Çərşənbə , Noyabr 20 2019
Ana səhifə / Şou Biznes / Ququşun Azərbaycana gələ bilməməsinin – Səbəbi

Ququşun Azərbaycana gələ bilməməsinin – Səbəbi

Azərbaycan əsilli, dünya şöhrətli sənətçi Ququş hələ də “ikinci evi” Amerikaya gedə bilmir. Məlum olduğu kimi bu günlərdə ABŞ prezidenti Donald Trampın 7 müsəlman ölkəsindən mühacirlərin ABŞ-a girişinin qadağan edilməsi qərarı İranın Azərbaycan əsilli, dünya şöhrətli müğənnisi, hazırda Londonda albom üzərində çalışan Ququşu bu ölkəyə getməkdən saxlayıb.

Musavat.com-un məlumatına görə, beləliklə pop ikonası üçün tarix yenidən təkrarlanıb. İllər öncə İrandan qadağa alan müğənniyə bu dəfə Amerikadan qadağanın gəlməsi bir anda dünya mətbuatının müzakirə mövzusuna çevrildi.

Bəs əslən azərbaycanlı olan Ququş kimdir?

Sovet dövründə Azərbaycanda da hədsiz sevilən sənətçinin qısaca da olsa, portretini çizməyə çalışacağıq. Əsl adı Faiqə Atəşin olan Ququş 1950-ci ildə Tehranın Sarıçeşmə küçəsində, kasıb bir məhəllədə dünyaya gəlib. O, Seyid Cəfər Pişəvərinin yaratdığı Milli Ordunun polkovniki, əslən gəncəli olan Qulu Sübhinin nəvəsidir. Onun valideynləri əvvəlcə Gəncədən Bakıya, daha sonra isə Bakıdan İrana köçüb. Atası Sabir İranda canbaz və əyləndirici artist kimi çalışıb.

Qızı bir qədər böyüdükdən sonra onu da özü ilə birgə səhnəyə çıxardıb, mahnılar oxutdurub. Balaca qızcığazın səsi o qədər valehedici olub ki, sonralar o, şah sarayına və şahanə məclislərə dəvətlər alır, 7 yaşında artıq filmlərə çəkilməyə başlayır. Ququş ləqəbinə gəldikdə isə, əsl adı Faiqə Atəşin olan qızcığaz hələ kiçik yaşlarından o qədər gözəl olub ki, qonşuluqdakı ermənilər onu Qu quşuna bənzədiblər və o, Ququş kimi tanınmağa başlayıb. Onu da qeyd edək ki, İran İslam İnqilabından əvvəl o, İranda “İran musiqisinin qızıl (şah) balığı” adlandırılıb.

İlk böyük uğur

Şah sarayındakı çıxışları, şahın xanımı ilə yaxın münasibətdə olan Ququş getdikcə şöhrət qazanmağa başlayır. Lakin 1971-ci ildə Fransanın Kann şəhərində təşkil edilən ənənəvi festivaldakı çıxışı onun həyatını bir anda tamamilə dəyişir. Ququş bu festivalda fransızca ifa etdiyi “Retour de la vie” və “J`entends crier je t`aime” mahnılarına görə birinci yeri tutur. Bundan sonra Ququşun şöhrəti inanılmaz dərəcədə artır. Gənc ifaçıya bir-birinin ardınca filmlərdə baş rollara çəkilmək təklifləri də gəlir. Ququş isə öz kaprizli xarakterinə uyğun olaraq rejissorlara “qrafiki uyğun olarsa çəkilərəm” cavabını verirdi.

Beləliklə Ququş tez bir zamanda İranın ən bahalı müğənni və aktrisası oldu. Bütün İran ərazisində kinoteatrların bütün afişalarında daimi olaraq Ququşun çəkildiyi filmlər göstərilirdi. Hətta afişalarda onun çəkildiyi filmlərin adı deyil, sadəcə “Ququş!” yazılırdı. Onun çəkildiyi filmlərdən “İsti hiss”, “Bita”, “Amerikalı Məməl”, “Nazənin”, “Həmsəfər”, “Darıxma gecəsi”, “Bal ayı”, “Uzun gecə”, “Bu gecə kimsə ağlayır” və sairi göstərmək olar. Onların arasında “Uzun gecə” filmi təkcə İranda deyil, dünyanın bir çox ölkələrdə də şöhrət qazanır. Film Sovet dövründə Azərbaycanda da nümayiş olunur. Iran mətbuatında yayılan məlumata görə, Ququş “Uzun gecə” filmində öz taleyini oynayıb.

Talesiz bəxtəvər, ölkəsinin dəb ikonası…

Ququşun taleyindən söz düşmüşkən, o, hələ gəncliyindən çoxlarının arzuladığı şöhrətin ən böyük zirvəsinə qalxa bilmişdi. Hər gün İran mətbuatında Ququş haqqında yazılar dərc olunur, yüksək qonorarlı konsert proqramları, filmlərə çəkilmək təklifləri gəlir. Eyni zamanda Ququş öz ölkəsində dəb, gözəllik rəmzinə çevrilmişdi. Sənətçi getdiyi Avropa ölkələrinin zövqlü dəbindən yaralanmağa çalışır. Bütün qız-qadınlar, hətta ən məşhur müğənni və aktrisalar Ququşun üslubu ilə geyinməyə, özlərini ona bənzətməyə çalışırdılar. Bütün bunlara baxmayaraq tale Ququşun üzünə gülmür. 3 dəfə uğursuz nikah yaşayan sənətçinin yeganə təsəllisi oğlu Kəmbiz olur.

1979-cu ildə İranda baş verən İslam İnqilabı digər sənətçilər kimi Ququşun da həyatını qaraldır. İran hakimiyyəti onun bütün fəaliyyətinə qadağa qoyur, ev dustağı edir, hətta çəkildiyi filmləri məhv edir. Deyilənə görə, buna əsas səbəb müğənninin şah rejimi tərəfdarı olmasıdır. Sənətçi hələ də İslam İnqilabının əleyhinə olduğunu açıq şəkildə bildirir.

“Evdən qaçış”

Fəaliyyətinin ən qızğın çağını yaşayan sənətkar birdən-birə uzun müddət ətraf mühitlə əlaqəsi kəsilmiş şəkildə, pəncərəsiz evdə dustaq vəziyyətində yaşamaq məcburiyyətində qalır. Bu səbəbdən də 2000-cu ildə Şimali Amerikaya, mühacirətə gedir. Az bir müddətdə İtaliya və Cənubi Amerika ölkələrində sevilən müğənniyə çevrilir. Bir neçə il sonra oxuduğu “Qəribi Aşina” mahnısı BBC tərəfindən Orta Şərqin ən tanınmış mahnısı adını qazanır. Lakin sənətçi gəncliyində qazandığı şöhrətə qovuşa bilmir.

Əslən azərbaycanlı olan sənətçinin erməni sevgisi, ya sevgilisi?

Ququş yaradıcılığa başlayandan müxtəlif dillərdə, o cümlədən ingilis, fransız, ispan, italyan və erməni dillərində mahnılar oxuyub. Əslən azərbaycanlı olmasına baxmayaraq Ququşun repertuarında Azərbaycan dilində mahnılara az yer verib.

Onların arasında Şəhriyarın sözlərinə Əli Səliminin yazdığı və ilk dəfə Rəşid Behbudovun oxuduğu “Ayrılıq” mahnısını xüsusilə qeyd etmək olar. Ququşun ifasında bu mahnı daha ecazkar səslənir. Müğənni hazırki konsertlərində də bu mahnını sevə-sevə ifa edir, amma gənclik dövründən fərqli olaraq, göz yaşları ilə… Əslən azərbaycanlı olan Ququş ölkəmizdə də hədsiz dərəcədə sevilir. Lakin hələ ki, o, Azərbaycana gəlməkdə tərəddüd edir. Çünki məlumata görə, onun ansamblındakı musiqiçilərin əksəriyyəti ermənidir. 2011-ci ildə isə erməni saytlarında Ququşun Ermənistana qastrol səfərinə gedəcəyi və ifaçının bu səbəbdən Azərbaycana gəlməkdən imtina etməsi barədə məlumatlar yayılmışdı. Digər məlumatlara görə isə, Ququşun sevgilisi erməni imiş.

Belə ki, day.az saytının məlumatına görə, ifaçının Azərbaycana qastrol səfərinin təşkilatçılığı ilə məşğul olan İran vətəndaşı, təbrizli Salman Pişnamaz bildirib ki, Ququşla 2 ildir bu haqda danışıqlar aparsa da, müğənni hər dəfə vaxtı uzadırmış: “Bunun səbəbini sonradan bildim. Sən demə, Ququşun sevgilisi ermənidir. O, müğənnini özünün gedə bilmədiyi heç bir səfərə buraxmır. İfaçının sevgilisi Ququşu özü olmadan heç yerə buraxmayacağını bildirdi. Üstəlik, cütlük birlikdə Ermənistana səfər etməyə qərar verib”.

Bu məlumatların ardınca Ququşun məşhur Azərbaycan mahnısı olan “Gedək üzü küləyə” mahnısını erməni dilində oxuması, daha sonra konserti zamanı azərbaycanlılarla bağlı lətifə danışması ölkəmizdə ciddi tənqidlərə, müzakirələrə yol açdı.

Sonuncu lətifə olayına görə sosial şəbəkədə tənqid atəşinə tutulan müğənni ittihamlara “Mən özüm azəriyəm” deyə cavab vermişdi.

Beləliklə, vətənindən ayrı düşdüyü üçün göz yaşları ilə “Ayrılıq” mahnısını oxuyan talesiz müğənni bu dəfə mühacirət etdiyi “ikinci evi” Amerikadan da uzaq düşüb. Onun hüquqşünaslarından biri olan Soroş Şahramın açıqlamasına görə, vəkili “yaşıl kart” sahibi olan Ququşa zəng edərək Amerikaya geri dönməməyi məsləhət verib. Hüquqşünas onu da qeyd edib ki, Ququşun yenidən Amerikaya gedib-getməyəcəyi qeyri-müəyyən qalmaqdadır.

Həmçinin oxuyun

Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq etdi

Tanınmış aparıcı Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyülüb. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Oxu.Az-a …

Bir cavab yazın