Ana səhifə / Şou Biznes / Qarajda ölən sevgililərə “əcəb olub” yazanlar…

Qarajda ölən sevgililərə “əcəb olub” yazanlar…

Nərmin Dadaşova

İl olub 2016, ölkəmiz orbitə əlavə iki peyk göndərmək mərhələsindədir, amma hələ də sevgilisi ilə görüşə bilmək üçün gənclər həyatlarını oda-közə atır. Keçən il transformatorda yanan cütlüklərdən sonra, dünən qarajda boğulan cütlüklərin ölüm xəbəri aləmi bir-birinə vurub. Yenə namus keşikçiləri avtomatlarını götürüb düşüblər canımıza. “Əcəb olub” deyirlər, təsəvvür edirsiz, “əcəb olub!”

Bir – iki gün əvvəl belə əli silahlı gənclərdən biri, “facebook”da mənə məktub yazmışdı. Yazmışdı ki,mental dəyərlərə qarşı çıxıram, nə bilim lazımsız şeyləri təbliğ edirəm və s. Düzü, o məktubun ardınca bu yazı arzuolunan deyil, amma nə etmək olar, nə də olsa, bu günki gündəmin səbəbkarı mən deyiləm, mental dəyər deyə-deyə, bir- birini qucaqlamaq istəyən iki insanı transformatorun içinə, qaraja, insan ayağı dəyməyən yerlərə girməyə məcbur edən cəmiyyətdir. O cəmiyyət ki, çay içmək, yemək, yatmaq qədər təbii olan bu prosesi ayıb sayırlar. Kinoların məlum səhnələrində əlləri ilə gözlərini qapadırlar . Və hələ də övladlarına sevgidən yarandıqlarını demək cəsarətini tapa bilməyib, onları “kələmdən çıxmısan” absurdu ilə aldadırlar. Bəlkə də doğrusu elə budur, görüşməkçün yolunu ölümdən salan gəncliyi olan ölkənin insanları ancaq kələmdən çıxa bilər.
Bir kitabda oxumuşdum ki, məhəbbət – dofamin, noradrenalin, prolaktin, lüliberin və oksitasinin səviyyəsinin qısa zamanlıq artmasıdır. Yəni, hər şeydən əvvəl, sevgi fizioloji prosesdir. Sonra məsələyə psixoloji, nevroloji, mənəvi və s. haqq-hesablar qoşulur. Amma yenə də, əsas dofamindir, gözümüzü kor edən, bizi transformatora qədər aparan, bizdən xoşbəxtlik tələb edən hormonumuz.

Ona görə bu qədər xırdaçılıq edirəm ki, özünüzdə bir balaca günah hiss edəsiniz. İçinizdəki realizm hissi bir balaca başını qaldırsın. Qəbul edəsiniz ki, dünən ölən o iki gəncin ölüm səbəbi onların əxlaqları deyil, sizin mühafizəkarlığınızdır. Əsgər gedən sevgilisini parkda qucaqlaya, öpə bilsəydi bu gənc xanım maşında dəm qazından boğulub ölməyəcəkdi. Hələ onların valideynlərinin indiki halda bala dərdindən çox, “qınaq” dərdi çəkdiyini düşünmək adamı lap yandırır. İndi növbənöv bəhanələr düşünür qurban olmuş gənclərin yaxınları. Yadınızdadır, yəqin, ötən oxşar hadisədə, gəncin transformatora təmir üçün girdiyini uydurmuşdular. Əslində belə olmadığını yaxşı bilirdik hamımız. Bu gülünc bəhanə isə reallıqdan daha kədərli idi.

Mən bütün dəyərlərə təpik atıb bildiyimiz hər şeyi edək də demirəm. Əlbəttə ki, hər şeyin öz həddi, çərçivəsi, yeri var. İstədiyimiz azad düşüncəli cəmiyyətdə yaşamaq üçün əvvəlcə bu cəmiyyətdə özünü normal idarə edə bilən fərd yetişdirmək lazımdır. O fərd ki, hamımızın evində var, böyüyür. Məncə biz ilk öncə övladlarımızı dinləməkdən başlamalıyıq işə. Məsələn, oğlun səndən sevgilisi olduğunu niyə gizlətməlidir axı? Cəmiyyətin qınaq obyektinə çevrilməmək üçün, ilk addımı məhz sən özün atmalısan. Əvvəlcə özünə, sonra övladına sevginin bu qədər “adi” olmadığını başa salmalısan. Əgər bunu bacaramayacaqsansa onda Beqbederin dediyi kimi olacaq hər şey. Necə demişdi, məhəbbət döyüşdür. Əvvəlcədən uduzulmuş döyüş.

Bu gənclərdə olduğu kimi…

Həmçinin oxuyun

Əməkdar artist toyda aş gətirmək üçün 10 min dollar tələb edib

Ötən gün Azad Azərbaycan Telelviziyasında (ATV) yeni şou veriliş başlayıb. “Üçümüz” adlanan verilişin ilk qonağı …

Bir cavab yazın