Ana səhifə / Şou Biznes / “Sevdiyim qıza görə Elşad Abdullayevin yanından getdim”

“Sevdiyim qıza görə Elşad Abdullayevin yanından getdim”

Fransanın paytaxtına gəlib də, adı bu ölkə, onun paytaxtı ilə assosasiya olunan tanınmış mühacirlərlə danışmamaq olmaz. Bunlardan biri, heç şübhəsiz ki, bir müddət ABU-nun sabiq rektoru Elşad Abdullayevlə əməkdaşlıq edən, bloqqer, Sarbonna Universitetinin məzunu Elnur Məcidlidir. 
“Yeni Müsavat”ın əməkdaşının suallarını cavablandıran zaman E.Məcidli bu günə qədər açıqlanmayan bir çox yeni detallara aydınlıq gətirdi. Müsahibimiz öncə Parisə gəliş hekayəsindən danışdı: 
– Mən bura 2004-cü ildə Türkiyədən, Qalatasaray Universitetindən oxumaq üçün gəldim. Jurnalist olaraq işlədim. Türkiyədəykən ANS-lə işləyirdim. Burda ASSA İrada ilə çalışdım. 2005-ci ildə isə Lider TV-də çalışmağa başladım. Azərbaycan media orqanlarından Trend Agentliyi ilə də çalışmışam. BBC, AFB ilə əməkdaşlığım oldu. Azərbaycanlı Tələbələrin Avropa Forumu –FACE ilə əməkdaşlıq etmişəm.
– Bəs necə oldu ki, daim burda qalmağa qərar verdiz? 
– Mən 2010-cu ilə qədər Fransada yaşasam belə, Azərbaycana gedib gələ bilirdim. Digər siyasi mühacirlərdən fərqim o idi. 2010-cu ildə də parlament seçkilərində namizəd idim. AXCP-Müsavat blok idi o zaman, mən də Bərdədən blokun namizədi idim. Partiya üzvü deyiləm, amma blokun siyahısında var idim. Axırıncı dəfə o zaman Azərbaycanda olmuşam. O zaman seçkilərdə iştirakımın qarşısı alındı. Deyildi ki, müstəqil namizəd olaraq seçkilərdə iştirak edə bilərsən. Blokdan verirsənsə, qeydiyyata alınmayacaqsan. Ordan Avropa Məhkəməsinə qədər gəldik, amma mən o qərardan imtina etdim. Mənə ağır gəldi ki,adım Azərbaycana qarşı hallanır. Orda o simvolik məbləği almaqla hər şey həll olunmur. Ola bilər ki, orda kiminsə həmin pula ehtiyacı var və onu gözləyir. Amma onu almaqla problemlər həll olmur. Tutaq ki, 10 min avro təzminat ödəniləcək. Sizin yerinizə seçilən deputat deyə də bilər ki, mən bu pulu ödəməyə hazıram, heç dövlətdən o pul çıxmaz. Amma adımın “Azərbaycana qarşı” deyə səsləndirilməsi xoş deyildi.  O zaman vəkil İntiqam Əliyev hələ həbsdə deyildi. Məndən soruşdu ki, sənin təzminat almaq fikrin varmı? Mən belə bir fikrim olmadığını dedim.

 “Əgər bu gün mənim xidmətimə Azərbaycanda ehtiyac varsa, burda qurduğum bütün işləri atmağa hazıram”

– Məhz seçki məsələsinə görə ölkə ilə əlaqələri kəsdiniz və bir daha qayıtmadınız? 
– Dönə bilmədiyim üçün qaldım.
– Amma 11 martla bağlı çağırışınız da vardı facebookda…
– Bəli, “ərəb baharı” dövründə, 11 martda böyük xalq hərəkatı vardı. O, bir narazılıq fonunda yaranmış aksiya idi. 2010-cu il seçkilərdə hüquqlarım pozulur, incidilirəm. Maşınlarımız əlimizdən alınır, normal fəaliyyətimizə imkan verilmir, ölkədən çıxanda problem yaşayıram. Mən axırıncı dəfə bura gələndə 3 dəfəyə ölkədən çıxa bildim. Necə deyərlər, ölkədən yaralı vəziyyətdə çıxırsan. Mən çıxdım, amma Bəxtiyar Hacıyev çıxa bilmədiyi üçün həbs olundu. Mən o dövrdə siyasi təzyiqi hiss edirdim. Fransaya noyabrın axırında qayıtdım. Mənim başlatdığım aksiya isə etiraz idi. Mən özüm o sürəti gözləmirdim. Kimsə məni publikaya qaldırdı, sonra da vurdu.
– Necə vurdu, anlamadım…
– Yəni ki, o birilər bunu etməyə cəsarət etməsin. O dövrdə mənə qarşı siyasi təzyiq, repressiyanın əhatəsi çox geniş idi. Rayondakı qohumların prokurorluğa çağırılmasından tutmuş, atamın oğurlanmasına qədər. Atamı evin qabağından oğurlamışdılar və biz onun harada olduğunu bilmirdik. Bu hadisələr yaşananda mətbuat kənarda dayanmışdı, fokuslanmışdı mənim üzərimə. Amma mənim ailəmdə nələr baş verdiyi görsənmirdi. Qardaşım işdən atılırdı, anamın iş yerinə MTN gedirdi, atamı evin qabağından götürüb, gecə 4-də qaytardılar. Mənim qohumlarım mənimlə danışmağa qorxurdu. Evimizin qabağında polis dayanırdı…
– Cəmiyyət sizi daha çox 2012-ci ildən sonra tanıdı. Sabiq ABU rektoru Elşad Abdullayevin yanında olan, onun  əsas məsləhətçisi   kimi çıxdız mətbuata. Bu hekayə necə oldu? 
– Fransada əslində mən öz işimlə bağlı müxtəlif mühacirlərlə tanış oluram. Onların rütbəsi çox yüksəkdir. Onların arasında o qədər yüksək rütbəli, iqtidardan qopan insanlar var ki, onların çəkisi, əhatə dairəsi daha genişdir, daha geniş dalğadır. Amma onlar gizli qalıblar. Elşad Abdullayevlə tanış olanda artıq ona qarşı təzyiqlər başlamışdı. Mən jurnalist instinkti ilə yaxınlaşdım hadisələrə.  Düşündüm ki, burda Azərbaycanla, Azərbaycanın yeni tarixi ilə bağlı yeni nəsə öyrənmə imkanı əldə edə bilərəm.
– O, sizi tapdı, ya siz onu?
– O məni…
-Niyə siz? Heç düşündüzmü bu haqda? 
– Bunu bilmirəm. Amma o dövrdə mənə qarşı təzyiqlər vardı. Biz o zaman eyni yönə baxırdıq.
– Əməkdaşlıq nə zamana qədər davam etdi? 
– 2013-ə qədər. Əslində əməkdaşlıq deyildi. Belə deyək: əldə bir material var, amma həmin materialın sahibi onun dəyərini bilmir, lazımi qədər bilmir. Antik bir şey var, onu aparıb mütəxəssisə göstərirsiz, o da dəyərini deyir. Bu baxımdan, Elşad Abdullayevin əlindəki materiallar mənə maraqlı gəldi. Təbii ki, orda yayımlanmayan nüanslar var. Amma sonra anladım ki, orda bəzi nüansların sonu dövlət sirrinə qədər gəlib çıxa bilər. Mən əslində müxaliflik obrazında bilirsiz nəyə qarşıyam? Biz cəmiyyət olaraq çox xəbərçiyik.  Bir müddət sonra o qədər informasiya bolluğu yaranır ki, öz həqiqiliyindən də uzaqlaşır, o xəbərləri mübaliğəli şəkildə təqdim edirik.
– Bəs siz Elşad Abdullayevlə işlədiyiniz zaman nələrə diqqət edirdiz? 
– Bir çox məqamlar vardı ki, mən onları dəqiqləşdirirdim. Dəqiqləşdirdiyim bir çox şeyləri isə yaymadım.

 “Azərbaycanda yayımlanmayan, gizli qalan yüz minlərlə video var”

– Videoların yayılması ilə bağlı qərarı siz verirdiz? 
– Hansı şeyləri ki, mən edirdim, onun qərarını mən verirdim. Amma hansını ki, Elşad Abdullayev özü edirdi, qərarı da özü verirdi. Bu, təkcə mənlə bağlı nüans deyildi. Vəkili ilə məsləhətləşirdi, işin gedişinə hansının xeyri vardısa, onu yayımlamaq qərarı verirdi. Əslində isə Elşad Abdullayevin əlindəki videoların əksəriyyəti prokurorluqda var. Çünki Elşad Abdullayev o videoları hakimiyyətə verməkdən çəkinməmişdi. Orada əsas məqam qardaşının tapılması idi. Baxın, indi Milli Təhlükəsizlik Nazirliyi ləğv olundu, amma onun arxasında böyük özbaşınalıqlar olduğu üzə çıxır və çıxacaq. Sadəcə onlara qarşı etimad vardı. Amma məlum oldu ki, belə deyil. Onlar nəinki müxalifət, hakimiyyətdəkilərə qarşı da nələrsə ediblər. İndi bəzən xəbərlər çıxır ki, nazirin hansısa adamı xaricə çıxdı, keçmiş nazir ev həbsindədir.
– Yaxşı, bəs bu qırılma nə zaman baş verdi? Yollarınız niyə ayrıldı sabiq rektorla?
– Mən o qərarı hardan başladım verməyə? Bir qızla tanış olmuşdum. 2011-ci ildə mən o ağır günləri yaşayanda – hansında ki, qohumlarımız belə bizim evə gedə bilmirdi – o qız bizim evə getdi. Sonra münasibətlər yarandı. Amma əngəlimiz vardı – Azərbaycana getmək problemidir. Mənim siyasətdən kənarda durmağımın birinci səbəbi – sevgi fədakarlığı edirdim. Çünki o insan mənə qarşı bir fədakarlıq etmişdi. O insanın ailəsi, qohumları vəzifədə idi.  Buna baxmayaraq, son illərə qədər o mənim ailəmin yanına getdi. Amma sonda alınmadı. Məhz bu səbəbə görə baş tutmadı münasibətlərimiz. Bu fədakarlığının qarşılığını verməliydim.
– Amma sizin bəyanatınız tamam fərqli idi. Bu nüanslar orda yer almamışdı. Siz hakimiyyəti, İlham Əliyevi dəstəklədiyinizi bildirmişdiz. 
– Bəyanat o hadisədən sonra verildi. Mən nə anladım? Öyrəndim ki, insanın individual məsuliyyəti olmadan kollektiv məsuliyyət formalaşdıra bilməz. Ailə kiçik nüvədir. İnsan birinci öz ailəsini qorumağı bacarmalıdır. Sonra nəslini, xalqını… Öz ailəsinə qarşı biganə olan adam cəmiyyət üçün nə edə bilər?
– Bəs bu qərarınızı Elşad Abdullayevə necə açıqladız? 
– Düzü, danışmadım. Ünsiyyətin qopuşunu o, hiss edirdi. Mən öz fikirlərimi deyirdim. 2013-cü ildə deyirdim ki, Azərbaycanda hansısa mübarizənin bir çəkisi olmalıdır, insanlar bunu qavrasın. Bizim bu gün cəmiyyətin marağı ölkədə hansısa siyasi dəyişiklik olmasına yox, şouya, teatradır.
– Hesab edirsiz ki, cəmiyyət Elşad Abdullayevin yaydığı videolara bir şou kimi baxdı və bitdi? 
– Cəmiyyətin o hadisələrdən öyrəndikləri oldu. Müəyyən məqamlar ortaya çıxdı. Amma o cəmiyyətdə nəyi dəyişdi? Videoların youtube-də yüz minlərlə izlənmə göstəricisi vardı.
– Bəlkə cəmiyyət o videonu yayanın səmimiyyətə inanmadı? 
– O da bir ehtimaldır. Insanlarin baxışı fərqli ola bilər. Bizə başqasının dərdindən çox ümummili faciə maraqlıdır.
– Amma Elşad Abdullayevin sizin bu addımınıza cavabı çox sərt oldu. Ona görə də ehtimallar səsləndi ki, Elnur Məcidli  hakimiyyətlə anlaşdı, sövdələşməyə getdi və bununla da mövqeyini dəyişdi. Həqiqətən vardı belə bir şey? 
– Görürsüz ki, mən neçə ildir gedə bilmirəm öz vətənimə. Halbuki çox istəyərdim. Əgər bu gün mənim xidmətimə Azərbaycanda ehtiyac varsa, burda qurduğum bütün işləri atmağa hazıram. Ola bilər ki, Elşad Abdullayev də tutmadı mənim addımımı. Mən siyasi proseslərdən uzaqlaşmağa başlayanda öz ailəmlə, sevdiyim qızla, onun ailəsi ilə dialoqlarım vardı. Düşündüm ki, onlara bu fədakarlığı etməliyəm. Başlanğıc nöqtəsi bu oldu. Amma daha sonra Azərbaycana qayıtmağımla bağlı hansısa insan təklif edə bilər. Mən yazdım ki, Azərbaycanda indiki vəziyyətdə İlham Əliyevi dəstəkləməliyik.

 “Siyasi proseslərdən uzaqlaşmağa başlayanda öz ailəmlə, sevdiyim qızla, onun ailəsi ilə dialoqlarım vardı. Düşündüm ki, onlara bu fədakarlığı etməliyəm”

– Həmin vaxta qədər 360 dərəcə bunun əksini deyən adam…. sırf sevgisinə görə belə bəyanat verdi? Sizə elə gəlmir ki, bu, inandırıcı deyil? 
– Ola bilər, kiməsə utopik görünsün. Hakimiyyət dairələri də bilirdi bunu. O insanın qohumları vəzifədə idi. O diskussiyanı bilən insanlar vardı. Onlar bizim münasibəti bilirdi və bu şəxslərin Azərbaycanın yüksək instansiyasındakı şəxslərə də çıxışı vardı.
– Hər halda, uğruna belə ciddi siyasi addımlar atdığınızı dediyiniz qızla… xoşbəxt sonluq olmadı. 
– Olmadı, amma peşman da deyiləm. Mən bilirsiz nə öyrəndim? Alınmadısa, mən bilirəm ki, o qızın günahı deyil. Ailə səbəbləridir, hazırkı siyasi şəraitin yaratdığı səbəblərdir. Elədiyim fədakarlığa görə peşman deyiləm. Bu zamana qədər onu hiss etməmişdim. Sevgi üçün fədakarlıq olacaqsa, bu, siyasi fədakarlıq olmamalıdır. Sevgi siyasətdən də üstün olmalıdır.
– İndi Elşad Abdullayevlə düşmən sayılırsız? Kontaktlar kəsilib tam.. 
– Yox… Amma mənim o qızla evlənməyim üçün siyasi aralaşma olmalıydı. Şərtlər onu tələb edirdi.
– İndi o xanım yoxdur. Şərtlər yenidən Elşad Abdullayevlə əməkdaşlığı tələb etsə…? 
– Bu proses mənə bir çox şeyləri öyrətdi. Nəticədə siyasəti arxa plana keçirdim. Bu, mənə siyasətdən daha böyük dəyərləri xatırlatdı.
– Elşad Abdullayevin yanında uzun müddət olduz. Media və cəmiyyət olaraq bizim görmədiyimiz nələri gördünüz siz? 
– Çox şeyləri. Təsəvvür edin ki, müxalifət qəzetinin funksioneri  xahiş edir ki, hakimiyyəti vuracaq video yayımlanmasın. Amma obraz olaraq ön cəbhədə, ən alovlu insandır. Hakimiyyəti ən sərt şəkildə tənqid edən insandır. Halbuki hansısa videonun yayımlanması ilə bağlı anonslar gedəndə bu adam müraciət edirdi. Xahiş edirdi, israr edirdi.
– Kim olduğunu da açıqlayasız bəlkə? Artıq təxmin etmək olur kimliyini… 
– Yox, ad çəkməyə ehtiyac görmürəm. Kimin o statusda olmasını onsuz da bilənlər bilir.
– Video yayımlansın deyə sizə pul təklif edənlər vardı? 
– Xeyr. Amma hansısa video getsin deyə pul aldığını deyən insanlar vardı. O insanlar bu məsələlərdə səmimiyyət testindən keçdilər.
– Eyni şey Elşad Abdullayev barədə də deyilirdi. Məsələn, bildirilirdi ki, o hansısa videonun yayılacağı ilə bağlı anons verir, sonra isə şübhəli şəkildə onu yayımlamırdı. 
– Yox, anons olunan videolar yayımlanırdı. Orda əsas məsələ Elşad Abdullayevin qardaşı idi.
– Yayımlanmayan videolarda nələr var? 
– Kimə maraqlıdırsa, o video onda var. Siz jurnalist olaraq marağınızda ola bilər. Siz sadəcə Elşad Abdullayevi görürsüz. Amma Azərbaycanda yayımlanmayan, gizli, yüz minlərlə videolar var. Bir adamda minə yaxın video yığılırsa, düşünün ki, o cür yığan neçə adam ölkədə ola bilər.
– Bu jestinizdən sonra hakimiyyətdən sizə hansısa təşəkkür, qarşılıqlı jest gəldimi? 
– Xeyr, mənim dəstəyim Azərbaycanın milli maraqlarına görə idi. Mən onu sevgimə görə etdim. Sevginin siyasətdən üstün olduğunu gördüm.
– Oxucuya bu inandırıcı olacaqmı sizcə? 
– Olmaya bilər. Amma mən bunu yaşamışam.   Mənim ən böyük arzum Azərbaycana getməkdir. Halbuki hələ də gedə bilmirəm və mənim adım axtarışda olanların siyahısındadır.
– Elşad Abdullayevlə əməkdaşlığa görə peşmansız? 
– Bu, təcrübədir. Təcrübə də öyrədir. Bunu öyrənmək lazım idi. Hər təcrübə bir ibrətdir, öyrədici tərəfi var. Təcrübə səhvlər toplusudur. Öyrənmək istəyən insan səhvlər edir. Təcrübədən peşmançılıq çəkmək olmur. Amma qazandığı təcrübə məsuliyyəti artırır. Bu qədər məsuliyyətli olmamağı istəyə bilərsən.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın