Ana səhifə / Şou Biznes / “Rauf Mirqədirovun azad edilməsi üçün bütün münbit şərait yaranıb”

“Rauf Mirqədirovun azad edilməsi üçün bütün münbit şərait yaranıb”

Leyla və Arif Yunusların azadlığa buraxılmasından sonra bir sıra məhbusların Yeni il qabağı həbsxana həyatı ilə vidalaşacaqları barədə xəbərlər yayılıb. Azad ediləcəklərinə inam yaranan məhbuslar içərisində ilk göz önünə gələn isim “Ayna Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovdur. 
Vicdan məhbusunun azadlığına “yaşıq işıq” yandıracaq amillərdən birincisi Yunusların şərti azadlığa buraxılmasıdır. Mirqədirov məhz Yunuslara qarşı irəli sürülmüş ittihamlar çərçivəsində həbs edilib, onlarla əlaqələrinin olmasında ittiham olunur. Hər üç şəxs müxtəlif zamanlarda həbs edilsələr də, əslində onlar bir iş üzrə ittiham olunurdular.
Mirqədirovun azadlığa çıxacağı ehtimallarını yüksəldən nüanslardan biri də Yunuslara qarşı irəli sürülmüş cinayət maddələrindən “Dövlətə xəyanət”in ayrıca icraata götürülməsi, hələ də bu maddəyə baxılıb-baxılmamasının sual altında qalmasıdır. Ən ağır cinayət maddələrindən olan 274-cü maddə (Dövlətə xəyanət) ilə günahlandırılan şəxslərin azad edilməsi Mirqədirovun bundan sonra həbsdə saxlanılmasına heç bir əsasın qalmadığının bariz sübutudur. Təsadüfi deyil ki, jurnalist yalnız bu maddə üzrə ittiham olunur. O maddə ki, həmin maddə üzrə onunla bərabər suçlanan şəxslər artıq azad ediliblər.
Bütün bu faktlar hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində prosesi gedən Mirqədirovun 1 il 9 aydır saxlanıldğı MTN təcridxanası ilə vidalaşacağına olan ümidləri artırır. Bazar ertəsi saat 10:30-da onun növbəti məhkəməsi olacaq. Əvvəlki prosesdə müdafiə tərəfinin vəkili
Fuad Ağayevin dili ilə desək, artıq məhkəmə sona yaxınlaşır. Yeni ilə qədər məhkəmənin yekunlaşacağını güman etmək olar.
Mirqədirovun əməkdaşı olduğu “Ayna Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı məhkəmənin müsbət qərarını gözlədiklərini bildirdi: “Belə xoş xəbəri eşitməyi çox istərdim. Məntiqlə Leyla və Arif Yunus azadlıqdadırsa, Rauf Mirqədirovun da həbs qətimkan tədbirindən azad edilməsi gözəl olardı. Məntiqə uyğun addım budur. Amma Azərbaycanda Raufun vəkili demişkən, proqnoz vermək müşkül məsələdir. Hər halda ümid var. Bazar ertəsi növbəti məhkəmə iclası olacaq. Orada müdafiə tərəfi çıxış edəcək. Raufun azad edilməsi üçün bütün münbit şərait yaranıb. Onu düşünmək lazımdır ki, Raufu həbs edən, onun işini aparan MTN əməkdaşlarının 80-90%-i hazırda işindən uzaqlaşdırılıb, 70%-i barəsində də həbs qətimkan tədbiri seçilib. Deyirlər ki, Yeni il qabağı əfv olacaq. Çox təəssüflər olsun ki, bu əfvin ona heç bir aidiyyatı ola bilməz. Hüquqi cəhətdən mümkün deyil. Müəyyən fərziyyələrə görə, istintaqın gedişatından çıxış edərək demək olar ki, Raufu o işə Leyla və Arif Yunuslar cəlb ediblər. Məntiqsiz fikirlərdir, amma hər halda belə deyirlər. Onlar əgər azadlıqdadırsa, bu ittiham üzrə onlardan kiçik olan şəxs çoxdan azad edilməli idi. Hər halda bu məhkəmənin hüququdur. İnanıram ki, bütün araşdırmalardan sonra məhkəmə Raufun həbs qətimkan tədbirinin dəyişdirilməsi nəticəsinə gələcək. İstəyirəm ki, belə bir şeyin olacağına inanım”.
Rauf Mirqədirovun vəkili Fuad Ağayev məhkəmə öncəsi bu barədə danışmaq istəmədiyini söylədi: “Növbəti iclas bazar ertəsidir. İstəmirəm ki, hakimlər məni məhkəmə baxışının nəticələrinə təsir göstərmək cəhdində təqsirləndirsinlər. Elə də çox vaxt qalmayıb. Hər şeyi yaxın gələcək göstərəcək”.
Qeyd edək ki, günlər öncə Mirqədirovun anası Rəfiqə İsayevanın cəmiyyətə müraciəti yayılmışdı. Müraciətdə məhbus anası oğlunun günahsız olduğunu ürək yanğısı ilə belə ifadə etmişdi: “Mənim oğlum günahsızdır. Bunun əksini sübut edəcək heç bir dəlil, sübut, şahid yoxdur. Ola da  bilməz. Bu halda, bu işi belə uzatmağın nə mənası var? Bu ağır günlər mənim oğlumun həyatından gedir. Onun təkotaqlı kamerada yaşadığı hər gün yüz ilə bərabərdir, belə ağır ittihamın altında əzilmək üzərində bir dağ daşımaq deməkdir”.
Xatırladaq ki, Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədən deportasiya olunaraq, MTN əməkdaşları tərəfindən həbs edilib. O, dövlətə xəyanətdə ittiham olunur. Bu maddə üzrə məhkəmə onun barəsində ömürlük və ya 15 ilə qədər azadlıqdan məhrumetmə qərarı çıxara bilər. Yerli və beynəlxalq təşkilatlar onu vidan məhbusu kimi tanıyırlar. Mirqədirov ona qarşı irəli sürülən ittihamları qəbul etmir. Musavat.com

 

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın