Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Samir Şərifov Cahangir Hacıyevi niyə ittiham etdi?

Samir Şərifov Cahangir Hacıyevi niyə ittiham etdi?

Maliyyə naziri Samir Şərifov Beynəlxalq Bankdakı qanunsuzluqlardan və pulların oğurlanmasından danışıb. O, bu işdə Cahangir Hacıyevi ittiham edib. 
Nazir bildirib ki, dövlət başçısının sərəncamına əsasən, bu bankın sağlamlaşdırılması və özəlləşdirilməyə hazırlanması üçün tədbirlər görülür: “Bu, asan deyil”.
S.Şərifov Beynəlxalq Bankın borcları barədə danışarkən bildirib ki, bankın sabiq rəhbərliyi bir çox kobud səhvlərə yol vermişdi və bu gün bu səhvlərə qiymət də verilməkdədir: “Bir çox hallarda müşahidə şurasının qərarlarına əməl edilməmiş, bu qərarlar pozulmuş və bank barədə məlumatlar təhrif olunub. Nəticə etibarı ilə bu bankda mənimsəmə halları müşahidə olunub. Biz bu gün bu bankın toksik (pis) aktivlərini, hansılar ki, kreditlər verilib, pullar oğurlanıb, bunu açıq şəkildə etiraf etməliyəm, belə hallar da var. Əlaqəli şəxslərə dolaylı yollarla pullar verilib, o pullar da çıxarılıb, lazım olmayan işlərə sərf olunub. Biz bu gün bu işlərlə məşğuluq. Borcluların pulları qaytarması işlərini davam etdiririk. Bu baxımdan hüquq-mühafizə orqanları ilə birlikdə – Daxili İşlər Nazirliyi və Baş Prokurorluqla işlər davam etdirilir. Çalışırıq ki, pul alan adamlar öz məsuliyyətlərini dərk edərək banka borclarını qaytarsınlar. Digər tərəfdən bank əmanətçilərinin, bank müştərilərinin fəaliyyətinə xələl gətirməməkdən ötrü- çünki bu böyük bir bankdır, sistemli bir bankdır, Azərbaycan bank sisteminin 40 faizdən çoxu bu bankın üzərinə düşür- ona görə də biz dövlət tərəfindən qərara aldıq ki, bunların verdiyi müəyyən pis kreditləri aqrar üsulu ilə alırıq bu kreditlərin üzərinə, söhbət gedir müəyyən zavod, fabriklərdən, hansılar ki, səmərəsizdir və hal-hazırda pis işləyir, bunları biz sağlamlaşdırmaq yoluyla satıb, sonra əldə ediləcək pulları kreditin bərpa edilməsinə sərf edəcəyik. Bu pullar bu istiqamətlərə sərf olunur” (ANS).
Ekspertlər isə bildirirlər ki, bankda baş verən qanunsuzluqlarda nazir Samir Şərifovun da məsuliyyəti var və bu cür açıqlamalar məsuliyyətdən qaçmaq üçündür.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında nazirin dediklərini məsuliyyətdən qaçmaq cəhdi kimi dəyərləndirib: “Burada çox maraqlı məqam ondan ibarətdir ki, Beynəlxalq Bankın Müşahidə Şurasının sədri həmişə maliyyə nazirinin birinci müavini olur. Bu gün də belədir. Bu, səhmlərin nəzarəti dövlətin əlində olduğuna görə belədir. Ən azından Müşahidə Şurasına qanunvericiliklə bank hesabat verməli idi və Müşahidə Şurası bankın apardığı əməliyyatlara nəzarət etməli idi. Beynəlxalq bankda qeyri-qanuni xərcləmələr olub və artıq bu, məlumdur. Bununla bağlı istintaq da gedir. Müşahidə Şurası və onun sədrinin də burada birbaşa məsuliyyəti var. Maliyyə Nazirliyinin nəzarətetmə funksiyaları var və kifayət qədər əlində rıçaqlar var idi ki, müavini vasitəsi ilə nəzarəti həyata keçirsin. Ona görə də də ən azından bu məsələdə məsuliyyətin böyük bir hissəsi Maliyyə Nazirliyinin üzərinə düşür. Nəzarət funksiyalarını həyata keçirməyib. Buna görə də maliyyə nazirinin belə açıqlama verməsi bir növ məsuliyyəti üzərindən atması deməkdir. Çünki ən azından Müşahidə Şurası vasitəsi ilə kifayət qədər əlində alətlər var idi ki, bankın apardığı siyasətə, pul-kredit siyasətinə, verilən kreditlərin təyinatına və məqsədyönlü xərclənməsinə nəzarət edə bilərdi. Yəni burada artıq ya belə çıxır ki, Müşahidə Şurasının fəaliyyəti sırf formal xarakter daşıyır. Və heç bir müdaxilə edə bilmir. Bu da qanunvericilikdə nəzərdə tutulmuş funksiyaların yerinə yetirilməməsidir. Ya da ki, Maliyyə Nazirliyinin birbaşa müdaxilə etmək gücü olmayıb. Bu işlərə müdaxcilə edə bilmir”.
Ekspert Əkrəm Həsənov isə qeyd edib ki, Samir Şərifov Beynəlxalq Bankın Müşahidə Şurasının sədridir. Cahangir Hacıyev orada işləyəndə də belə olub: “Banklar haqqında” Qanuna görə də Müşahidə Şurasının kifayət qədər səlahiyyəti var. Bank üzərində səhmdarların kontrolunu, nəzarətini həyata keçirən məhz Müşahidə Şurasıdır. Əsas səhmdar da orada dövlətdir, 51 faiz payı var. Beynəlxalq Bankda baş verən qanunsuzluqlara, özbaşınalıqlara görə Samir Şərifovun da məsuliyyəti var. Sadəcə, araşdırmaq lazımdır ki, niyə belə olub. Ola bilsin, bir sıra banklar var ki, özəl banklardır, amma orada Müşahidə Şurasının, audit komitəsinin fəaliyyəti formaldır. Yəni əllərində real səlahiyyət yoxdur. Bu baxımdan, Samir Şərifovu başa düşürəm. Onun Müşahidə Şurasının sədri olması formal olub, baş verənlərə müdaxilə edə bilməyib. Çünki Cahangir Hacıyev buna imkan verməyib. Amma yenə də bu, o demək deyil ki, Müşahidə Şurasının heç bir məsuliyyəti yoxdur. Cahangir Hacıyev Samir Şərifova imkan verməyib ki, vəzifəsini icra etsin. Belə olan halda, Samir Şərifov o vəzifədən çıxa bilərdi. Bütün bankların üzərində bank nəzarətini həyata keçirən Mərkəzi Bankdır. Mərkəzi Bankın bu məsələlərdən xəbərsiz olması texniki cəhətdən də mümkün deyil. Çünki bütün bankların sistemləri Mərkəzi Bankın sisteminə qoşulub. Hər şeyi görürlər. Mərkəzi Bankın da həmin o fəaliyyətə görə məsuliyyəti var. Beynəlxalq Bank rəhbərliyi tabe olmadığı halda, Mərkəzi Bank rəhbərliyi vəziyyəti dövlət başçısına deməli idi”. Musavat.com

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın