Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Şou Biznes / Ramazanda günaha batanlar: alverçilər bu günlərdə qiyməti niyə qaldırır?

Ramazanda günaha batanlar: alverçilər bu günlərdə qiyməti niyə qaldırır?

Ənənəvi olaraq hər dəfə bayram günləri ərəfəsində Azərbaycan bazarlarında ərzaq məhsullarının, xüsusilə də meyvə-tərəvəzlərin qiyməti qalxır. Satıcılar tələbatın çox olmasından istifadə edib məhsullarını baha satırlar. Ancaq Ramazan ayının birlik , bərəkət, xeyirxahlıq ayı olduğunu nəzərə alsaq, Fitr bayramının insanların bir-birinə yardım əli uzatma günü olduğunu əsas götürsək, bütün bunların fonunda alverçilərin bazarda qiymətləri artırması cəmiyyətdə birmənalı qarşılanmır.

İlahiyyatçı, “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli “Yeni Müsavat” a açıqlamasında bildirdi ki, bayram günlərində süni şəkildə qiymətləri artırmaq və insanların istədiyi ərzağı ala bilməməsinə, bazardan ümidsiz qayıtmasına səbəb olmaq günahdır: “Fitr bayramı müsəlmanların günahlarından bağışlandığı müqəddəs bir bayramdır. Bu bayram insanlara sevinc gətirir, xeyir-bərəkət verir. Təəssüflər olsun ki, insanlar bu xeyir-bərəkətdən maddi mənfəət naminə uzaqlaşırlar. Bu onun göstəricisidir ki, insanlar Allaha yaxınlaşmaq fəlsəfəsini unudublar, Allaha yaxınlaşmağı zahirdə təsdiq edirlər, lakin bilmirlər ki, bu bir neçə yolla olur və onlardan biri də insanlara mərhəmətdir. Bayram günlərində bahalaşmaya son qoyulmalıdır. Satıcılar, sahibkarlar insanların, cəmiyyətin maddi vəziyyətini nəzərə almalıdırlar. Bayram günündə insan bazara gedib ərzaq almaq istəyir və qiymətlərin artdığını görəndə onun ruhunda bayram əhval-ruhiyyəsi ölür. Bu, yolverilməzdir və nəticəsi gətirib günaha çıxarır. Bayram günlərində süni şəkildə qiymətlərin qaldırılması dinimizdə də bəyənilmir. Bayram sevindiyimiz zaman deyil, sevindirdiyimiz zaman bayram olur, yediyimiz zaman deyil, yedirdiyimiz zaman, geyindiyimiz zaman deyil, geyindirdiyimiz zaman bayram olur. Əgər bu gün bayram vaxtında bazarlar od tutub yanırsa, qiymətlər süni şəkildə qaldırılıbsa, insanlar bazardan naümid qayıdırlarsa, uşaqlarına bayram günü bir meyvə ala bilmirlərsə, əlbəttə, bu, qiyməti artıranlar üçün günahdır. Əgər bu yolla bir neçə manat artıq qazanırlarsa, bilsinlər ki, bunlar şübhəli pullardır və ona görə Allah qarşısında cavab verəcəklər”.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Rəşad Həsənov açıqlamasında bildirdi ki, burada əsasən tələb və təklif rol oynayır: “Müəyyən dövrlərdə, bayram günlərində bəzi məhsullara tələbatın artması həmin məhsulların bahalaşmasına gətirib çıxarır. Elə məhsullar da var ki, onlar məhz bayram təyinatlı ərzaqlar hesab olunur. Adətən Ramazan ayı ərzində istehlak olunan bəzi məhsullar var ki, digər aylarda onlara tələbat aşağı düşür. O baxımdan həmin məhsulları ölkəyə gətirənlər həmin ərəfədə malların qiymətini artırmaqla bir qədər artıq gəlir əldə etməyə çalışırlar. Burada heç bir iqtisadi qanunsuzluq yoxdur. Hər bir iqtisadi subyekt öz məhsullarının satış qiymətlərini müəyyənləşdirməkdə sərbəstdir. Bu baxımdan, hansısa dövlət qurumlarının məsələyə müdaxiləsi doğru olmazdı”.

İqtisadçı qeyd etdi ki, əgər hökumət və ya hansısa maraqlı tərəflər bu məhsulların bahalaşmasının qarşısını almaq istəyirsə, bu istiqamətdə təşviqedici addımlar ata bilərlər: “Məhsulların ölkəyə daha çox gətirilməsini təşviq edə bilərlər, xüsusilə də qeyd etdiyimiz dövrlər ərzində. Məhsulları daha çox idxal etməklə qiymətlərin artmasının qarşısını almaq olar. Digər ölkələrdə də analoji vəziyyət müşahidə olunur, bu, iqtisadiyyatın qanunlarıdır. Ancaq təbii ki, bəzi ölkələrdə ənənələr var. Xüsusilə İslam ölkələrində, məsələn, Türkiyədə dini bayramlar ərəfəsində bəzi məhsulların imkansız insanlar tərəfindən istehlakını gücləndirmək məqsədilə mənəvi bir ənənə olaraq qiymətləri azaldırlar. Və ya hansısa şirkətlər kampaniya təşkil edir və həmin günlərdə qiymətləri aşağı qiymətə təklif edirlər. Azərbaycanda bu günə qədər belə bir yanaşma yoxdur. Sahibkarlar daha çox fərdi maraqlarında çıxış edirlər. Ola bilər ki, bu mənəvi mənada hansısa qınağa tuş gəlsin, ancaq iqtisadi cəhətdən hansısa qınağın ortaya qoyulması doğru olmazdı”.

Həmçinin oxuyun

Səbinə: “Prodüser müğənninin şəxsi mülkü deyil”

Tanınmış prodüser Səbinə Rəcəbli həmkarlarını tənqid edib.  “Ölkə.Az”-a danışan Rəcəbli onları müğənnilərə həddindən artıq üz …

Bir cavab yazın