Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Sənətçilərdən deputatlara müraciət: “Bu, azadlığımızın pozulmasıdır”

Sənətçilərdən deputatlara müraciət: “Bu, azadlığımızın pozulmasıdır”

Milli Məclisdə kino və teatr səhnəsində siqaretin qadağan edilməsi barədə aparılan müzakirələr sənət dünyasından da yan keçməyib. Sənətçilər sosial şəbəkədə “İmkan verin, çəkək” haştağı ilə etirazlarını bildiriblər.

Əməkdar artist Rasim Cəfər, aktyor Kamran Ağabalayev, Tural Yüzbəyov və bir sıra kino nümayəndələri aşağıdakı müraciəti yayıblar: “Kino və teatr hər şeydən əvvəl yaradıcı, ümumdünyəvi məna daşıyan və tamaşaçı ilə dərindən təmas quran incəsənət formalarıdır. Biz hər bir obrazı canlandırarkən, yazarkən və ya göstərərkən onun daxili dünyasını bütünlüklə analiz edirik, anlayırıq, sevirik və ortalığa çıxarırıq.

Bizim sənətimiz yaratdığımız obrazları tamaşaçıya ötürməkdir. Hər bir obraz özünəməxsus formada, yaşadığı dövrə və mühitə uyğun bir şəkildə bizim tərəfimizdən tamaşaçıya təqdim olunur. Təqdim edərkən biz yaradıcı gücümüzlə tam azad şəkildə, heç bir qadağa olmadan sənətlə məşğul oluruq. Əgər bir obraz siqaret çəkməlidirsə və biz hər hansısa bir qadağa ilə onu yığışdırırıqsa, deməli, saxta və yalançı bir iş görürük.

Eyni zamanda, bu, bizim yaradıcılıq azadlığımızın kobud şəkildə pozulmasıdır. Təbii olaraq siqaretin zərərləri hamıya məlumdur və bir çox ölkələrin televiziya efirlərində bunun üçün müəyyən formada qadağalar var. Ancaq bu, heç bir sivil, mədəni inkişafı olan ölkədə kinoteatrda göstərilən filmlərə və ya teatr səhnəsində oynanan tamaşalara aid ola bilməz. Çünki kino və teatr televiziya efiri deyil.

Sənətini sevən kino və teatr sənətçisi bu qadağanı qəbul edə bilməz və etməməlidir. Yazıb sizə bildiririk ki, “Kino və teatrda tütün vasitələrinin qadağası” ilə bağlı qanun yaradıcılıq azadlığımıza və sənətimizə müdaxilədir və sizə müraciətimiz budur ki, bu qanunun tətbiqini ləğv edəsiniz”.

Aktrisa Aysel Nazim saytımıza açıqlamasında deyib ki, tütün məmulatlarının tamamilə ekran işlərindən və tamaşalardan yığışdırılması absurddur: “Spirtli içkinin, tütün məmulatlarının reklamının əleyhinəyəm. Özüm bu cür vərdişlərdən uzaq olduğum üçün başqalarının da istifadəsinə razı deyiləm. Amma nə etsək, bunun qarşısını ala bilmirik, həyatda içki düşkünü, tütünlə sağlamlığına zərər verən insanlar var. Həyatda sərxoş, içki düşkünü, siqaret aludəçisi insanlar olduğu kimi, onların ekran işlərində, teatrlarda da canlandırılması normaldır. Çünki bütün bunlar həyatın əksidir. Bir çox ölkələrdə siqaret, içki səhnələri məhdudlaşdırılıb. Bizdə də buna əməl edilə bilər. Amma tamamilə yığışdırılması absurddur”.

Aktrisa Natavan Gümet deyib ki, sözügedən müzakirələrə münasibəti birmənalı deyil: “Məncə də, siqaret yığışdırılmalıdır. Serialda da məni məcbur edirlər ki, siqaret çəkim. Bir tərəfdən də təbiilik istəyirlər. Həyatda insanlar siqaret çəkirsə, filmdə də çəkə bilər. Filmə baxan insan doğru insandırsa, müsbət şeyləri götürəcək. İnsanlar filmdən hansı mənfi şeyləri götürür? İçkini, siqareti bulanıq göstərirlər. Onsuz da onu izləyən tamaşaçı bilir ki, aktyor içki içir. Su içməyəcək ki… Amma yenə də deyirəm, tütün məmulatlarının yığışdırılması məsləhətdirsə, elə də olsun”. (Musavat.com)

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …