Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Qızıl medal alanların sayı ildən-ilə niyə azalır?

Qızıl medal alanların sayı ildən-ilə niyə azalır?

Etibar Əliyev: “Şagirdlərin qızıl və gümüş medallara layiq görülmələri digər həvəsləndirici tədbirlərdən fərqlənir”
Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında əmr imzalayıb. Nazirliyin məlumatına görə, “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”nı, Dövlət İmtahan Mərkəzi tərəfindən 2015-2016-cı dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələrini nəzərə alaraq və “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq, bu il Azərbaycanın ümumtəhsil məktəblərini bitirmiş məzunlardan 129-u qızıl, 29-u isə gümüş medalla təltif olunub.

Qeyd edək ki, yaxşı oxuyan şagirdlərin qızıl və gümüş medalla təltif edilməsi ənənəsi sovet dövründə də olub. Azərbaycanda orta məktəb məzunlarına qızıl və gümüş medalların verilməsi 1990-cı illərin əvvəllərindən dayandırılmışdı. 2009-cu ildə yeni qəbul olunan “Təhsil haqqında” Qanunda isə sovet təhsil sisteminin bu ənənəsinin bərpa edilməsi öz əksini tapdı.
Son beş ildə qızıl və gümüş medal alan şagirdlərin sayına diqqət etsək, azalma olduğunu müşahidə edərik. Belə ki, 2014-2015-ci tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran şagirdlərdən 131 nəfəri qızıl, 21 nəfəri gümüş medalla, 2013-2014-cü dərs ilinin yekununda 176 nəfər qızıl, 25 nəfər gümüş medalla təltif olunub. Qızıl və gümüş medalla təltif olunmağa görə rekord göstərici 2012-2013-cü tədris ilində olub. Belə ki, həmin dərs ilində orta məktəbin 11-ci sinfini 238 şagird qızıl, 10 şagird isə gümüş medala bitirib. Ondan əvvəlki il isə medal alanların sayı az olub. 2011-2012-ci tədris ilində 138 nəfər orta məktəbi xüsusi nailiyyətlərlə başa vurub. Onların 118-i qızıl, 20-si gümüş medal alıb. Ən az rəqəm isə 2011-ci ildə olub. Həmin il Azərbaycanda şagirdlərdən 37-si qızıl, 16-sı gümüş medala layiq görülüb. Beləliklə, indiyə kimi ümumilikdə 960 şagird orta məktəbi medalla başa vurub. Onlardan 839-u qızıl, 121-i isə gümüş medal alıb.

Ancaq bir sıra ekspertlər qızıl medal alan şagirdlərin qəbul imtahanında yüksək nəticə göstərməməsindən gileylənir. Bir sıra ekspertlər isə qızıl medal alan şagirdlərə qəbul imtahanında güzəştlər edilməsini istəyir. Maraqlıdır, ali məktəbə qəbul zamanı qızıl medalların nəzərə alınması neqativ hallar yarada bilərmi?

“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev şagirdlərin qızıl və gümüş medallara layiq görülməsinin digər həvəsləndirici tədbirlərdən fərqləndiyini dedi: ““Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası» 14 yanvar 2010-cu ildə təsdiq olunub. Bu qərara görə, qızıl medala namizədlərin 10 və 11 siniflər üzrə bütün fənlərdən illik qiymətləri ”5″ olmalıdır. Ümumi orta təhsil səviyyəsini 75 faiz “əla” qiymətlərlə bitirməklə tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi, illik qiymətlərinin isə hamısı “əla” olanlar medalla təltif olunurlar. Bununla yanaşı, qızıl medala namizədlər respublika və beynəlxalq əhəmiyyətli fənn olimpiadalarının iştirakçıları və qalibləri olmalıdır”.

E.Əliyev 700 bal yığan abituriyentlərə qızıl medal verilməməsinin səbəbinin məktəb qaydalarının pozulması, yəni əlavə hazırlığa getmələri ilə əlaqəli olduğunu dedi: “Şagirdlərin qızıl və gümüş medallara layiq görülməsi digər həvəsləndirici tədbirlərdən fərqlənir və bilik yarışması üçün yaxşı motivasiya yaradır. Göründüyü kimi, şərtlər həm də ağırdır. Ola bilsin ki, hansısa abituriyent qəbul imtahanından 700 bal toplasın, lakin ona qızıl medal verilməsin. Yüksək nəticə göstərənlərin əksəriyyəti müəllim yanında hazırlıq keçdiklərini bildirirlər. Çox vaxt onları məktəbdə fənlərdən aldıqları qiymətlər maraqlandırmır və nəticədə qaydalar pozulduğundan onlara qızıl medal verilmir. Həm də nümunəvi davranış kriteriyasına əməl olunmur. Elə şagirdlər də var ki, məktəb təhsilinə daha çox üstünlük verir və qaydaları yerinə yetirdikdən sonra qızıl, yaxud gümüş medala layiq görülür. Məncə, burada narahatçılığa əsas yoxdur. Məktəb direktorları qaydaları yerinə yetirməyən uşaqların namizədliyini verə bilməzlər. Bu çox böyük məsuliyyət tələb edir. Qızıl və gümüş medal şagirdlərin məktəb illərinin ən parlaq səhifəsidir”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın