Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Salam Sarvan: “Hakimiyyətə yarınmaq fikrim olsaydı…”

Salam Sarvan: “Hakimiyyətə yarınmaq fikrim olsaydı…”

Tanınmış şair, yazıçı Salam Sarvan “Yeni Müsavat”a müsahibə verib. Daha çox sevgi şeirləri ilə tanınan şair müsahibəsində son vaxtlar sosial şəbəkələrdə yaradıcılıqdan kənar siyasi, tənqidi, müzakirələrə səbəb olan statusları ilə gündəmə gəlməyindən, iqtidar yönümlü partiyaya üzv olmaq üçün etdiyi çağırışdan və digər məsələlərdən söz açıb.

Müsahibəni təqdim edirik:

Salam bəy, hazırda harada işləyirsiniz?

Heç yerdə. Hələ iş axtarıram.

Bir müddət əvvəl gözlənilmədən baş redaktoru olduğunuz saytı tərk etdiniz, ondan əvvəl də müxtəlif iş yerləri dəyişmisiz. Səbəb nədir, niyə bir yerdə qərarlaşa bilmirsiz?

Yox, saytı tərk etmədim, sadəcə, həmin ədəbiyyat saytı fəaliyyətini dayandırdı. Siz deyən kimi, çoxlu iş yerləri də dəyişməmişəm heç. Son on beş ildə təkcə bir yerdən öz ərizəmlə çıxmışam. Maaş çox az idi orda, vaxt sərf etməyə dəymirdi.

Təxminən 3 il qabaq özünüzü sosial şəbəkələrdən təcrid etmişdiz. Lakin yenidən gəlişinizdə müzakirələrə səbəb olan statuslar yazırsınız…

Əslində, yazdığımız statusların müzakirələr yaratması təbiidir. Nədən ki, Azərbaycanın bütün mənzərəsi facebookdadır. Siyasətə, dinə, ədəbiyyata, mental dəyərlərə münasibəti fərqli olan hər düşüncədə adam var burda. Ona görə də bəzi yanaşmalarımız hamının xoşuna gəlmir, gələ də bilməz. Hər kəs öz mövqeyindən, təfəkkür tərzindən, hətta bəzən təmsil elədiyi çevrənin maraqlarından yanaşır o statuslara və məsələ böyüyür. Təəssüf ki, sosial şəbəkələrdə fərqli fikrə dözüm problemi var. Amma neyləməli, buna görə qələmi qırağa da qoymaq olmaz.

Sosial şəbəkələrdən söz düşmüşkən, son statuslarınızın birində müxalifətin hakimiyyət uğrunda mübarizədə dindarlardan istifadə etməsini tənqid etmişdiz…

Hə, yazmışdım ki, “siz elə bilirsiz hakimiyyət uğrunda mübarizədə dindarlardan istifadə edib, sonra dünyəvi dövlətçilik quracaqsınız, dindarları aldada biləcəksinizmi?” Düzü, internetdə həmin mitinqlərdən görüntülərə baxanda təəccübləndim. Mən ateist deyiləm, nəslimizdə namaz qılıb oruc tutan xeyli adam var. Bu başqa məsələdir. Amma dünyanın harasına baxsan görürsən ki, dini təşkilatlanma, dinin siyasətə qatılması faciələr yaradır. İndi dünyadakı münaqişə ocaqlarının əksəriyyəti dini radikallıq üzərində dayanıb.

Deyə bilərlər ki, dindarlar da vətəndaşdırlar, onlar bu mitinqlərdə vətəndaş kimi iştirak edirlər.

Belə səthi məntiq oyunları alt qatlardakı mahiyyəti dəyişmir axı. Hər halda, o mitinqlərdə dindarlara xitabən verilən vədlər, çıxışçıların leksikonunun, az qala, salavat yönünə dəyişməsi, dini intonasiyada səslənən şüarlar düşündürücü idi. Nə olsun ki, mitinqin rəhbərləri xüsusi vurğulayırlar ki, biz dünyəvi dövlət tərəfdarıyıq?! Bir ölkənin konstitusiyası sekulyar əsaslarda ola bilər, amma o ölkənin hakimiyyətinin, ya da müxalifətinin başında olanların topluma qabarıq dini mesajlar ötürməsi kifayətdir ki, cəmiyyət “çadralanmağa” başlasın. Bunu dünyəvi quruluşunu elan etmiş bəzi ölkələrin təcrübəsində aydın görürük. Yəni sekulyarlıq məsələsi təkcə dövlətin “dünyəvi” elan olunması ilə həll olunmur, bu həm də özünü ölkənin yaşam tərzində göstərməlidir.

– Ötən ay YAP-a üzv olmaq istəmişdiniz. Birdən-birə niyə bu qərara gəldiniz, nə baş verdi?

Əslində, özümü siyasət adamı saymıram. Belə baxanda ən ideal partiya da şair üçün haradasa çərçivədir. Hərçənd bu, həlledici məqam deyil, çünki onsuz da cəmiyyət çərçivəsinin içindəyik. Bəs niyə mən bu qəfil bəyanatı verdim? YAP-a keçmək istəyimi mətbuatda müzakirə açmadan reallaşdıra bilməzdimmi? Bilərdim. Yox əgər belə düşünənlər varsa ki, mən bunu hakimiyyətə yarınmaqçün ictimailəşdirmişəm, bu da cəfəngiyyatdır. Hakimiyyətə yarınmaq fikrim olsaydı, bunu YAP-a daxil olmadan edə bilməzdimmi?! Edə bilərdim. Əlli yaşım var, bu vaxta qədər qapı döyməmişəm, bundan sonrakı 10-15 il ömrü birtəhər başa vurmağa nə var ki?! Yəni içimdən məni bu qərara gətirən hiss tamam başqaydı və bunu mətbuata açıq demişəm.

Mümkünsə, bizə də deyin…

50 yaşın tamamında yazdığım bir statusun yanlış anlaşılmasına görə gözləmədiyim aqressiyayla qarşılaşdım. Əksəri də müxalif partiyaların adamları idi. Bu, məni ciddi düşünməyə vadar elədi. Mən ayrı-ayrı vaxtlarda hökumətin fəaliyyətindəki problemlər barədə tənqidi yazılar yazmışam, amma bu hökumət bircə dəfə də olsun mənə qarşı aqressiya göstərməyib. Amma bunlar yanlış anladıqları bir statusuma görə az qala, asacaqdılar… Yazı adamı üçün önəmli olan ifadə azadlığıdır, azad sözə münasibət məsələsidir. Elə sizin qəzetdə, “Azadlıq” qəzetində neçə illərdir ki, hər gün hakimiyyət əleyhinə yazan köşə yazarları var, hökumət onların hansına nə deyib? Yəni belə çıxırdı ki, Yeni Azərbaycan Partiyası sözə qarşı daha tolerantdır və mən söz adamı olaraq, əslində, daha tolerant mühitdə olmalıyam. Ümumən, ifadə azadlığı təkcə siyasi mövzuda azad danışmaq fürsəti deyil, bütün sahələrə aid fərqli fikir bildirmək rahatlığıdır. Elə bu mənada da hökumətin mətbuat aurası daha cəlbedicidir. Nə isə… Bu müqayisədən daha geniş təhlillərə yol açıldı, hakimiyyət-cəmiyyət-şair üçbucağında başqa detalları da özüm üçün çözməyə çalışdım. Məlum oldu ki, indiyədək xeyli məqamlarda qramlarla yox, pudlarla düşünürmüşəm. Bəs bu müqayisəni niyə ictimailəşdirdim? Sadəcə, mövzuya başqalarının da diqqətini yönəltmək istədim, ki, gəlin söhbət edək, bəlkə küyə gedirik, bəlkə biz hakimiyyət-cəmiyyət məsələlərinə yanaşmada xeyli reallıqları, xeyli incəlikləri nəzərə almırıq? Bəlkə biz “müxalifətdə olmaq qəhrəmanlıqdır” kompleksinə düşdüyümüzdən çox məsələlərdə obyektiv ola bilmirik? Bəlkə müxalif baxışlarımızın hədəfi kimi yalnız hakimiyyəti seçməkdə yanılırıq? Bəlkə, “hər şeyə görə məsuliyyət hakimiyyətin boynundadır” tezisi Azərbaycan reallıqlarında səhvdir? Məndə belə qənaət yarandı: səhvimiz ordadır ki, bütün nəzərlərimizi təkcə hakimiyyətin üzərində cəmləmişik. Belə bir pozada dayanmışıq ki, ondan ancaq zərər gözləyirik və sanki bütün zərərləri təkcə ondan gözləyirik. Bu halda toplumun özünün, toplumun başqa təşkilatlanmış kəsimlərinin dünyagörüşündən gələsi təhlükələr nəzarətsiz qalıb. Bir dönüb oralara da baxmaq lazımdır.

Bu düşüncələrinizi ictimailəşdirməyin bir effekti oldumu?

Əlbəttə. Məsələn, bu haqda müsahibələrim düşüncə adamlarını mövzuya təzədən qaytardı. Xeyli məqamlarda haqlı olduğumu bildirdilər. Məlum oldu ki, komplekslərimiz var, yarınmaqda ittiham olunmaq qorxusundan hakimiyyətin yaxşı əməllərini görməzdən gəlirik. Bilirsiz, hansı psixoloji durum yaranıb? Hətta bəziləri çayxanada-zadda bir-birinin qarşısında hakimiyyət əleyhinə hansı sərtlikdə tənqid yazmaqlarıyla öyünürlər. Mahiyyət qalıb bir tərəfdə, “qəhrəman-qəhrəman” oynayırlar. Çünki toplum həmişə tələbkardır, Nəsimi ona yalnız dabanından soyulduğu vəziyyətdə maraqlıdır. Toplum istərdi ki, onun yazıçısı bütün hallarda onun yanında olsun. Amma bu, absurddur axı. Mən yalnız xalqın dolanışığı mövzusunda onun yanında ola bilərəm, kim istəməz ki, camaat yaxşı yaşasın?! Qalan hallarda hamıyla bir yerdə olmağım mümkün deyil. Mən, tutaq ki, bir romanın dəyərləndirilməsində hamıyla bir fikirdə ola bilmərəm.

Deyəsən, müxalifətə aid tənqidlərinizə reaksiya da sizi narahat etmişdi…

Bu prosesdə çox şeylər mənə aydın oldu. Feysbukda da yazmışdım ki, müxalifət haqda xırdaca bir tənqid demək də artıq çox təhlükəlidir, sosial şəbəkələrdə söyüb-batırırlar, linc edirlər adamı. Məcbursan bundan sonra, Sovet senzurası dövründəki kimi, sətiraltı danışmağa keçəsən. Yəni məcbursan Azərbaycan müxalifəti haqda düşündüklərini Qazaxıstan müxalifəti haqda deyəsən. Vəziyyət, doğrudan, ağırdır. Bunu bütün müxalifət çevrəsinə aid etməyə əsasım yoxdur. Amma Milli Şuranın son mitinqlərindən sonra yazdığım bir-neçə tənqidi fikirdən sonra o düşərgənin reaksiyası məni çox qorxutdu. İndi bunların demokratiya nağıllarına necə inanasan?! Mən nə deyirəm? Məsələn, deyirəm ki, “Azadlıq” qəzeti süni gərginlik yaratmaqdan başqa heç nəyə yaramır, hər şeyi qara göstərməklə toplumun ruhunu zədələyir, düşmənçilik ovqatı aşılayır, bu cür yanaşma ziyanlıdır. Düz demirəmsə, arqumentləşdirsinlər ki, Salam haqsızdır. Amma bunların reaksiyasına baxın: “Salamın nə həddi var bu qəzetə ilişsin”. Adam başını aşağı salıb yaradıcılıqla məşğul olanda qınayırlar ki, niyə cəmiyyətdə gedən proseslərə münasibət bildirmirsən, hərdən başını qaldırıb münasibət bildirəndə isə adamın ağzından vururlar. Buyurun, münasibət bildirirəm, indiyədək beş dəfə hökuməti tənqid edən status yazmışamsa, bir dəfə də sizə aid yazmışam. Dözmürsünüz axı. Hökumət dözür, siz dözmürsünüz.

Yəni düşünürsünüz ki, mətbuatın yazdıqlarının əksinə olaraq ölkədə hər şey qaydasındadır?

Hər şey qaydasında deyil, amma hər şey, təqdim olunduğu kimi, qara da deyil. Yuvarlaq deyirəm, 20 il əvvəl ilə indini müqayisə edək. Mərhum Heydər Əliyev Azərbaycanı fəlakətin içindən çəkib çıxarıb, bu, faktdır. Prezident İlham Əliyevin dövründə xeyli inkişaf gedib, bu da faktdır. Başa düşürəm, bəzi ekspertlər analizlər aparırlar, problemləri göstərirlər. Təbii, problemlər həmişə olacaq, amma bunlar həm də təfərrüatlardır. Mənzərəni bütövlükdə dəyərləndirəndə bir qənaətə gəlirsən ki, yaranan problemləri həll edə biləcək yeganə adam da məhz Prezident İlham Əliyevdir. Başqa alternativ yoxdur. Başqa bütün variantlarda Azərbaycanı sarsıntılar gözləyir. Daim “Qərbin dəstəyi” illüziyası yaradırlar ki, bu gün-sabah hakimiyyətə gəlirik… Absurddur. Biz gördüyümüzü Qərb görmür guya? Guya Amerika görmür ki, belə aqressiv, səhərdən axşamacan bir-biri ilə dalaşan adamları iş başına gətirsə, uzağı bir ildən sonra xalq yenidən YAP-ı hakimiyyətə çağıracaq?! Sadəcə, iri dövlətlər öz maraqları naminə balaca ölkələrin hakimiyyətlərinə təzyiq etmək üçün həmişə müxalif rıçaqlar axtarışındadır. Bu təzyiq qarşısında hakimiyyətlərin güzəştlərə getməyə məcbur olması nəticədə xalqların ziyanına olur. Yəni ölkədə süni gərginlik yaratmaq cəhdlərindən başqa ortada heç nə yoxdur, heç nə olmayacaq. Yalnız saxta demokratiya tələbləri, vəssalam. Bir şeyi də açıq demək istəyirəm. Bu ideal demokratiya pafosunu özümüz də bir qırağa qoysaq yaxşı olar. İdeal demokratiya bir Şərq ölkəsində ancaq arzuolunmaz fəsadlar verə bilər. Guya bilmirik ki, hansı fəlsəfə, hansı təfəkkür coğrafiyasında yaşayırıq?! Belə coğrafiyada ən məqbulu idarə olunan, tənzimlənən demokratiyadır.

Doğrudanmı, düşünürsüz ki, müxalifətin bugünkü durumu belə acınacaqlıdır?

Mən gördüyümü deyirəm. Görürəm ki, müxalifətin böyük bir dairəsi aqressivdir, qəzəblidir. Sanki yaxşı cəmiyyət uğrunda yox, yalnız hakimiyyət uğrunda mübarizə aparır. Çünki yaxşı cəmiyyət uğrunda mübarizədə xeyli faydalı mesajları müxalifətdə olaraq da vermək mümkündür: təfəkkür, dünyagörüş, maarifçi davranış və sair baxımından. Hakimiyyət uğrunda mübarizə normal haldır. Amma bu qəzəb yəqin ki, itirilmiş hakimiyyət uğrunda mübarizənin fəlsəfəsindən doğur. Bu halda “nəyin bahasına olur-olsun” prinsipi önə keçir. Görürəm ki, bu qəzəbli adamlar demokratiya şüarlarında səmimi deyil, çünki tənqidə, fərqli fikrə dözümsüzdürlər. Görürəm ki, xalqın sosial vəziyyəti barədə vədləri konyukturadır. Son prezident seçkilərində maaşları üç dəfə artıracaqları barədə real olmayan vədləri verərkən camaatla hansı dildə danışırdılar, mən anlamadım. Dünyəviliyə baxışları da aydın deyil, hətta deyərdim, aqressiv müxalifətin elitası xurafata meyillidir. Gələcək sabitlik üçün də adamda tərəddüd yaradırlar, çünki qisasçılıqları açıq-aşkar hiss olunur.

“Getmək lazımdır, şair: buranın adamları təkcə şəkil çəkdirəndə dayanırlar qol-boyun…” Şair, düşünürsünüz ki, Azərbaycandan getsəniz, arzuladığınız cəmiyyətə qovuşa biləcəksiniz?

Əslində, o şeirdə söhbət yaşadığın coğrafiyanı dəyişməkdən getmir. Metafizik düşüncələrdir. Amma konkretliyə qalsa, arzuladığım cəmiyyət ya 17-ci əsr Fransasında qaldı, ya da 20-ci əsr SSRİ-sində. Əslində, mən bütün hissiyyatımla texnoloji sıçrayışların düşməniyəm. Texnoloji sıçrayış dünyanı maraqsızlaşdırdı, bundan sonra biz hər yerdə darıxacağıq. İndi dünyanın hər yerində insanlar kənarda dayanıb özlərinin yaratdıqları əyşaların ünsiyyətinə tamaşa edirlər.

Şeirlərinizə mahnılar yazılıb?

Demək olar ki, yox. Marağında olmamışam.

Sizcə, 50 yaşdan sonra həyatınızda nəyi dəyişə biləcəksiz?

Həyatımda heç nəyi radikal dəyişməyə ehtiyac yoxdur. Sadəcə, rahat olmaq istəyirəm. İçimdəki cəmiyyətdəngəlmə gərginlikdən xilas olmaq istəyirəm… “

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın