Çərşənbə , İyul 17 2019
Ana səhifə / Şou Biznes / “Rəis mənə deyir ki, səni ilişdirəcəm” – Balakəndə iş adamından şok müraciət

“Rəis mənə deyir ki, səni ilişdirəcəm” – Balakəndə iş adamından şok müraciət

Balakən rayonundakı iş adamlarından birindən müraciət daxil olub.

Müraciət edən şəxs Balakən rayon sakini, rayonda fəaliyyət göstərən «Grand Palace» şadlıq sarayının direktoru Şamil Qebeyev artıq bir ildir ki, rayonun polis rəisi Elnur Həsənov tərəfindən təqib edildiyini bildirir.

Daha sonra redaksiyamızla telefon əlaqəsi saxlayan iş adamı 2015-ci ilin iyul ayında polis rəisinin onun yanına adam göndərərək əgər rahat işləmək istəyirsə 5000 manat xərac verməli olduğunu bildirdi. İş adamı bu məbləği rəisə verməkdən imtina etdiyindən, daha sonra problemlərinin başladığını qeyd edib: “2016-cı ilin aprel ayında isə rəis kabinetinə çağırıb mənə şəxsən xəbərdarlıq etdi ki, 5000 min manatı verməsəm, bu rayonda biznesimi davam etdirmək imkanı verməyəcək. Şəxsən rəis Elnur Həsənova dedim ki, işləyirəm, dövlətə vergi verirəm və kiməsə veriləcək artıq pulum yoxdur.

Dörd gün əvvəl, yəni sentyabr ayının 24-ü dostlarımla rayondakı kafelərdən birində şam edirdim. Başqa masalardan birinin ətrafında da rəis Elnur Həsənov yeyib-içirdi. Bir neçə saatdan sonra mən dostlarımla vidalaşıb kafedən çıxdım. Maşınıma əyləşib evə yola düşdüm. Kafedən bir az aralanan kimi DYP maşını məni saxladı. DYP əməkdaşı mənim yaxşı tanıdığım şəxs idi. Mən maşından düşən kimi o, üzrxahlıq edib dedi ki, qardaş bağışla indi rəis zəng vurub tapşırıq verib ki, səni tutub bölməyə aparaq və içib-içmədiyini yoxlayaq, amma mən bilirəm ki, sən içkili deyilsən. Təbii ki, mən içməmişdim. Gəldik polis idarəsinə. Polis əməkdaşları məni polis maşınına əyləşdirərək xəstəxanaya apardılar. Yarı yolda rəis polisi əməkdaşlardan birinə zəng vuraraq məni geri şöbəyə gətirməyi əmr etdi. Polis əməkdaşı mənə tərəf dönərək dedi ki, rəis deyir həkimi çağırın onu burada yoxlasın. Bunu sübut etmək üçün mənim əlimdə videofakt da var və lazım gələrsə, bu faktı əlaqədar orqanlara təqdim edə bilərəm.

Şöbəyə çatdıq. Bir həkim çağırdılar. Həkim gəldi, yoxladı və dedi ki, bu vətəndaş spirtli içki qəbul etməyib. Bu haqda rəisə məruzə etdilər və o göstəriş verdi ki, daha bir həkim çağırın, gəlsin yoxlasın. İkinci həkim də gəldi yoxladı və dedi ki, bu vətəndaş içkili deyil. Naəlac qalıb məni polis idarəsindən buraxdılar, amma maşınımı saxladılar şöbənin həyətində. Maşınımı qanunsuz yerə, heç bir əsas olmadan zorla əlimdən alıb qoydular şöbənin həyətində. Əməkdaşlar dedilər ki, rəis deyir 5000 manatı gətirsin sonda maşınını götürər. Polis rəisi Elnur Həsənovun mənə qarşı bu özbaşınalığı bir ildir davam edir və bir ildir o məni obyektimi bağlamaqla və özümü də “ilişdirməklə” hədələyir”, – deyə balakənli iş adamı əməkdaşımızla söhbətində bildirib.

Şamil Qebeyev Balakən rayonunda xeyriyyəçi iş adamı kimi tanındığını, rayondakı bütün xeyriyyə tədbirlərində, hakim partiyanın yerli təşkilatının rayon miqyasında keçirdiyi bütün tədbirlərdə həmişə canla-başla, fəal iştirak etdiyini əməkdaşımızla söhbətində bildirdi.

İş adamı onu da qeyd edib ki, Azərbaycanın fəxri, dünya çempionumuz, dəfələrlə Azərbaycanın bayrağını mötəbər turnirlərdə zirvələrə qaldırmış yunan-roma güləşçimiz Rəsul Çunayevin fan-klubunun yaradıcısıdır. Çempion Balakənə gələrkən təntənəli qarşılanma mərasimlərinin təşkilatçılarından biri də odur. Yaşadığı rayonun ictimai-siyasi həyatında yaxından iştirak etdiyini, işlətdiyi müəssisəsində onlarla vətəndaşa iş imkanı yaratdığını bildirən Qebeyev ona qarşı polis rəisi tərəfindən edilmiş bu hərəkətin ilk növbədə Azərbaycan qanunlarına hörmətsizlik və ölkə rəhbərliyinin göstərişlərini qulaqardına vurmaq olduğunu bildirib.

Məsələ ilə bağlı sahibkar Şamil Qebeyev artıq ölkə prezidenti cənab İlham Əliyevə, daxili işlər naziri cənab Ramil Usubova, baş prokuror cənab Zakir Qaralova müraciət ünvanlayıb. Həmin müraciətin surətini də sizə təqdim edirik:

olke.az

Balakən Rayon Polis Şöbəsi
Balakən RPŞ-nin rəisi Elnur Həsənov
İş adamı Şamil Qebeyevin ölkə rəhbərliyinə ünvanladığı müraciət
İş adamı Şamil Qebeyevin rəis Elnur Həsənovun göstərişi ilə qanunsuz yerə əlindən alınmış avtomobili (RPŞ-nin həyəti)
İş adamı Şamil Qebeyev fan-klubunun yaradıcısı olduğu milli güləşçimiz Rəsul Çunayevlə

 

Həmçinin oxuyun

“Şəbnəm Tapdıq mənə deyir ki, adını ya Şəbnur, ya da Şəbtac qoy” – Şəbnəm Tovuzlu

“Şəbnəm Tapdıq mənə deyir ki, adını ya Şəbnur, ya da Şəbtac qoy”. Mia.az xəbər verir ki, …

Bir cavab yazın