Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / “Rəsulzadənin başına cuval keçirilmiş büstünü görənlər nə deyər bu millətə…”

“Rəsulzadənin başına cuval keçirilmiş büstünü görənlər nə deyər bu millətə…”

Moderator.az Milli Şuranın sədri Cəmil Həsənlinin son statusunu oxuculara təqdim edir:
“Dostlar! Bloger Mehman Hüseynov Gəncədən ağrılı bir xəbərlə qayıtdı. Öz face səhifəsində o, bu millətin üz ağlığı olan Məhəmməd Əmin Rəsulzadənin başına ağ torba keçirilmiş büstünün görüntülərini yaydı. Bu mənzərəni görmək son dərəcə ağrılıdır. Rəsulzadə kimdir? Hələ, 1928-ci ildə böyük fikir adamı Zəki Vəlidi Toğan Saint Cluda Topçubaşovla görüşəndə, həyatının payızına qədəm qoymuş Əlimərdan bəy gövrələrək “Azərbaycan istiqlalını Məmməd Əmin bəyə əməanət edirəm” demişdi. Vaxtilə böyük şair Bəxtiyar Vahabzadənin Rəsulzadənin kimliyinin sadə biz izahını vermişdi:
 
Bu torpağın özü boyda 
Bu torpağa məhəbbətlə doluydun 
Bu torpağın yolunda da 
Sən öz canını qoydun
Borclu ikən Vətən sənə, xalq sənə
Hər şey döndü tərsinə.
Bu torpaqdan verəmmədik
Bir məzarlıq yer sənə. 
Görünür bu izah bəzi harılamış məmurlar üçün yetərli olmayıb. Əgər olsaydı canını bu millətin azadlığı və müstəqilliyi üçün fəda etmiş Rəsulzadə kimi bir dahinin başına belə rüsvayçılıq torbası keçirməzdilər. Bu tərbiyəsizlik bir müddət əvvəl gündəliyə gəlmişdi. Həmin vaxt idarələr bunu biri-birinin üzərinə atır, həmin parkın gah dəmir yol idarəsinə, gah da şəhər hakimiyyətinə məxsus olduğu haqda mübahisələr gedirdi. Görünür bu parka sahib duran hələ də tapılmayıb. İş bunda deyil. Məsələ ondadır ki, başına cuval keçirilən bu bust Rəsulzadənin ölkədə çox azsaylı abidələrindən biridir. Sabah oktyabr ayının 13-də Gəncədə XIII Beynəlxalq Atatürk Konfransı işə başlayır. Tədbirin əsas təşkilatçısı kimi Ankarada fəaliyyət göstərən Atatürk Arşdırma Mərkəzi dünyanın müxtəlif ölkələrindən çoxsaylı alimləri, ziyalıları bu tədbirə dəvət edib. Yaponiyadan, Koreyadan, Hindistandan tutmuş Amerikaya qədər geniş bir coğrafiyanı əhatə edir dəvətlilərin dairəsi. Dəvət etdilən alimlərin, araşdırmaçıların bir çoxu Rəsulzadənin keçdiyi həyat yolundan, onun böyük mübarizəsindən dissertasiyalar, kitablar yazıblar. İndi onlar üçün bir şansdır ki, Azərbaycan istiqlalının beşiyi olan Gəncə şəhərində “Bir kərə yüksələn bayraq bir daha enməz!” kəlamının ölməz müəllifinin vətənində onun abidəsini ziyarət etsinlər, müstəqil dövlətimizin banisinə, istiqlalımızın böyük memarına öz sevgilərini izhar etsinlər. Rəsulzadənin ucaltdığı üç rəngli, ay ulduzlu bayrağın gölgəsində XIII Beynəlxalq Atatürk konfransıını açıb, açılış mərasimində Məmməd Əmin bəyin ideyalarından mayalanmış Azərbaycan himnini oxuyub onun Gəncə parkında başına cuval keçirilmiş büstünü görənlər nə deyər bu millətə, bu dövlətə. Bunun bircə qiyməti var: Rəzalət! Lap deyək Gəncənin icra başçısının düşüncəsi çatmır belə incə mətləbləri anlamağa. Bu hökumətdə, bu hakimiyyətdə, bu dövlətdə 3-5 normal ağıl sahibi yoxdur ki, beyni piylənmiş harın məmurlara bunun yolverilməz olduğunu başa salsın? Tarixin və taleyin qəribə ironiyasıdır: natəmiz əməllərinə görə başına torba keçəcək vəzifə sahibləri bu ölkənin, bu millətin istiqlal simvolu, müstəqillik mücəsiməsi olan bir mücahidin, bir milli liderin, yoxdan bir bayraq ucaldan şəxsiyyətinin daşlaşmış abidəsinin başına cuval keçirir. Bircə şey bəllidir: bu ölkəyə rəhbərlik edən şəxslərin içində milli-mənəvi irsə, cümhuriyyət qurmuş nəslin nümayəndələrinə sayğılı münasibət olsa Gəncənin icra başçısı belə tərbiyəsizliyə cəsarət edə bilməz. Onlar bunu ölkə başçısının xoşuna gəlmək üçün edirlər.”

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın