Ana səhifə / Şou Biznes / Rüstəm İbrahimbəyovun qızı prezidentin qızının layihəsində

Rüstəm İbrahimbəyovun qızı prezidentin qızının layihəsində

Fatimə İbrahimbəyova Leyla Əliyevanın filminə çəkilib; hakimiyyətə qarşı barışmaz müxalifətdə olduğunu deyən Milli Şuranın fəxri sədrinin övladı Heydər Əliyev Fondunun projesinə necə düşüb?

 
Oktyabrın 24-də Heydər Əliyev Mərkəzində “Bakı, mən səni sevirəm” kinoalmanaxının təqdimatı keçirilib. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihə Bakı, bakılıların həyatı ilə bağlı 10 qısametrajlı filmi birləşdirir. Öncə onu vurğulayaq ki, dünyanın bir çox məşhur şəhərləri haqqında belə almanaxlar çəkilib. Ötən əsrin 90-cı illərindən başlayaraq Nyu-York, London, Paris, Roma, Moskva, Tokio, Seul, Daşkənd analoji layihələrin “baş qəhrəmanı” olub.
“Bakı, mən səni sevirəm”in bir özəlliyi almanax üzərində beynəlxalq heyətin çalışması, toplunun bədii keyfiyyətidir. Amma günümüz açısından diqqət çəkən bir başqa özəlliyi də layihə rəhbəri dövlət başçısı İlham Əliyevin qızı Leyla Əliyeva olan filmin qəhrəmanlarından birini Milli Şuranın keçmiş sədri Rüstəm İbrahimbəyovun qızı Fatimə İbrahimbəyovanın canlandırmasıdır.
Fatima İbrahimbəyova Rüstəm İbrahimbəyovla Azərbaycanın xalq artisti, Rus Dram Teatrının aktrisası Lyudmila Duxovnayanın övladıdır. Orta təhsilini Bakıda alan Fatimə Moskvada Gerasimov adına Kinematoqrafiya İnstitutunu bitirib. Maksim Polzikovla evlidir və indi Moskvada yaşayır.
Bakıda keçirilən təntənəli açılış mərasiminə layihə rəhbəri Leyla Əliyeva ilə yanaşı Azərbaycan hökumətinin bir çox nümayəndələri, diplomatik missiyaların təmsilçiləri, sənət adamları qatılıb.
“Bakı, mən səni sevirəm” layihəsi üzrə çəkilişlər 2012-ci ildə başlayıb. “Mosfilm”də istehsal olunan “Bakı, mən səni sevirəm”in əcnəbi rejissorlarından rusiyalı Yeqor Mixalkov-Konçalovskiy (o, həm də layihənin baş prodüseridir), Aleksey Qolubev, Andrey Razenkov, portuqaliyalı Andre Badalo, britaniyalı Aleksandr Fodor da açılışa gəlib. Novellalardan 4-ünü yerli rejissorlar – Nadir Maçanov, Nərgiz Bağırzadə, Yavər Rzayev, İlqar Safat çəkib.
Yerli aktyorlardan Rasim Balayev, Sənubər İsgəndərli, Ayşad Məmmədov, Laləzar Mustafayeva Məbud Məhərrəmov, Şamil Süleymanov, Bəhram Bağırzadə, Cavanşir Hadıyev, Elşən Cəbrayılov, Fuad Osmanov, Günel Məmmədovanın rol aldığı layihəyə İtaliyadan, Böyük Britaniyadan, Türkiyədən, Rusiyadan, Belorusdan, Litvadan, Özbəkistandan ünlü aktyorlar dəvət edilib. Bu sırada çağdaş dünya kinematoqrafiyasının ünlü isimlərindən Alessandro Bertoluççu, Aziya Arcento, Nadira Mürrey, Aqniya Ditkovskite də var. Kütləvi səhnələr də nəzərə alınmaqla, filmdə 150 aktyor iştirak edir.
Hələlik film kinoprakata buraxılmayıb. Layihə rəhbərləri açılış mərasimində bildiriblər ki, “Bakı, mən səni sevirəm” bir çox ölkələrdə göstəriləcək.
Fatima İbrahimbəyovanın rol aldığı “Bəhram gur” novellasının ssenari müəllifi İlqar Safat, rejissoru Andrey Rozenkovdur.
Fatimə İbrahimbəyova filmdə ikinci dəfə qurduğu ailədə sadə həyatını yaşayan gənc bakılı qadın obrazını canlandırıb. Hadisələr oğlunu axtaran “birinci ərin” peyda olmasından sonra canlanır. Gözünüzün qarşısına qısqanclıq səhnələri, dava-dalaş gəlməsin. Almanaxın ümumi ruhuna uyğun olaraq filmdəki hadisələr mədəni ortamda irəliləyir və mümkün ən yaxşı sonluqla bitir.
 
Maraqlıdır ki, layihədə iştirak edən aktyorlar qalaya tam heyətdə gəlsələr də Fatima İbrahimbəyova onların arasında görünməyib. “Yeni Müsavat”ın əldə etdiyi informasiyaya görə, aktrisa gecəyə dəvət edilib. Ancaq şəxsi işlərinə görə Moskvanı tərk edə bilməyib. Qalada onu anası Lyudmila Duxovnaya təmsil edib. 
Sosial şəbəkələrin aktiv istifadəçisi olan Fatimə İbrahimbəyovanın facebook səhifəsində də “Bakı, mən səni sevirəm” və qala haqqında heç bir informasiya, status, şəkil gözə dəymir. Yaradıcı heyət üzvləri isə deyir ki, nə filmin çəkilişi, nə də hazırlanması zamanı İbrahimbəyovanın atasının hakimiyyətlə soyuq münasibəti gündəmə gəlməyib, buna görə filmin yenidən işlənməsi ehtiyacı yaranmayıb. Hətta heyət üzvlərindən bəziləri filmin rəhbər heyətindən ölkənin siyasi həyatında baş verən olayların “Bəhram gur”un taleyinə təsiri ehtimalı haqqında soruşanda “problem yoxdur” cavabını alıblar. Qala gecəsindən sonra Leyla Əliyeva yaradıcı heyətə ziyafət verib. Heyət üzvləri əmindirlər ki, Fatimə İbrahimbəyova Bakıda olsaydı, o da qalada və ziyafətdə iştirak edəcək, yaradıcı komandanın Leyla Əliyeva ilə çəkdirdikləri “isti” fotolarından onda da olacaqdı.
Əslində bu, Azərbaycanda son illərin praktikası baxımından fərqli olaydır. Təcrübə göstərir ki, hakimiyyətə qarşı çıxan istənilən peşə sahibi Azərbaycanda normal fəaliyyət göstərə bilmir, nəinki özü, ailəsi də təqib olunur. Hakimiyyətlə uzlaşmayan, onun siyasəti ilə barışmayan nə qədər elm və sənət adamının Azərbaycanı tərk etməsi haqqında uzun danışmağa ehtiyac yoxdur. Bu gün Azərbaycanın elm və mədəniyyət mühitində professionallıqdan uzaqların at oynatması mənzərəni aydın göstərir.
Dediyimiz səbəbə görə Azərbaycanda rejim dəyişikliyi iddiasında olan bir qurumun rəhbərinin qızının hakim ailə üzvünün layihəsində yer alması çoxsaylı suallar doğurur.
Rüstəm İbrahimbəyov 2013-cü ildən bu yana Azərbaycanda olmayıb. Gah Moskvada, gah ABŞ-da, gah da Avropada yaşayan İbrahimbəyov açıq şəkildə bildirir ki, Bakıya həbs təhlükəsi olduğu üçün dönə bilmir. Milli Şura yaranan ilk vaxtlarda Respublika Prokurorluğunda kinodramaturq haqqında vergidənyayınma maddəsi ilə cinayət işi başlanıb. R.İbrahimbəyov ittihamı əsassız sayır və istintaq təqiblərinin siyasi fəaliyyəti ilə bağlı olduğunu deyir.
Milli Şura sədrinin prezidentliyə namizədliyi məsələsi gündəmə gələndə quruma daxil olan siyasi liderlər dəfələrlə onun ölkəyə gəlişini tələb etsələr də kinodramaturq həbs təhlükəsi sovuşmadığına görə bu addımı ata bilməyəcəyini bildirirdi. Daha sonra isə onun Rusiya vətəndaşı olduğu və ölkə qanunlarına görə ümumiyyətlə prezidentliyə iddia edə bilməyəcəyi ortaya çıxdı. Ölkənin siyasi müxalifətinə ciddi zaman itkisi yaşatdığına görə onun hakimiyyətlə işbirliyi haqqında iddialar səslənməyə başladı.
 
Rüstəm İbrahimbəyov uzun illər çox yaxın münasibətdə olduğu, sayəsində böyük imtiyazlar əldə etdiyi hakim ailə ilə ulduzlarının birdəfəlik küsdüyünü iddia eləsə də, faktlar göstərir ki, köhnə dostlarla körpülərin heç də hamısı yandırılmayıb. Hətta daha da “gəncləşdirilib”. 
 
“Yeni Müsavat”

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın