Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Rafiq Əliyev: “Avropa elmi, universitetləri müsəlman alimlərin çiynində yüksəlib”

Rafiq Əliyev: “Avropa elmi, universitetləri müsəlman alimlərin çiynində yüksəlib”

Dünya elminin qeyri-səlis məntiq nəzəriyyəsi sahəsində nadir mütəxəssislərdən olan professor Rafiq Əliyev zaman.az saytına müsahibə verib. 
Azinforum.az həmin müsahibəni təqdim edir: 
 
– Rafiq müəllim, belə bir fikir var ki, möcüzələr elmin üfüqünü göstərir. Məsələn, Quranda bildirilir ki, cinlər bir göz qırpımında Bilqeyisin taxtını Yəməndən Fələstinə gətirdilər. Yəni materiyanın an içində transferi gerçəkləşir. Sizin fikrinizi bilmək maraqlıdır, elm bu haqda nə deyir?
– Amerikada “Discoveri” adlı veriliş var. Türkiyədə də bunu türk dilində yayımlayırlar. Əfsuslar olsun ki, bizdə belə proqram yoxdur. Həmin proqramda Quranın elmlə əlaqəli surələrindən verilir və dünyanın bugünkü vəziyyəti ilə müqayisə edirlər. Maddənin sürətli transferi artıq elmi cəhətdən sübut olunub. Gələcəkdə daha sürətli, işıq sürətinə yaxın uçuşlar olacaq. Quranda hər bir şey göstərilib. Məsələn, DNK… İndi UZİ-də baxıb deyirlər ki, doğulacaq uşaq qız olacaq, yoxsa oğlan. Ancaq Quranda bu, tam açıq şəkildə göstərilib. Bütün dünya iyirmi birinci əsri beyin əsri, linqvistik əsr adlandırır. Biz ən yaxşı halda beynimizin 12%-dən istifadə edə bilirik. Bu da Eynşteyn kimi, Lütfi Zadə kimi insanlarda olur. Digər insanlarda 7-8% həddində olur. Bu günə kimi beyini öyrənə bilmirik. O, Allahın yaratdığıdır. Biz Allahın yaratdıqlarını, qoyduğu qanunları elmə gətirə bilsəydik, elm sıçrayışla inkişaf edərdi.

Mən “Böyük partlayış” nəzəriyyəsinin əleyhinəyəm

 
– Rafiq müəllim, etiraf edim ki, sizinlə görüşə çox ciddi hazırlaşmışdım; internetdə tapdığım bütün söhbətlərinizə qulaq asmış, əlimə keçən yazılarınızı oxumuşdum; bax budur, xeyli sual da hazırlamışdım, amma heç biri işə yaramadı. Çünki söhbətiniz o qədər cazibəli bir məcrada gedir ki, mən istiqamət dəyişə bilmirəm və növbəti sualımı da elə sizin söhbətinizdən çıxarmalı oluram.
 
Oxumuşam ki, zaman nisbidir və əgər biz işıq sürəti ilə əlli il müddətində Yerin ətrafında dolansaq, yaşlanmadan geri dönərik, yəni yaşıdlarımızdan əlli il cavan qalmış olarıq. Quranda Əshabi-Kəhf söhbəti də var ki, orda insanlar 300 ildən çox yatırlar, oyananda elə bilirlər ki, cəmi bircə gün yatıblar. Yaxud da bir insanın 70, 80 ildə yaşadıqlarını bizimlə paralel bir dünyada bir böcəkmi, kəpənəkmi, ya hansısa bir canlı bizim bircə günümüz ərzində yaşayır, doğulur, böyüyür, sevir, nəsil artırır, qocalır, ölür. Onların bütün həyatı bizim bircə günümüzə sığır. Elm bu haqda nə söyləyir?
– Bilirsiniz də, indi Amerikada, Avropada külli miqdarda vəsaitlər qoyub araşdırmalar aparırlar ki, dünya necə yaranıb. Bunlar sübut etmək istəyirlər ki, dünya bir partlayışdan yaranıb. Açığı, mən bunun əleyhinəyəm. “Qeyri-səlis məntiq və din” məqaləsini yazanda bir yazıya rast gəldim. Bir ingilis professor yazır ki, mən öz dostumdan soruşdum ki, sən fiziksən, “Böyük partlayış” nəzəriyyəsi ilə məşğul olursan və yəqin ki, buna inanırsan. Dostu həmin professora deyib ki, inanır. O zaman professor soruşub ki, əgər dünya partlayışdan yaranıbsa, bəs zaman nə zaman yaranıb? Dostu buna cavab verə bilməyib və deyib ki, yox, dayan, orda Allah var. Demək istəyirəm ki, sizin dediyiniz hələ elmin aça bilmədiyi məsələlərdir. Nisbilik məsələsi, təbii ki, var. Qurani-Kərimdə Allah haqqında “Aləmlərin Rəbbi” deyilir, diqqət edirsinizmi, “aləmlərin” deyilir, yəni paralel dünyalar var və biz oralara girə bilmirik. Ola bilsin ki, oradakılar bizim həyatımıza girə bilirlər. Çünki o energetik çəpər o qədər böyükdür ki, biz hələ o çəpəri yarıb keçə bilmirik. Mən sizinlə razıyam o mənada ki, zaman da nisbidir, məkan da nisbidir və o şeyləri elm hələ aça bilməyib. Bu məsələdə bildiyimiz yeganə həqiqət var ki, hər şey Allahın yaratdığıdır və Allah istədiyini fərqli aləmdə fərqli həyatla yaradır.
Əbdussalamın resepti
 
– Rafiq müəllim, Eynşteynin bu qədər böyük dünyagörüşünə, elmi istedada sahib olmasına heyrət eləyirəm. Onun ortaya qoyduğu nəzəriyyələrin əksəriyyəti Quranın söylədiklərinin bir növ isbatıdır. Amma taleyin ironiyasına baxın ki, bu qədər böyük alim müsəlman olmadı.
– Eynşteyn müsəlman olmadı, amma Əbdussalam oldu. Allah Üzeyir bəyə rəhmət eləsin, deyirdi ki, Məşədi İbad əsl müsəlmandır, yəni o “əsl” də qeyri-səlis düşüncədir.
Əbdüssalamın “Nobel nitqi” var. Mən gənclərimizə tövsiyə edərdim ki, “Nobel nitqləri”ni tapıb oxusunlar. O mükafatı alan hər alim 20-30 səhifə həcmində belə bir nitq hazırlayır. Sizi inandırım ki, o nitqlər sizlərə böyük-böyük romanlardan daha çox şeylər öyrədəcək. Əbdussalamın “Nobel nitqi”ndə iki maraqlı məqam var. Birində deyilir ki, bu gün müsəlman dünyasının bu vəziyyətdə olması onun İslama bağlılığından irəli gəlmir, tam əksinə, ondan irəli gəlir ki, müsəlmanlar İslamdan sapdılar, ona xidmət eləmədilər, ondan uzaqlaşdılar və başlarına gələnlər də məhz bunun nəticəsidir. Bu gün baxın, müsəlman aləmində diktatorluq, haqsızlıq hökm sürür, insan yerdə sürünür, zülm baş alıb gedir, insan öz içini açıb deyə bilmir… Amma bu bir tarixi həqiqətdir ki, bir vaxtlar bütün Avropa elmi, universitetləri müsəlman alimlərin, ərəb universitetlərinin çiynində yüksəlib. Qurani-Kərim bizə nəyi öyrədir? – Onu öyrədir ki, lap yüz yaşında da olsan, öyrənməlisən.


Amerika elminin böyük bir hissəsi müsəlman alimlərin çiynindədir

 
– Mənim bildiyim Rafiq müəllim səmimi müsəlmandır və tez-tez Avropada, Amerikada olur, oralarda yaxın dostları ilə görüşür, möhtəşəm məclislərdə çıxışlar edir. Orada müsəlman Rafiq Əliyevi necə qarşılayır, necə qəbul edirlər?
– Müsəlman Rafiq Əliyevə oralarda münasibət məsələsinə gəldikdə qeyd edim ki, Amerikada, Avropada belə bir anlayış yoxdur. Məsələn, bizim bir dostumuz var, onunla bir yerdə çalışırıq – Məhəmməd Cəmşidi, farsdır. NASA-nın Marsla bağlı iki proqramı olub, ikisi də iflasa uğrayıb. Ən sonda Məhəmməd Cəmşidiyə müraciət ediblər və bu problemi o həll edib. Çox məşhur alimdir, Zadənin də, bizim də dostumuzdur. Tək o deyil, minlərlə müsəlman alim orada elmi-tədqiqat işləri ilə məşğuldur. Amerika elminin böyük bür hissəsi müsəlman alimlərin çiynindədir. Digər bir müsəlman alim Əli Cavan. Lazeri o, kəşf edib. O buna görə “Nobel” almalıydı. Hansı səbəbdənsə ala bilmədi. Onu da deyim ki, Nobel mükafatı ilə bağlı başqa sahələri bilmirəm, amma elmdə kimsə kimsəyə təsir edə bilməz ki, ona verilsin, ya başqasına verilsin.
– Bəs Rafiq müəllim necə, inşallah, Nobel mükafatı ala biləcəkmi?
– Deyə bilmərəm.
– Sizin tədqiq etdiyiniz qeyri-səlis məntiq nəzəriyyəsindən yanaşsaq, bu mükafatı ala bilməyiniz nə qədər real görünür?
– Nobel mükafatının əsasnaməsində belə bir qayda var: aparılan müzakirələr 50 il ərzində gizli saxlanılır. Bu mükafatı alanların istisnasız olaraq hamısı bu xəbəri ya avtobusda, ya bir yerdə oturub çörək yeyərkən eşidiblər, yəni heç kim bunu əvvəlcədən bilmir.
Ən böyük kapital elmdir
 
– Rafiq müəllim, bizim üçün maraqlıdır ki, siz klassik İslam alimlərindən, mütəfəkkirlərindən kimləri mütaliə edirsiniz?
– Ən çox oxuduğum və rəğbət bəslədiyim Mövlanadır. Dünyaya sevgi ilə, mərhəmət hissi ilə yanaşır, insanı sevməyə çağırır Mövlana.
– Rafiq müəllim, neft istehsalımız azalır, manatımız da getdikcə zəifləyir.
– Mənim 2008-ci ildə bir yazım olub. Azərbaycanın post-neft dövrü ilə bağlıdır. Dünyada qəbul edilən iqtisadi modellər var. Dünya ölkələrinin əksəriyyəti də bu modellərdən istifadə edirlər. Dünyada dörd iqtisadi model var. Bunlardan biri bilik modelidir. Bu modeldən istifadə edən ölkələrdə bilik “istehsal” olunur. Onlar nə qızıl, nə neft istehsal edirlər, nə də paltar tikib satırlar, məsələn, Amerika. Bu gün Amerika dünyaya səksən faizdən çox, bəlkə də doxsan faizə yaxın bilik istehsal edir. BMT-nin də hesabatında belə bir sual var: ABŞ nə istehsal edir? Cavabında yazırlar: Bilik. Yəni Amerika alimləri bir texnologiya hazırlayırlar və onu balaca bir CD-yə yazırlar, əgər çox mühüm texnologiyadırsa, özünə saxlayır; yox, əgər o qədər də mühüm deyilsə, onu satır. Satanda da bu CD-lərin biri yüz minlərlə ton neftdən bahalı olur.
İkinci model texnoloji modeldir. Məsələn, Yaponiya İkinci Dünya müharibəsindən çıxandan sonra belə bir qərar qəbul etdi ki, elmə çox pul ayırmayacaq.
Elmə ayıracaqları məbləğ o qədər olacaq ki, texnologiyanı Qərbdən alacaq, onu təkmilləşdirərək, vicdanla çalışaraq, yüksəkkeyfiyyətli məhsul istehsal edib satacaqlar. Onlar istehsal etdikləri məhsulun keyfiyyətinə daha çox diqqət etdilər, elmə çox üstünlük vermədilər. Bu gün biz mağazada üstünə “Made in Japan” yazılmış bir cihaz görəndə tərəddüd etmədən alırıq, çünki inanırıq ki, keyfiyyətli maldır. Onlar bu yolu tutdular, o istehsalda vicdan var. Təsadüfi deyil ki, bu gün dünyada ən yaxşı universitetlərin ilk onluğuna səkkiz ABŞ universiteti daxildir. Yaponiya universitetləri ABŞ universitetlərindən geri qalır. Dünyada yüz ən yaxşı universitetdən səksəni ABŞ-ın payına düşür, amma bu siyahıda cəmisi iki yapon universitetinin adı var.
Ancaq Yaponiyanın istehsal etdiyi texnoloji avadanlıqlar ABŞ-dakılardan daha üstündür. Yaponlar yeni şeydən daha çox, hər şeyin yaxşısı prinsipi üzərində dayandılar. Mənim amerikalı dostlarımın heç biri Amerika maşını almazlar, hamısı yapon maşınları alır. Çünki yapon maşını daha keyfiyyətlidir, daha qənaətlidir, daha davamlıdır.
Dediyim odur ki, hər bir ölkə vaxtında seçimini etməli, yolunu tutmalıdır.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın