Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Şahim Zəkizadənin həyat yoldaşı Azərbaycandan gedir: “MƏNƏ UĞUR ARZULAYIN!”

Şahim Zəkizadənin həyat yoldaşı Azərbaycandan gedir: “MƏNƏ UĞUR ARZULAYIN!”

Mərhum rejissor Şahin Zəkizadənin vaxtsız ölümü ailəsini, doğmalarını sarsıtdı. Bu itkinin ən ağır cəzasını isə rejissorun həyat yoldaşı Səbinə Zəkizadə çəkdi. Kiçik körpəsi ilə dünyası bir gündə dağılan Səbinə Zəkizadəyə Şahin rəhmətə gedəndə təsəlli verməyə çalışanlar, onu tək qoymayacağını vəd edənlər çox oldu. Amma deyəsən, bunlar elə isti-isti, təsəlli ilə deyilən sözlər idi. Yəqin, elə bu səbəbdən də mərhum rejissorun həyat yoldaşı sitəm edərək Bakını tərk edir. Səbinə Zəkizadə Azərbaycandan getməzdən əvvəl, bu barədə sosial mediada paylaşım edib. Rejissorun həyat yoldaşının paylaşımı yetərincə diqqət çəkib. Şəxsi profilində bu sözlərlə “instaqram” izləyicilərinə müracət edən Səbinə Zəkizadə “Göydən 3 alma düşdü – biri sənin, biri mənim, biri də nağıl danışanın… Əli balam, bizim də nağılımız burda bitir. 
Əlvida, mənim gözəl Bakım, gözəl vətənim. Yoruldum, çox şeylərdən yoruldum, ətrafdakıların düşüncələrindən… Övladımla birlikdə hər kəsdən uzaq yaşamaq istəyirəm… Yeni həyata başlamaq lazımdır. Çox şükür, balam var, ona baxıb xoşbəxt oluram. Bir ana kimi… Amma bir qadın kimi mənim də haqqımdı xoşbəxt olmaq. Qəlbimdəki acı hər zaman mənimlədir. Nə qohum, nə bəzi dost dediklərim yanımda olmadı, lazım olan anımda… Mənim gözəl “instagram” izləyicilərim, burdan da gedirəm. Sizlərin siyahınıza bir Səbinə Zəkizadə gəldi və getdi. Təşəkkürlər. Hörmətlə… Küskünlüyünü də hiss etdirib yol üstündə olan Səbinə Zəkizadənin «Şərq»ə açıqlamasında son cümlələri təsirli və duyğusal oldu.
– Səbinə xanım, yaxşı yol demək istəyirik. Amma Azərbaycandan getməyinizə üzülənlər var…
– Allah hər kəsə kömək olsun, içində də mənimlə oğluma. Elə yaxşı yol arzulayın. Buna ehtiyacım var. Çünki bu gündən getdiyim yolda yəqin ki, çətinliklərim də olacaq, ağır yükü daşımaq məsuliyyətim də. Qaldı getməyimə üzülənlərə, Allah mənim üçün üzülənlərə də kömək olsun. Nə deyə bilərəm? Sadəcə, kimsənin qəlbini də gedərkən qırmaq istəməzdim. Yol gedirəm. Hamıdan halallıq istəyirəm. Üzərimdə haqqı olanlar, haqqını halal etsin.
Çətin bir yol. Yolum əslində çox uzundu. Çünki doğulub, böyüdüyüm, həyatımın bütün xatirələrini yaşadığım şəhəri tərk edirəm. O qədər asan deyil. Amma kimsə sözdə üzüləcəksə, üzülməsin. Bilirsiz, Şahinin ölümü mənə həyatı bir az da dərindən öyrədə bildi. Başa düşdüm ki, insan var ikən kimlər üçünsə dəyərli ola bilir. Amma yoxluğu ilə o dəyərləri də aparır. Şahinin gedişi, həyatın sərt üzünü mənə göstərmiş oldu. Amma yalandan mənim üçün üzülməyi göstərənlərə də sözüm qalmadı.
– Çox küskün gedirsiz Bakıdan…
– İstəməzdim həssas notlara köklənərək nəsə dilə gətirim. Bəlkə də küskünəm. Əgər belədirsə, bunun üçün yetərli səbəblərim var.
– Nədən bu qədər inciksiz? Kimdən bu qədər qəlbiniz qırıldı ki, getməyə qərarlı oldunuz?
– Nədən deyəndə ki, mən Allahıma hər zaman şükür edən insan olmuşam. Yəqin alın yazım idi. Bu yaş üçün bir az ağır yazıdı. Amma mənim taleyimə bu yazılıbsa, yaşamalıydım. Qaldı kimlərdən küskünəm…. Mən, sadəcə simasız insanlarla ünsiyyətdən yoruldum, mən yalançı dostlarla bir arada olmaqdan usandım.
– Şahindən sonra tək qaldınız? Yəni dostlardan, qohumlardan umduğunuz diqqəti görə bilmədiniz?
– Təbii ki, Şahin gedərkən məni tək qoydu. Bu vəhşi, acımasız həyatda canavarların, qurdların içində tək qalmaq ağır gəldi. Əslində, həyat mücadilədir və sən bu mücadilədə yaşamaq üçün vuruşmalısan. Mən bunu dərk edəcək qədər zəkaya sahibəm. Sadəcə, insan fərqli bir varlıqdı. Bəzən elə məqamlar olur ki, həyat səni sınağa çəkir, sən həssaslıqdan zəifləşə bilirsən. Bəzən xatirələr səni üzür, bəzən sevindirir. Amma istənilən halda həyatın dağılıbsa, sən bir müddət belə olsa, zəifləyə bilirsən, taqətdən düşürsən. Bu vaxtlar bəli, səni sevən insanların dəstəyinə ehtiyac hiss edirsən. Təmənnasız, heç bir qarşılıq ummadan sənin yanında olan insanlara ehtiyacın olur.
Və sən onları yanında görmürsən. Bu zaman zəifliyinə güc gəlməyə məcbur qalırsan. Çünki təksən, yaşamalısan, hələ anasansa, sənin çökməyə qətiyyən ixtiyarın yoxdu. Çünki sənin ana kimi övladın üzərində məsuliyyətin var. Bax onda içindəki daha güclü bir varlıq ayağa qalxıb səni tərpədə bilir. Ona canavar da deyə bilirsən, ona ikinci mən də deyirlər. Məni tərpədən, məni ayağa qalxıb, yenidən həyatla vuruşmağa məcbur edən məqamlar oldu. Mən oğlum Əli üçün həyatımda yeni səhifə açmalı idim. Buna məcburam. Yalanlardan yoruldum. Yalançı insanlardan uzaq olmağa ehtiyacım var idi. Ona görə də gedirəm.
– Başqa ölkədə həyata yenidən başlamaq çətin olmaycaq?
– Həyat elə başlanandan sona qədər çətin deyilmi? Bilirəm ki, çətin olacaq. Amma bir nöqtədə yenidən başlamaq lazımdı. Oğlum üçün yaşamağa, yenidən həyatıma düzən verməyə məcburam. Azərbaycanda tək qadının yaşaması o qədər çətindir ki…
– Yenidən ailə qurmağı necə düşünürsüz? Gənc, gözəl xanımsız.
– Allah təkliyi sevməz. Təbii ki, qadınam, mənim də xoşbəxt olmağa haqqım var. Mən anayam, məsuliyyətlərim var. Amma eyni zamanda mən qadınam. Qayğıya, sevgiyə hər qadının ehtiyacı var. Qismət olsa, niyə ailə qurmayım ki? Yenidən ailə qura bilərəm. Bizdə dul qadınlara münasibət də fərqlidir. Sanki həyat yoldaşı ölən qadını da onunla bir yerdə basdırmaq düşüncəsi ilə yaşayanlar var, təəssüf. Bəli, mən Şahini sevmişəm. O sevgi mənim xatirələrimdə yer alıb. O mənim həyatımın silinməyən səhifəsidir. Onun yoxluğunu, onu itirmək acısını da, mən tək yaşayıram. Amma eyni zamanda həyatımı davam etməyə də məcburam. Ona görə də xəstə düşüncəli insanlardan uzaq olmaq, həyatımda yeni səhifə açmaq üçün Bakıdan getdim. Qalanlara Allah kömək olsun!

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …