Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Sabiq hərbi komissar generaldan şikayətçidir

Sabiq hərbi komissar generaldan şikayətçidir

Ağa Fəttahov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisini qərəzli olmaqda suçlayır

 
Uzun illər hərbi komissarlıq sistemində çalışmış Ağa Fəttahov “Yeni Müsavat”a müraciət edib. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) idarəçilik böhranının yaşandığını iddia edərək həyəcan təbili çalır. 
A.Fəttahov deyir ki, idarənin rəisi, general-leytenant Arzu Rəhimov səriştəli və böyük potensiala malik kadrları xidmətdən uzaqlaşdırır: “Prezidentin 13 fevral 2012-ci il tarixli sərəncamı ilə SHXÇDX-nin rəisi təyin edilən Arzu Rəhimov bir həftə sonra qalmaqallı müşavirə keçirdi və bu müşavirədə SHXÇDX-nin 20-dək idarə rəisi vəzifəsindən azad olundu.
Həmin müşavirədə təqaüdə göndərilənlərdən biri də mən oldum. Mən də daxil, həmin şəxslərin bir çoxu Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçıları, yəni müharibə dövrü üçün əvəzolunmaz peşəkar zabitlər idik.
 
1. Polkovnik-leytenant Sərkərov Səftər – Əfqanıstan və Qarabağ müharibəsi veteranı.
2. Polkovnik-leytenant Hüseynov Rövşən – Əfqanıstan və Qarabağ müharibəsi veteranı.
3. Polkovnik-leyntenant Akif Muradov – Qarabağ müharibəsi veteranı.
4. Polkovnik-leytenant Şahin Rəsulov.
5. Polkovnik-leytenant Şikar Məmiyev.
6. Polkovnik-leytenant Sərdar Həsənov.
7. Polkovnik-leytenant Rza Rüstəmov.
A.Rəhimov kadr repressiyasını Aslan Aslanovun (kənd təsərrüfatı nazirinin sabiq müavini-E.M) kadrlarından təmizləmə kimi təqdim etsə də, gerçək səbəblər tam başqadır”.
A.Fəttahov deyir ki, A.Rəhimov təqaüdə göndərdiyi peşəkar zabitləri bundan az öncə aldadıb: “SHXÇDX yaranarkən və Arzu Rəhimov bu posta təyin olunarkən bir çox peşəkar zabitlər narazı qaldı. Hərbi çağırışın Müdafiə Nazirliyinin nəzarətindən çıxarılması haqda Ali Baş Komandana verilən təklif yerində deyildi. Çünki bütün hallarda çağırış hərbi nazirliyin fəaliyyətinin bir hissəsi olmalıdır. Müharibə vəziyyətində olan ölkə üçün isə bu, xüsusən zəruridir. Səbəbin hansı amillərlə bağlı olduğu haqda danışmaq istəmirəm, amma biz döyüş yolu keçmiş peşəkar zabitlər kimi bir çoxumuz Müdafiə Nazirliyində xidmətimizi davam etdirmək istəyirdik. Həmin vaxt Arzu Rəhimov bizə müraciət etdi, birgə işləmək istəyində olduğunu bildirdi. Dedi ki, hər kəsin vəzifəsi saxlanacaq və vaxtında rütbəsi veriləcək. Nəticə isə budur. Xidmət rəisi faktiki bizi aldatdı. Rütbələrimiz verilmədi, bizdən qat-qat yaşlı şəxslər işində saxlanılsa da, bizi təqaüdə göndərdilər”.
A.Fəttahov A.Rəhimovu regionçuluqda suçladı: “Rəis təyin olunduqdan 20 gün sonra rayon şöbələrinə təlimat verildi ki, hər bir idarə rəisi yenidən tərcümeyi-halını yazıb göndərsin və bu tərcümeyi-halda mütləq atalarının harada anadan olduğunu göstərsinlər. Mən hərbi xidmət dövrümdə belə anormal bir təlimat görməmişdim. Bu, zabitin atasının harada anadan olmasını kəndin adına qədər müəyyənləşdirilərək onun əslən hansı bölgədən olduğunu bilməkdən başqa heç nəyə xidmət etmir. Bu, peşəkarlıq və zabit şərəfi üçün yaraşmayan bir haldır”.
 
Ağa Fəttahov SHXÇDX-dəki müəmmalı vəzifəyə təyin olunmalar haqda da danışıb: “Bizimlə bərabər Aydın Namazovu da heç bir səbəb olmadan SHXÇDX Qəbələ rayon şöbəsindən azad etdi və onun əvəzinə öz adamı təyin olundu. Bu təyinatda Arzu Rəhimovun Qəbələdə istirahət etməsi mühüm rol oynamışdı. Arzu Rəhimov orada istirahəti çox sevir. Bizim bir çoxumuz yaş faktoruna görə təqaüdə göndərilmişik. Amma yaşı bizdən də çox olan bir çox şəxslər yenidən vəzifəyə qaytarılıb. Yaxın qohumu mayor Rəşad Kazımov xidməti uyğunsuzluqla Müdafiə Nazirliyindən tərxis olunsa da, sonradan Səfərbərlik Xidmətinə, özü də Baş İdarəyə işə götürülüb. Sərhəd Xidmətindən xidməti uyğunsuzluğa görə tərxis olunan mayor Mədət Abbasquliyev də Baş İdarəyə işə götürülüb”.
 
Ağa Fəttahov deyir ki, Arzu Rəhimov istədiyi şəxsi Səfərbərlik Xidmətindən qurumun  Daxili Təhqiqat İdarəsinin rəisi Yunis Əsgərlinin vasitəsilə uzaqlaşdırır: “Arzu Rəhimov özündən başqa general tanımır. Əvvəl general rütbəsində olan Novruzəli Orucov neytrallaşdırıldı, daha sonra müavin Zaur Abdullayev general rütbəsi aldıqdan sonra onun səlahiyyətləri məhdudlaşdırıldı. Yunis Əsgərli reket mətbuatda yer alan yazıları, anonim zəngləri belə fakt kimi sənədləşdirərək kadrların işdən azad olunmasına zəmin yaradır. Onun gizli dinləmələri, rüşvət əməliyyatları haqda Səfərbərlik Xidmətində çox olaylar baş verib. İndi bu şəxs Azad Rəhimovun ”sağ əlidir” və necə deyərlər, onun kəsdiyi başa zaval yoxdur. Mən bir zabit kimi Səfərbərlik Xidmətində baş verənlər haqda həyəcan təbili çalıram. Ordumuzun gücünə daha da güc qatmaq üçün bu qurumla bağlı ciddi tədbirlər görülməlidir”.

 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın