Çərşənbə , İyul 24 2019
Ana səhifə / Şou Biznes / “Rektorun əmri müzakirə olunmur”- tələbə ilə səfir bacısının məhkəmə davası

“Rektorun əmri müzakirə olunmur”- tələbə ilə səfir bacısının məhkəmə davası

Bakıda tələbə növbəti hakim qarşısına çıxarılıb. Buna səbəb tələbənin təhsil aldığı universitetin dekan müavininin ondan şikayətçi olmasıdır.

Dekan müavini tələbə tərəfindən təhqir edildiyini, rüşvət almaqda ittiham olunduğu üçün onun cəzalandırılmasını istəyib.

Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin fakültənin tələbəsi olan Zəka Mirağayevə qarşı iddiasına Yasamal Rayon Məhkəməsində baxılıb.

Bu gün baş tutan prosesdə Zəka Mirağayev vəsatətlə çıxış edib.

O, İlahiyyat fakultəsinin tyutoru Aynur Məmmədova və fakultənin müəllimi Faiq Əhmədzadənin məhkəmədə ifadə verməsini istəyib.

Tələbə bildirib ki, həmin şəxslərin dindirilməsi ilahiyyat fakultəsindəki rüşvət və saxtakarlığı təsdiqləyə bilər. Onun sözlərinə görə, Lalə Hacıyeva adlı tələbə dərslərdə iştirak etmədiyi üçün imtahanda iştirak etmək hüququnu itirib. Amma həmin tələbəni imtahana buraxmaq üçün jurnal saxtalaşdırılıb: “Yəqin ki bu rüşvət qarşılığında olub. Universitetdə tələbələrin şikayətini araşdıran komisiya da jurnalın saxtalaşdırdığını təsdiqləyib”.

Dekan müavininin vəkili Kamandar Nəsibov qeyd edib ki, vəsatətdə göstərilən şahidlər rüşvətlə bağlı məhkəmədə heç nə danışmayacaq.

“Hesab edirəm ki, qarşı tərəfin müvəkkilimə qarşı irəli sürdüyü rüşvət iddiasına baxmayaraq, vəsatət işi uzatmaq üçündür”- deyə vəkil bildirib.

N.İsmayılzadənin digər vəkili Sadiq Rəsulov isə bildirib ki, jurnal dəyişdirilibsə belə, bu, yalnız rəhbərliyin razılığı ilə baş verə bilər: “Rəhbərlik də buna görə Nigar İsmayızadəyə heç bir cəza və töhmət verməyib. Bu adamlar da gəlib ən yaxşı halda jurnalın dəyişdirildiyini təsdiq edə bilər. Bunun isə rüşvət ittihamına heç bir aidiyyatı yoxdur”.

Dekan müavini özü isə məhkəmədə təsdiqləyib ki, Z.Mirağayevin şikayətindən sonra yaradılan komisiyya təlim-tədrbiyə prosesində müəyyən qüsurlar aşkar edib. Həmin qüsurlardan biri də jurnal məsələsi olub: “Komissiya bunu texniki qüsur kimi qiymətləndirib”.

Z.Mirağayevin vəkili Elçin Sadıqov çıxışında N.İsmayılzadəyə fakültədə təlim-tərbiyyə prosesinə lazımi nəzarət göstərmədiyinə və digər məsələlərə görə xəbərdarlıq edilməsinə dair rektorun əmirini məhkəmənin diqqətinə çatdırıb.

N.İsmayızadə də ona xəbərdarlıq edildiyini təsdiqləyib və bu əmirdən şikayət vermədiyini deyib. Dekan müavini söyləyib ki, rektorun əmri müzakirə olunmur.

Məhkəmə tələbənin vəsatətini təmin edib.

Daha sonra məhkəmədə tələbə Z.Mirağayevin “Kanal 13” internet televiziyasına dekan müavini haqda verdiyi tənqidi müsahibəsi məhkəmədə nümayiş etdirilib.

Şikayətçi dekan müavini xüsusi ittiham qaydasında iddiasına həmin müsahibənin diskini də əlavə edib.

Sözügedən müsahibədə Z.Mirağayev universitet rəhbərliyinin, konkret olaraq prorektorların N.İsmayılzadəni qanunsuz əməlləri qarşısında müdafiə etdiyini deyib.

Bildirib ki, fakültədə əvvəllər rüşvət olmayıb. Amma xanım dekan müavini gələndə rüşvət qalmaqalları başlayıb: “Nigar İsmayılzadə dekan müavini təyin ediləndən sonra vəziyyət dəyişib. Bu haldan tələbə və müəllimlər də narazıdır. Dəfələrlə dekana, rektora, Təhsil Nazirliyinə bu barədə məlumat vermişəm. Amma onlar məsələni araşdırmılar”.

Görüntülərə baxış keçiriləndən sonra tələbənin vəkili E.Sadıqov bildirib ki, nümayiş etdirilən kadrlarda Z.Mirağayev özünün və ya bir başqasının N.İsmayılzadəyə birbaşa rüşvət verdiyini deməyib. Bu səbəbdən diskə yenidən baxış keçirilib. Vəkil bu dəfə də eyni fikri səsləndirib.

N.İsmayılzadənin vəkilləri isə buna etiraz ediblər. Onlar bildiriblər ki, həmin müsahibədə Z.Mirağayev dəfələrlə müvəkkilinin adını çəkib.

Məhkəmənin növbəti iclası iyunun 14-nə təyin edilib.

Xatırladaq ki, Nigar İsmayılzadə Zəka Murağayevin Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddəsi ilə də cəzalandırılmasını istəyir. Xüsusi ittihamçı “anaxeber” saytında yer almış yazıdakı “Nigar İsmayılzadə “İlahiyyat” fakültəsinin adına layiq deyil” cümləsini təhqir hesab edir.
Qeyd edək ki, dekan müavini Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadənin bacısıdır. (Musavat.com)

Həmçinin oxuyun

Xalq artisti Flora Kərimovanın doğum günüdür

Azərbaycan estradasının canlı əfsanəsi Flora Kərimova bu gün 78 yaşını qeyd edir. 1941-ci il iyulun …

Bir cavab yazın