Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Rəsul Rza mənə görə Mərkəzi Komitənin katibinə acıqlandı”

“Rəsul Rza mənə görə Mərkəzi Komitənin katibinə acıqlandı”

“Mənim kumirim” layihəsində biz heç nə danışmırıq, heç nə yazmırıq. Bir tanınmış şəxs öz kumirinin maraqlı tərəflərini, onun barəsindəki bilinməyən mətləbləri özü sizə danışır. Bu dəfə Xalq şairi, Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca saytımıza özünə kumir saydığı mərhum xalq şairi Rəsul Rza danışacaq. Biz kənara çəkilirik. Sizi üçlükdə qoyuruq: Rəsul Rza, Fikrət Qoca, bir də ki, hörmətli oxucu SİZ özünüz.
“Mənim kumirim”
“Madam ki, mən şairəm, şeir yazmaqla məşğulam, onda mənim kumirim də şair olmalıdır. Hər şairin həm yaxşı, həm də pis şeirləri var. Ona görə də, təkcə yaradıcılıq baxımından heç bir şairi kumir kimi görmək olmaz. Çünki ona məxsus olan pis nümunələr də var. Odur ki, biz hər şairin yalnız yaxşı nümunələrinə qiymət verməliyik. Şairə həm yaradıcılığına, həm də öz şəxsiyyətinə görə qiymət vermək lazımdır. Bu mənada mənim kumir saydığım şair Rəsul Rzadır.
Nəyə görə Rəsul Rza?
Nəyə görə onu özümə kumir sayıram?- Çünki Rəsul Rza həyatındakı bütün çətin situasiyalardan özü çıxıb. Onun arxası, güvəndiyi adam olmayıb. Əksinə, özü kimlərəsə arxa-dayaq olub. Nigar Rəfibəyli o dövrün ən mötəbər bəy ailəsinə məxsus bir qız olub. Elə onunla evlənməyin özü əlavə bir yük idi. Özü də dayısının soyadını götürsə də, bəy nəslinə məxsus olub- Məmmədxanlılardan idi. Onun ən böyük dayağı elə öz ağlı olub”.
“Lenin poeması”ndakı gizlinlər 
Şair gərək ən çətin, ən gərgin situasiyalardan çıxa bilsin. Əgər çıxa bilmirsə, deməli, kamil deyil. Bu cür şair istəsə, dövlətin əleyhinə onun xoşu gələn bir şeir də yaza bilər və dövlət də onu çap edər. Şeirin axıcılığı ilə, gözəlliyi ilə hamını aldada bilər. Məsələn, Səməd Vurğunun “Azərbaycan” şeirinin məzmunu yoxdu. Amma Səməd Vurğun şeirin ahəngi ilə, musiqisi ilə sovet rejimini elə aldadıb ki, hamısı “Azərbaycan” şeirini əzbərdən deyirdi. Moskvva- Mərkəz də buna heç nə deməyib. Amma canını qurtarmaq üçün “Rəhbərə salam” adlı şeiri də olub. Rəsul Rzanın “Lenin poeması”nı oxuyun, görün, orada nələr var. Bizim gördüyümüz, danışdığımız poemanın üst qatıdır. Onun ikinci qatında görün nələr var?!  Bu poemadan sonra, Rəsul Rzanın əlində imkan düşən kimi, hamıdan birinci “Qızılgül olmayaydı…” poemasını, “Rənglər” silsiləsini yazdı. Bütün bunların hamısı onun içində yığılıb qalmışdı. Onun “Sarı dana” şeiri var. Sosializmə o şeir  qədər  güclü zərbə vuran ikinci şeir olmayıb.
“Mərkəzi Komitə katibinin üstünə qışqırdı”
Yazıçılar Birliyinin qurultayı idi. Qurultayın sonuncu günündə adətən şairlər öz şeirlərini oxuyurdular. Gənclər adından da mənə söz verildi ki, çıxım, şeirimi oxuyum. Kasıbyana, köhnə geyimdə idim. Elə tribunaya qalxmaq istəyirdim ki, Mərkəzi Komitənin humanitar məsələlər üzrə katibi  mənə acıqlanıb dedi ki, düş aşağı. Dedim, mənə deyilib ki, çıxım şeir oxuyum, siz isə deyirsiniz ki, aşağı düşün. Mən onu tanıyırdım, amma o, məni tanımırdı. Kasıbyana pencəyimə baxıb məni o tribunaya qoymurdu. Nə edəcəyimi bir anlıq bilmədim. Elə pilləkəndəcə durmuşdum. Bir də gördüm ki, Rəsul Rza pilləkənlə yuxarı qalxır. Məsələni bildi. Mərkəzi Komitənin katibinə elə öz adı ilə müraciət etdi. Dedi ki, filankəs, nə olub? Çox acıqlı danışdı. Dedi, bura Mərkəzi Komitənin iclası deyil, Yazıçılar İttifaqının qurultayıdır və ona da  sözü biz vermişik. Sonra mənə tərəf döndü və acıqlı səslə dedi ki, tez dırmaş tribunaya şeirini oxu. O adam susdu qaldı. Buna cəsarət lazım idi. Mən tribunaya çıxıb “Vals” adlı şeir oxudum. Şeiri elə yazmışdım ki, onu oxuyan zaman sanki vals səslənirdi. Yəni şeirin ritmləri valsın ritmləri ilə oxşar idi. Şeiri oxudum və çox yaxşı qarşılandı.
“Rəsul Rza qulaqlarını tutub uzağa qaçdı”
Rəsul müəllimi hamı sərt bir adam kimi tanıyırdı. Amma indi danışacağım bir xatirədə onun necə kövrək  insan olduğu bilinir. Bizim onunla çox yaxşı münasibətimiz var idi. Bir gün də onlara getmişdim. Nigar xanım mənə dedi ki, Rəsulu apar ova. Bir az da eynin açılması belə üçün dedi. Kür qırağı tərəflərə getdik. Ov üçün uyğun vaxt deyildi, heç adi quş da gözə dəymirdi. Başımızı aldadırdıq sadəcə. Bu zaman qarşımızdan bir dovşan ötdü. Mənim də əlim dinc dayanmadı. Dovşanı vurdum. Dovşan da həqiqətən də çox pis fəryad etdi, qışqıra-qışqıra yerində fırlandı. Bir də gördüm ki, dovşan qışqıran zaman, Rəsul müəllim də qulaqlarını tutub qışqıraraq uzağa qaçır. Ona görə qaçırdı ki, dovşanın bu fəryad səsini eşitməsin. O gün mən də çox pis oldum. Ovu yadırğadım, keçdim balıqçılığa. Necə də olmasa, balıq qışqıra bilmir (gülür)
Sonuncu görüş
Alekdanr Qik adlı bir yazıçı dostumuz var idi. İndi Amerikada yaşayır. Bir gün zəng vurub dedi ki, Rəsul Rza rəhmətə getdi. Dedim, ola bilməz. Çünki təzə-təzə sağalrıdı. Onun Mərdəkana- Teymur Quliyevin bağına apardılar. Ora müalicə komissiyasının ikinci filialı idi, havası da yaxşıydı. Maşınla getdik.  Ora çatanda gördüm ki, nəhəng şairin üzünə mələfə çəkiblər. Dərmanları da masanın üstündə qalmışdı. Dərmanlar ondan çox yaşamışdı….

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın