlər, digərinə qeyri-ənənəvi tibb. Tam səhv olaraq, ənənəvi tibbə qeyri-ənənəvi tibb, dünən yaranan müasir tibbə isə ənənəvi tibb deyirlər. Ancaq bu, birmənalı şəkildə səhvdir. Ənənəvi tibb odur ki, insan yaranan gündən, min illər boyu insanlar özünü müalicə edib. Həmin dövrdə insanlar özünü nə ilə müalicə edibsə, bu, ənənəvi tibbdir. Yəni min illərə söykənir. Yüz ilə söykənən tibb isə müasir tibbdir. Qədim dövrlərdə nə indiki kimyəvi dərmanlar, nə xəstəxana, nə də kimyəvi preparatlar var idi. Düzdür, elə dövrlər olub ki, yoluxucu xəstəliklər kütləvi şəkildə insanları məhv  edib. Ancaq xərçəng xəstəliyi o dövrdə yox idi. Xərçəng son 100-120 ilin söhbətidir. O zaman insanlar bu qədər vaxtından tez ölmürdülər, uzunömürlü idilər. Çünki insanların qidası olduqca yığcam idi. Kəndə ancaq bir qaçaq gələndə, ya bir qonaq gələndə onun şərəfində bir dana kəsilərdi. O da kimə düşərdi, kiməsə düşməzdi. Yoxsa, hər gün insanlar evdə ət yemirdilər.
– Bu gün də gündəlik qidasında qırmızı ətdən az istifadə edən millətlər varmı?
– Bəli. Mən bu ay Yaponiyada oldum. Orada insanlar hamısı çox incədirlər. Onlar mənim kimi dolu adamı görəndə gülümsəyirdilər. Yaxınlaşıb tanış olandan sonra əllərini qarnıma vururdular ki, bu, nədir belə. Mən oraya gedəndə təyyarədə baxdım ki, hamısı qocalardır. Təəccüb elədim ki, bu ölkə hamısı qocalardan  ibarətdir. Yaponiya dünyanın uzunömürlülər ölkəsidir. Sonra öyrəndim ki, onlar təqaüd dövrünə qədər hamısı möhkəm işləyirlər. Təqaüd dövrünə çıxandan sonra isə onlar xoşbəxt olurlar, dünyanı gəzirlər. Baxırsan  ki, 95 yaşı var, elə bil bu dəqiqə yıxılıb öləcək. Ancaq arxasına yük alıb dağa qalxır, heç sürətinə çatmaq olmur. Səbəbini orada yaşayarkən öyrəndim. Birinci havası çox təmizdir, oksigenlə zəngindir. Orada çox rahat yatmaq olur. İkincisi suyu çox gözəldir, duş qəbul edərkən elə bildim ki, suya bal qatıblar. Su möcüzəvi şəkildə yumşaqdır. Bizdəki cod su insanın saçını tökür, dəri xəstəliyinə səbəb olur. Suları çox təmizdir. Üçüncüsü isə qidadır. Ət yeməkləri sıfır səviyyəsindədir, balıq, düyü yeyirlər. Hər yeməkdə kələm, zeytun, göyərtilər, meyvələr var. Normal qaydada yeyirlər, ancaq nə qədər yesələr də çəki artmır. Çünki kalori yoxdur. Hər səhər tezdən hamısı idman edir, gəzintiyə üstünlük verir. Yeməkdə kalori nə qədər az olsa da, hərəkətləri ona adekvatdır, o kalori onlara bəs edir. Çörək yox dərəcəsindədir, balaca qara bulku qoyurlar süfrəyə və onun heç yarısını yemirlər. Çörək və qırmızı ət yox dərəcəsindədir. Yəni insan üçün ən önəmli şey, təmiz hava, su və qidadır. Son vaxtlar “ağ ölüm” dediyimiz şirniyyatlar bizim insanların menyusunda artıb. Rəngli sular, sonradan bizim həyatımıza gətirdiyimiz xarici qidalara maraq böyükdür. Ən önəmli isə düzgün münasibətdir. Həm ailə münasibətləri, həm cəmiyyətdəki münasibətlər. Çox təəssüf ki, bizim insanlarımızın bu münasibətlər haqqında dünyagörüşü aşağıdır. Mən Yaponiyada bir dəfə uşağa qışqıran ana görmədim, küçədə maşın siqnalı eşitmədim. Hamı sakit və rahatdır, üzlərində təbəssüm var. Bu sakitlik və rahatlıq sağlam yaşam üçün olduqca vacibdir. Sinir sistemi möhkəm olan, o qidaları yeyib mədə-bağırsaq sistemi normal işləyən adam niyə xəstələnsin ki..?
– Elə bir xəstəlik varmı, onun öhdəsindən yalnız ənənəvi tibb, yəni təbii üsullarla müalicə gələ bilər? 
– Ənənəvi tibb min illərə söykənib. Orada qəbul olunan nə varsa, hamısı günümüzə qədər inkişaf etdirilib və heç biri çıxarılmayıb. Məsələn, banka qoymaq, zəlidən və arıdan, qurbağadan istifadə etmək daha da inkişaf etdirilib. Bərəmumdan, baldan, çiçək tozundan və arının digər məhsullarından istifadə edərək məlhəmlər hazırlayırıq. Məsələn, miqrenin yer üzündə müalicəsi yoxdur. Parkinsonizm və tibbdə müalicəsi olmayan xeyli xəstəlik var ki, müasir tibdə müalicəsi yoxdur. Elə xəstəliklər var ki, onu yalnız arı ilə müalicə etmək mümkündür. Bu gün dünya əhalisinin ən böyük problemlərindən biri qanın qatılaşmasıdır. Bu isə gətirib tromba, infarkta, insulta çıxarır. Bəs, zəli nə edir? Zəli qanı duruldur və 6 ay infarkt, insult ola bilməz. Ancaq infarktın qarşısını alan dərmanı bir gün kəsən kimi səhəri gün vəziyyəti pisləşir, həmin dərmanlar da turşudur, mədənin selikli qişanı yandırır, erroziya, qastrit, yara əmələ gətirir. Bu baxımdan zəli min bir dərdin dərmanıdır, varixoz – damar xəstəliyi, ürək-damar sistemi xəstəliyi, babasil xəstəliyi geniş şəkildə yayılıb. Diqqət edin, müasir tibb bəzi dərmanların zərərli olduğunu etiraf edir. İndi məlum olub ki, xeyli xəstəliklərdə “tetrasklin” qrupu dərmanları işlətmək olmaz. Bəzi həblər xərçəng xəstəliyinin yaranmasına dəstək olur. Onları çıxartmaq lazımdır. Onilliklərlə böyük səhvlərə yol verilib. Nə qədər dərmanlar çıxarılıb. Ancaq ənənəvi tibbdə heç kim bankanı, nə zəlini, nə əvəlikli aşı, nə kəklikotu çayını, nə itburnu,  qantəpər, aleo ilə olan dəmləməni çıxartmır. Çin kimi milyard yarıma yaxın əhalisi olan dövlət zobun müalicəsində qurbağadan istifadə edir. Çünki bunlar təbiətdə yaranıb, orqanizm də həmin təbiətdə böyüyüb. Xəstəliklərin bir çoxu müasir insanın qidalanması, həyat tərzi nəticəsində yaranıb. Bu xəstəliklər əvvəl olmayıb, çoxunun ömrü qısadır.
– Qurbağadan söz düşmüşkən, hazırda Bakıda da restoranlarda qurbağadan hazırlanmış yeməklər verilməyə başlayıb. Bunun ziyanı və ya faydası varmı?
– Qurbağanın birinci növbədə müalicəvi təsirləri var. Bu gün elə bir dərman yoxdur ki, həm zəhərli zobu müalicə eləsin, həm də düyünlü zobu. Bəli, artıq elə restoranlar da var. Fransada qurbağa ən qiymətli yemək sayılır. Bizdə təzə başlayıblar. Qurbağanın möcüzəvi şəkildə xeyirləri var. Nəyə desəniz xeyri var. Qurbağanı qoyan gündən insan dərin yuxuya düşür. Əsəb sistemini sakitləşdirir.  Oynaq ağrılarında, süd vəzilərindəki mastopatiyanın müalicəsində çox gözəl effekt verir. Ancaq bu xüsusi növ qurbağa olmalıdır. Qurbağanın da minlərlə növləri var, cəmi ikisi müalicəvidir. Zəlinin yüzlərlə növü var, cəmi ikisi müalicəvidir. Bunu ancaq mütəxəssis-həkim təyin etməlidir, müalicəni aparmalıdır. Bu gün Azərbaycanda arı və zəlidən istifadə edən mütəxəssis yalnız mənəm, arzu edərdim ki, bu yüzlərlə olsun. Ancaq insanların özlərinin zəli tətbiq etməsi qətiyyən olmaz. Zəlinin hansı nöqtəyə qoyulmasını da həkim müəyyən edir.
– Həcəmət haqqında nə deyə bilərsiniz? Banka üsulu ilə qan almaq son illər yayılmağa başlayıb…
– Əvvəllər mən də həcəmət üsulundan istifadə eləmişəm. Son illər İranda, Türkiyədə məşhurlaşıb, bu üsul. Çox xeyirli bir müalicədir. Ancaq mən indi eləmirəm. Çünki həcəmət yolu ilə qanı alırsan, ancaq bədənə heç nə vermirsən. Əvvəl bankanı qoyursan, o qanı yığır, sonra çərtib yerinə yenə banka qoyursan və qan çəkir, sakitlik və rahatlıq verir. Mən bu gün yalnız zəliyə görə ondan istifadə etmirəm. Zəli 250-dən artıq qiymətli maddə verir qana, o qanı duruldur. İltihabı götürür. Dilin altına zəlini qoyursan və bədənin istənilən yerindəki ağrını narkotikdən də güclü kəsir.
– Ancaq bu deyilənlər müasir tibbin önəmini azaltmır…
– Bəli, müasir tibb də olduqca vacibdir. Ürək damarları tutulubsa və insan gec gəlibsə, onu dəyişmək mümkün deyil. Qara ciyər, böyrək sıradan çıxıbsa, kor bağırsaq partlayırsa, onlar insanı öldürə bilər, təcili müdaxilə lazımdır. Orada müasir tibb olduqca vacibdir və Azərbaycanda da sürətlə inkişaf edir. Vaxt var idi ki, ürək əməliyyatı üçün Almaniyaya, İngiltərəyə gedirdilər, bu da çox baha idi, imkanı çatmayanlar ölürdü. Bu gün Azərbaycanda onlarla kardiocərrah var. Ölkədə açıq qapı siyasəti yürüdülür və mən bunu dəstəkləyirəm. Çünki, onlar gəlirlər biz öyrənirik, onlar da bizdən nə isə öyrənirlər.
– Azərbaycan mətbəxini necə xarakterizə edərdiniz? Hansı yanlışlar var? hansı qidaların birlikdə qəbul edilməsi həzmdə çətinlik yaradır? 
– Dünya mono qidaya, tək qidaya keçir. Kartofla əti bir yerdə yemək olmaz. Bizdə bozartma edirlər, kartofla əti yeyirlər, kartof karbohidratdır, tez həzmə gedir, mədənin turşusunu götürüb gedir. Ətin üstünə qatıq töküb yetirlər, qatıq da mədənin turşusunu götürüb gedir. Əti həzm edəcək vasitə, mədənin turşusudur. Mədə turşusu da gedib. Əti nə həzm eləsin? Ət həzm olunmadan xırdalanıb gedir və bağırsaq daşına çevrilir. Bir adamda 4-6 kiloqram, bəzən 8 kiloqram bağırsaq daşı olur. Bütün həyatı boyu həmin daş hansı orqana uyğun nöqtəyə yerləşibsə, həmin orqan xəstə olur. Nöqtənin nə olduğunu da izah edim. Sovet dövründə deyirdilər ki, insanın bütün xəstəlikləri başa bağlıdır. Ancaq müasir ənənəvi tibb deyir ki, insanın bütün xəstəlikləri yoğun bağırsağa bağlıdır. Əgər bir adam hər gün səhər və axşam böyük bayıra çıxırsa, onun xərçəng olma ehtimalı yoxdur. Ancaq gündə bir dəfə, 3 gündə bir dəfə, 5 gündə bir dəfə insan böyük bayıra çıxırsa, qəbizlik artıbsa xərçəng xəstəliyinin faizi kəskin şəkildə artır. O adamlar gərgin olurlar, yata bilmirlər, əsəbi olurlar. Qara ciyər və böyrəklər xəstə olur. Bütün həyat yoğun bağırsağın üstündə qurulub. Əgər həmin bağırsaq daşı sinir nöqtəsinə yığılıbsa, sinir sistemi xəstədir, qara ciyərə yığılıbsa qara ciyər xəstədir. Ona görə də hər bir adam, uşaq da, böyük də bağırsağını qorumalıdır. Onun yolu isə odur ki, yeməyi qatmaq olmaz. Yeməklə bərabər göyərti, çörək yemək, meyvə yemək olmaz. Yemək arası su içmək olmaz. Su mədəni yuyur və yemək həzmə getmir. Göyərti , meyvə-tərəvəz mədə turşusunu götürüb gedir və əsas yemək həzmə getmir. Yeməkdən 15 dəqiqə əvvəl meyvə, göyərti yeyilməli, çay, su içilməlidir. Yeməkdən 10 dəqiqə qabaq bir dilim limon sormaq həzmə kömək edir. Yeməkdən sonra dərhal çay-su içmək olmaz. Kartof qızartması və soyutması ilə çörək yemək qəti olmaz. Bunların ikisi də karbohidratdır. Ümumiyyətlə, qızartma yeməklərindən, heyvani yağlardan qaçmaq lazımdır. Xaricdən gətirilən kərə yağlarının mənşəyi məlum deyil, təmiz nehrə yağı o qədər yol gəlib 10 manata satıla bilməz. Meyvənin və tərəvəzin parıltılı olanına qaçmayın, qurd dəymişinə üstünlük verin. Kartofun parıldaması üçün ona javel vururlar. Meyvə həddindən artıq böyükdürsə, deməli təbii deyil. Bunları nəzərə almaq lazımdır. Mən bazarda meyvənin qurdlusunu axtarıram.
– Əvvəl müqəddəs sayılan çörəyi indi düşmən çıxarırlar. Həqiqətənmi o qədər zərərlidir, çörək? 
– Bugünkü qaydada istifadə olunan çörək zərərlidir. Eyni zamanda çörək çox qiymətlidir. O çörək ki, ondan çörək ətri gəlsin, ona süni mayalar qatılmasın. Mən məsləhət görərdim ki, yuxaya üstünlük verilsin. Quru yuxa aylarla qalır, su vuran kimi yumşalır və yeyilir. Çörəkdən daha faydalı və vitaminli üsul o olar ki, buğdanı 48 saat suda saxlayıb, sonra yeyəsən. Ağ çörək xəstəlikdir, o həzmə getmir, bağırsaqda qalır və bağırsaq daşına çevrilir. Kəpəkli çörək daha yaxşıdır.
Nərgiz LİFTİYEVA,
Fotolar: Məğrur Mərd





Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın