Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Şou Biznes / Rüfət Axundov: “Afaq Bəşirqızı efirdə hörmətsizlik etməyib”

Rüfət Axundov: “Afaq Bəşirqızı efirdə hörmətsizlik etməyib”

Xalq artisti Afaq Bəşirqızının “Elgizlə izlə” verilişində qeyri-etik ifadə işlətməsi, buna görə bir neçə saatlıq ARB TV-nin öz yayımını dayandırması gündəmin əsas qalmaqallı mövzularından birinə çevrilib. Xalq artisti sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib, tənqidlərə məruz qalıb.

Lakin bir çox sənətçi Afaq Bəşirqızının müdafiəsinə qalxaraq, öz “İnstagram” səhifəsində paylaşımlar ediblər.

Xalq artisti Brilliant Dadaşova bu barədə qeyd edib: “Deməli, xalqımıza qarşı yönəlmiş informasiya müharibəsi sürətlə davam edir. Susdurun ziyalıları, şairləri, aktyorları… O informasiya müharibəsini, gözdən salma kampaniyasını aparanlar, hökuməti, millət vəkillərini, ziyalıları və tanınmış insanları təhqir edib, hər sözdən bir qəmbərqulu çıxarıb situasiyanı istədikləri istiqamətə yönəldirlər. Xalqın, inkişafın ən aşağı pilləsində dayananlar isə özləri də bilmədən özümüzü baltalayırlar”.

Əməkdar artist Vasif Məhərrəmli isə bildirib ki, Afaq Bəşirqızına olan hücumlar kimlərsə tərəfindən hazırlanan və məqsədyönlü şəkildə atılan addımlardır: “Afaq xanım Bəşir qızı xalqa kifayət qədər bəlli olan, hər bir vəziyyətdə sözünü deyə bilən və heç vaxt kiməsə yarınmaqla hansısa bir vəzifəyə can atan bir sənət adamı olmayıb və bundan sonra da onu heç vaxt o cür görməyəcəyik. Güman edirəm, bu gün Afaq xanıma qarşı olan bu hücumlar kimlər tərəfindənsə hazırlanmış və məqsədyönlü şəkildə atılan addımlardır.

Afaq xanım, heç də üzülməyin, canınız sıxılmasın, qanınız da heç qaralmasın. Haqq- ədalət nazilər, amma üzülməz. Siz təlim- tərbiyənizlə bizlərə örnək və sevimli sənətkarımızsınız!”

Ötən il efirdə qeyri-etik ifadələr səsləndirdiyinə görə uzun müddət qalmaqal yaşayan müğənni Rüfət Axundov isə qeyd edib ki, Afaq Bəşirqızı efirdə hörmətsizlik etməyib: “Bir sözün ucundan tutub, ucuzluğuna getmək olmaz. Afaq xanım nə efirə, nə də tamaşaçısına hörmətsizlik etməyib. Bunu xalqa, mədəniyyətə hörmətsizlik kimi qələmə verməməliyik. Onun gördüyü işləri saysaq, bitməz. Az güldürüb üzümüzü?

Gəlin xalq olaraq bu “baltalamaları” bir az azaldaq. Xüsusən də kimləri balaladığımıza diqqət edək.

Onsuz da qazandığımızdan çox itirmişik. Gəlin əlimizdə olanların qədrini bilək, onları qoruyaq. Afaq xanımın həm sənətkar, həm də insan kimi o qədər xidmətləri var ki. Hamımızın borcudur ki, bu mövzuda onun yanında olaq.

Sizi sevirik, Afaq Bəşirqızı”.

Müğənni Xatun da Rüfət Axundovun bu fikirlərini paylaşıb.

Zamiq Hüseynov isə qeyd edib: “Çox xahiş edrəm, böyüklərimizə, sənətkarlarımıza toxunmayaq, onların qəlbinə dəyməyək, qədrini bilək, onları qoruyaq. İncəsənət adamları həssas, kövrək olurlar. Küsdürməyin belə insanları, dəyməyin onların qəlbinə. Onlar bizim incilərimizdi, nə olar, qoruyaq onları”.

Xatırladaq ki, xalq artisti Afaq Bəşirqızı izləyicilərin “Xalqdan üzr istəməlidir” tələblərindən sonra 22 min izləyicisi olan səhifəsindən yalnız bir müsahibəsini saxlamaqla bütün paylaşımlarını silib, profilinin adını dəyişərək “meduzatime” edib.Musavat.com

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …