Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qurbanlıq heyvanların satışı Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 26 (Keşlə bazarının yanı); Xətai rayonu, “Nargilə” kafesinin yanı; Səbail rayonu, Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsi, 8 (Parkın yanı ); Yasamal rayonu, Şərifzadə küçəsi, 196 (“İdeal” şadlıq sarayının həyəti) ünvanlarında təşkil olunub.
Nazir müavininin sözlərinə görə, Bakının 4 ərazisində belə satış məntəqələri yaradılıb. Satışı nəzərdə tutulan hər bir heyvanın qiyməti 95 manatdır.
“Həmçinin bizim məqsədlərimizdən biri gələcəkdə satış məntəqələrinin sayını artırmaqla bazarda süni qiymət artımının qarşısını almaq, əhalini keyfiyyətli və ucuz ətlə təmin etməkdir. Gələcəkdə bu cür tədbirlərin miqyası daha da genişləndiriləcək. Yarmarkalar gətirilmiş heyvanların hamısı satılanadək davam edəcək”, – deyə nazir müavini vurğulayıb.
İ.Quliyev qeyd edib ki, sahibkarlara da qurbanlıq heyvanların satışı ilə bağlı müraciət edilib. Bakıda ayrılan xüsusi yerlərdə onlar öz sağlam heyvanlarını razılaşdırdıqları qiymətə sata bilərlər.
Nazir müavini əlavə edib ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə gücləndirilmiş iş rejiminə keçib. Baytarlıq xidməti tərəfindən Bakıda 30-a yaxın xüsusi yer ayrılıb, həmin yerlərin 10-da kəsim məntəqələri fəaliyyət göstərir. Bundan başqa, yarana biləcək hər hansı antisanitar vəziyyətə qarşı xidmət tərəfindən müvafiq tədbirlər görüləcək.