Ana səhifə / Şou Biznes / Şamil Basayev Qubadlıya niyə gəlmişdi? – Foto

Şamil Basayev Qubadlıya niyə gəlmişdi? – Foto

1957–ci il sentyabrın 28-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olub. 1975-1977 illərdə Qazaxıstanda hərbi xidmət keçib. 1978-ci ildə Qubadlıda işıq idarəsində işıqçı çalışıb. 3 ay sonra usta vəzifəsinə keçib. O ərəfədə Gəncə Politexnik Texnikumuna qəbul olunub.   

Bu dəfə “Cəhbə xətti”mizdə I Qarabağ savaşının qazisi, müharibə əlili, Qubadlı Özünümüdafiə Batalyonunun komandiri olmuş Saleh İsfəndiyar oğlu Rüstəmovdur. Döyüş tarixçəsini öz dilindən eşidək:

əvvəli burada

– …Bizdə elə döyüşçü oğlanlar var idi ki! Şamil Basayev gəldi Qubadlıya, baxdı bizə, dedi ki, biz sizin kimi döyüşə bilmərik. Mənə də şərt qoymuşdular ki, öldürdüyümüz erməninin silahlarını götürəcəyik döyüşdən sonra.

Razı olmadım. Dedim, yarı böləcəyik. Çünki döyüşə bir giririk. 9 nəfər idilər. Onlar döyüşə baxdılar, dedilər, sizin uşaqlar yaxşı döyüşür. Bizlik deyil bura. Çıxıb getdilər. O vaxt İsgəndər Həmidovun yanına gəlmişdilər, o göndərmişdi. Bizim uşaqlar heç kimdən zəif deyildi. Sadəcə, rusların ikinci eşelonu – tankla və digər texnika ilə bizi qırırdı. Özü də içimizdəki xainlərin əli ilə. Onların kəşfiyyatına xəbər gedirdi ki, sabah 4 batalyon, hərəsi də 50 nəfər heyətlə Suarasına hücuma keçəcək.  Onlar artıq bizim 200 nəfəri 400 nəfərlə qarşılayırdılar. Üstəlik, bütün silahları ilə. Bütün əməliyyatlar belə olurdu. Ağdamda, – karyer deyirdilər, – yarğanda bizi saldılar üzümlüyə. Onlar isə yüksəklikdən quraşdırılmış pulemyotla vururdular. Nə qədər dedim ki, komandir, belə hücum olmaz. Artilleriyanı işə sal, biz çıxaq. Dedi, artilleriya işləmir, əsgərləri ver qabağa. Əsgər onsuz da qırılır da.

İndi deyə bilmərəm, amma o vaxt bizimkilər rusa çox güclü işləyirdilər. Ona görə də bizim heç bir əməliyyatımız güclü alınmırdı. Heç bir regionumuzda.

Savaşda bayramlar

Mən sizə deyim, İsmayıl Qurbanında qurban da kəsirdik. Özü də hər yerdə yox. Bu, Fizulidə və Horadizdə oldu. Bizə bir türk qadın gəlib çıxmışdı. Deyirdi, siz mənim qardaşlarımsınız. Hamımız da ona bacı kimi davranırdıq. Heç kimin də haqqı yox idi ona nəsə artıq söz desin. Əsgərlərin yeməyini bişirirdi. Deyirdi, mənim əziyyətim o olsun ki, bilim azərbaycanlı qardaşlarımın yeməyini mən bişirirəm. O gedib İsmayıl qurbanına iki heyvan alıb gətirmişdi. Qurbanlıq kəsdi, payladı bu uşaqlara. Bütün postlara. Bayramlarda Bakıdan yaxşı dostlar hədiyyə gətirərdilər. Əsgərlərə yaxşı yemək bişirilərdi. İçkiyə yol verməməyə çalışırdıq. Amma qabağını da almaq olmurdu. Xəlvət içən içirdi. Çox da ciddiyə getməsək də, cəzalandırırdıq. Cəzalandıranda da çox saxlaya bilmirdik. Əsgər çatışmazlığı var idi. Ondan əlavə də müharibədə nizamsızlıq hər yerdə olur. Qarşısını tam almaq mümkün deyil. Bir dəfə biləsuvarlı bir əsgər içib univermağı dağıtmışdı. Tutub aparmışdım kameraya. Amma onlar güzəştə gedilən şeylərdir. O, ana-bacısını qoyub gəlib bu dağlarda ölməyə. Neyləməliydik. Bir gün içib keflənib deyə, onu öldürmək, söymək düzgün deyil axı.

 

Aslanlar

Rahilə adlı qız elə Həsən Qorxmazın yanında öldü. “Sərçə” dediyimiz Nahidə adlı qız var idi. Sonuna kimi bizimlə döyüşüb. Qubadlıdan Tahirə xanım, Dilşad xanım tibb işçiləri idilər. Uşaqlarla döyüşə gedirdilər qorxmadan. Bayramlarda zabitlər mütləq nəsə hədiyyə edirdilər onlara. Onlar bizim qızımız, bacımız idi. Ən əsas da çiyin-çiyinə döyüşdüyümüz əsgər yoldaşlarımız idi. Bizimlə döyüşə gedirdilər. Heç vaxt geridə qalmazdılar. Güllətutmaz yerdə saxlasaq da, döyüş meydanında bizimlə olurdular. Əhədin yoldaşı İlhamə var idi. O da tibb məntəqəsində işləyirdi. Tibb texnikumunu bitirmişdilər deyə, işlərini də bacarırdılar. Əvvəl Bakıdan gəlmişdilər. Sonra könüllülər gedəndə onlar da getdilər. Sumqayıtdan Gülnarə adlı bir bağça müdirəsi, Goranboydan bir qız var idi. Atası gəldi apardı. İnstitutdan qaçıb gəlmişdi.

Son döyüş

Ən son döyüşüm ermənilər 30 avqustda bizim kəndə gecə saat üçün yarısı girəndə olub. Məni başqa kənddən gələndə ruslar vura bilərdi. Amma buraxdılar. Balasoltanlı kəndi var orda. Camaatı, mülki adamları  yığdım maşına, ordan qaçırtdım. Sürücü götürmürdü. Qabağını kəsdim, qaytardım yığdım. Çıxdım ordan Qubadlıya gəldim. Namazov mənə göstərdi ki, Saleh, görürsən erməni tankıdır. Dedim, görürəm. Qabağımı kəsmişdilər. Fakt isə budur ki, ruslar orda məni vura bilərdilər. Amma vurmadılar. Mən öz kəndimizə gəldim. Silahı götürəndə mənim maşınımın qabağını vurdular. Uşaqlar dedi ki, Valeh müəllim abidənin qabağında iki erməni vurub. Meyitini götürə bilmirlər. Valeh mənim böyük qardaşımdı. Orda 6 qardaş, dayım oğlu, dostlarım – hamımız günortadan gecə saat 2-yə qədər döyüşdük. Aramız 50-60 metr idi…

Başımıza pul qoymuşdular

Abidənin arxasını onlar götürmüşdü. Biz də hasarın arxasında idik. Onların məlumatına görə 3 gün ərzində 37 erməni öldürülmüşdü. Girovlar da məlumat vermişdilər ki, orda 37 nəfər öldürüblər. Valehlə məni də məxsusi öldürmək üçün axtarırdılar. Başımıza pul qoymuşdular. Ordan gələn girov bizim dostumuz idi. Kərəm müəllim dedi ki, sizdən danışırdılar ancaq. Onları tutmaq lazımdır deyirdilər. Mən gecə saat ikidə bildim ki, kəndin ayağından girib bizi girov götürə bilərlər. Valehə dedim ki, çayı adlayaq o taya. Razılaşmadı. Mən inad etdim. Məcburi o taya keçirtdim. Səhər qayıdıb yenə o mövqeni götürdük. Həmin günü də döyüş getdi orda. İkimərtəbəli evin damından Ağakişioğlu Əli kişi pulemyotla onları vururdu. O evi tankla vurdular. Mən də o həyətin hasarının üstündən atırdım. Hamımız ordaydıq. Ev çökdü. Mən orda çığırdığım kimi bir də ömrüm boyu elə səs çıxarda bilmərəm. Elə bilirəm bütün kənd eşitdi onu. Valeh ordan ikinci mərtəbənin damından gəlib birinci mərtəbəyə düşdü. Yanımızdakı uşaqlar qaçdılar. Mən yüyürüb girdim. Valeh taxtaların altından səsləndi ki, qorxma ölməmişəm. Çıxartdıq, gəldik hasarın arxasından atışmağa başladıq. Valeh hirslənib dəmir darvazadan çıxdı. Pulemyotla ardıcıl atəş açanda mən çıxıb Valehin təpiklə sinəsindən vurdum. Valeh yıxılmağıyla TŞK 9 deşik açdı darvazada. Mənə eləcə onu dedi ki, Saşa, sənin başına dönüm. Süründük keçdik içəri.

 

Başını kəsib taxıblar tankın lüləsinə…

Üçüncü günü dedim ki, bax sən qumbaranı atdın orda partladılar. Çığırtını da eşitdik. Onlar da atsa, altımız da öləcəyik. Bu uşaqlardan birini göndərək, qız–gəlindən xəbərimiz yoxdur. Onları yoxlasınlar. Mən özüm kəndə girəndə birinci qardaşımın evini yoxlamışdım. Qardaşım kolxoz sədri idi. Gördüm heç kim yoxdur. Yoldaşım, anamgil də yox idi. Evdən heç nə götürməmişdilər. Mən qızıllar olan qabı sürücü ilə göndərdim ki, apar tap nənəmgilə ver. Mən ya burda öləcəm, ya da bir yolun tapıb gələcəm. 3 gün döyüşəndən sonra İcra Hakimiyyətində şöbə müdiri olan qardaşım Cavanşir özündə iki maqazin saxlayıb qalan 6 maqazini mənə verdi. Dedi ki, mən gedirəm qız-gəlini tapım, gəlib xəbər verəcəm. Gedir Zəngilanın Məmmədbəyli dairəsinə, heç kimi tapmır. Heç demə, ailə-uşaq, anamgil də gedib yığışıblar Dalğalı kəndində dostum var, onlara. Burda OMON uşaqları gəlib deyirlər ki, Valehlə Salehi öldürüb ermənilər. Salehin də başını kəsib taxıblar tankın lüləsinə. Kəndin içində gəzdirirlər. O sözü deyən adamı 23 ildir axtarıram. Heç kim boyun almır. 7 qardaşdan altısı döyüşürdük.

Nə ölüsünü tapa bilirik, nə dirisini

Cavanşir ağlayır. Mahruzlu kəndindən Bəhruz adlı bir oğlan avtomat istəyir ki, Cavanşirə qoşulub gəlsin bizi tapmağa. Cavanşirdə bir maqazin qalıbmış. Bəhruza avtomat da verən olmur. Piyada gəlib çıxırlar Xanlığın aşağısındakı Mahrızlı kəndinə. Ordan avtomatı olmadığına görə Cavanşirdən ayrılıb qayıdır. Cavanşir düşür yoncalıqla gələndə sahədə vururlar qalır, ya necəsə yaralı qalır, yoxa çıxır. 3 gündən sonra bir kəndçimiz gəldi ki, deyirlər, Cavanşir itib axı, yoxdur. Dedim, Cavanşiri iki gün bundan əvvəl göndərmişik ailə-uşağın dalınca. Dedi, yox ey, o sizin dalınızca qayıdıb, yoxdur. Təşvişə düşdük. Çəkildik Qaralar kəndinə gəldik. Notarius Həsən müəllimin evində qaldıq. 10-12 əsgərimi tapdım, yerləşdirdim ora. Qardaşlarımla bir yerdə yerləşdik o evə. Gecələr saat 12-dən sonra gəlib öz kəndimizdə qardaşımızın meyitini axtarırdıq. Düz Zəngilan gedənə kimi qardaşımızın meyitini axtardıq. Hələ də nə ölüsünü tapa bilirik, nə dirisini.

Mülki həyata alışmaq

Mənimçün bir neçə il çətin oldu. Yəhudi dostum var idi. Kömək elədi Dubaydan mal gətirdim. Aeroportun qabağında bazar var idi. Orda başladım işləməyə. Sonra da bir neçə dəfə başqa işlərə getdim, gördüm yox, qiymət verən yoxdur. Ukraynadan gələndə 90 min pul gətirmişdim. Hamısını silaha verdik. Maqazini iyirmi manata alırdıq. Allahverdi Bağırovla patron alırdıq dənəsi 1 manata. Patronları Əsgərandan rus əsgərlərindən alırdılar. Allahverdi Bağırovun hörməti çox böyük idi. Onun sözünü heç kim iki edə bilmirdi. 2-3 min pul aparırdım. 5-10 min patron alıb verirdi. Öz cibindən verirdi. Çox mərd oğlan idi. Allah ona qəni-qəni rəhmət eləsin. Onun kimi oğul Azərbaycanda 5-10 nəfər idi. O idi, Fred Asif, Arif Paşayev, Fəxrəddin Səfərov, Əliyar Əliyev idi.

Ən dəhşətli ölümlər

Tank mərmisi Məşədi Rəhimin ürəyini parçalamışdı. Bir uşaq da var idi, Sumqayıtdan. Güllə qarnını deşmişdi. Çöp taxdım qarnına ki, qan içəri axmasın. Bir dostumu Qradla vurdular maşında. Yanıb kül oldu. Çardaqlı kəndindən Arif adında oğlan idi. Tanrı bütün şəhidlərimizə rəhmət eləsin…

– See more at: http://axar.az/news/67508#ad-image-0

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın