Ana səhifə / Şou Biznes / Qarabağdakı müharibə Bakıda hiss olunurmu

Qarabağdakı müharibə Bakıda hiss olunurmu

Aprelin 2-dən başlayaraq Qarababağda irimiqyaslı döyüş əməliyyatları, yaxud əsl müharibə gedir. Azərbaycan silahlı qüvvələri düşmənin 24 ildir möhkəmləndirdiyi təmas xəttini iki istiqamətdən yararaq irəliləyib, işğalçılar hər gün ağır itkilər verir. Azərbaycan ordusu da itkilərsiz ötüşmür və həlak olanların sayı onlarladır.

Bəs Bakı əhalisi necə Qarabağdakı vəziyyətdən nə dərəcədə xəbərdardır? Xəbərləri izləyirlərmi? Hadisələrlə bağlı nə düşünürlər? Ümumiyyətlə paytaxtda müharibə əhval-ruhiyyəsi müşahidə olunurmu?

Bu suallar ona görə meydana çıxır ki, nisbətən yaşlı nəsil 90-cı illərin əvvəllərində Qarabağda qanlı döyüşlərin getdiyi bir vaxtda Bakıda çal-çağırın heç əksik olmadığını yaxşı xatırlayır. Sanki Bakı heç müharibə aparan, torpaqları işğal olunan ölkənin paytaxtı deyildi…

Virtualaz.org saytının əməkdaşı paytaxtdakı indiki əhval-ruhiyyəni, Bakı sakinlərinin  Qarabağda baş verənlərə dir fikrini öyrənməyə çalışıb.

Yaxınlaşdığımız şəhər sakinlərinin bir çoxu kamera qarşısında cavab vermək istəməsə də bildirdilər ki, cəbhədəki vəziyyətdən xəbərdardırlar və yeni məlumatları da izləyirlər. Video-sorğunu təqdim edirik:

Video-sorğuda iştirak etmək istəməyənlər arasında ümumiyyətlə cəbhədə gedən döyüşlərdən xəbərdar olmayanlar da tapıldı.

Paytaxt restoranlarına gəlincə isə orada da fərqli mənzərə müşahidə edilmədi. Baş çəkdiyimiz bir neçə restoranın əməkdaşı bildirdi ki, sifarişlərdə və müştərilərin sayında heç bir azalma yoxdur.

Şəhərin şadlıq evlərində də oxşar hal müşahidə olunur. Əlaqə saxladığımız bir neçə şadlıq sarayının adminstratoru bildirdi ki, heç kim cəbhədəki vəziyyətlə əlaqədar toyu təxirə salmayıb.

“Niaqara” şadlıq sarayının adının çəkilməsini istəməyən əməkdaşı virtualaz.org saytına açıqlamasında bildirib ki, toy təxirə salan yoxdur:

“Ümumiyyətlə bu günlərə əvvəldən hansısa sifariş olmayıb, amma bu günlərdə zəng edib sifariş etmək istəyənlər var”.

Başqa bir neçə şadlıq evi əməkdaşından da oxşar cavab aldıq. “Kolizey” şadlıq sarayının administratoru Rüfət Ağayev isə hesab edir ki, hazırda cəbhədə baş verənlər sevindirici hadisədir, ona görə də toyu təxirə salmağa ehtiyac yoxdur:

“Heç kim toyu təxirə salmayıb. Həm də cəbhədə baş verənlər gözəl şeylərdir. Özüm Qarabağ əliliyəm, baş verənlər mənim çoxdan gözlədiyim şeydir. Şəhidlərə gəlincə isə bu gün hamımız torpaqlarımızı geri almaq uğrunda şəhidliyə hazır olmalıyıq ”.

Beləliklə, şəhərin bir neçə yerində apardığımız mühaşidələr göstərir ki, əhali arasında vətənpərvərlik əhval-ruhiyyəsi yüksəkdir, ancaq paytaxt öz həyatını yaşamaqdadır…

Həmçinin oxuyun

Manaf Ağayev və Afət Fərmanqızı tandemi jurnalistdən nə istəyir…

Bu günlərdə jurnalist həmkarlarımdan birinin müğənni Manaf Ağayevin hələ şou-biznesdə parlamasından çox əvvəllər “makler” (ev …

Bir cavab yazın