Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Qanunlar niyə pozulur…

Qanunlar niyə pozulur…

Məşhur bir Amerika filmi var. Filmin sonunda qəhrəman deyir ki, bundan sonra bu ştatda qanun olacaq… Düşünəndə elə demokratiyanın da ən əsas və ən mühüm prinsiplərindən biri qanunun aliliyidir.

İndi hamı ölkədəki böhranla bağlı nəsə deməyə, diqqəti nəyəsə yönəltməyə cəhd edir. Amma normal iqtisadi duruma və layiq ictimai həyata da yol qanun və onun aliliyindən keçir…

Təəssüf ki, Azərbaycanı hələ qanun ölkəsi adlandırmaq bir o qədər də düzgün deyil – qanunlar “yuxarı”dan və “aşağı”dan mütəmadi şəkildə pozulur.

Mən hər dəfə düşünmüşəm ki, görən, qanunu pozan məmurlar, ədalətsiz qanun qəbul edən deputatlar, siyasi qərarlar qəbul edən məhkəmələr bunun fərqindədirmi? Bizim hüquqi dünyagörüşümüzdə ən böyük nasazlıq bilirsiniz nədir? Hamı düşünür ki, qanun onun üçün deyil, başqları üçün yazılıb…

Amma bütün bu nasazlıqlar içində bir detal var ki, o, bəlkə də indiyə qədər bu xüsusda vurğulanan amillərdən ən mühümüdür.

Söhbət nədən gedir? Bəzən qanunlardan yan keçmək onlara əməl etməkdən daha sərfəli olur – insanlar şüurlu şəkildə qanunu pozurlar, çünki qanunlarla yaşamaq onlara daha çətin gəlir. Deməli, qanunları elə yazmaq lazımdır ki, bu qanunlara əməl etmək daha sərfəli olsun…

Yadıma sovet dövründən bir detal düşür. O vaxt orduda xidmət edənlər deyirdi ki, filan oldu, belə oldu, elə oldu… Mən də hər dəfə deyirdim ki, axı, niyə belə olur, məgər nizamnamə yoxdurmu? Hər dəfə belə deyəndə qayıdırdılar ki, özün xidmət edəndə görəcəksən ki, nizamnamə ilə xidmət etmək daha çətin və məşəqqətlidir…

Bunu niyə yada saldım? Qanunları elə yazmaq lazımdır ki, onlarla yaşamaq və onlara əməl etmək daha sərfəli olsun…

İnsan təbiətən elədir ki, o, daha az müqavimət olan yolu seçir. Qanun daha çox müqavimətlidirsə insanlar daim ondan yan keçməyə cəhd edəcəklər- buna zərrə qədər də şübhəniz olmasın…

Böhran başlayandan bir məsələ diqqətimizi cəlb etdi. Az qala hər gün cəzaların və cərimələrin ağırlaşdırılması haqqında eşidirdik. Sanki hakimiyyət büdcəni doldurmağın yolunu tapmışdı. Belə praktika müsbət nəticə verə bilərmi? Güman etmirik. Sanksiyaların sərtliyi hələ o demək deyil ki, bu yolla istənilən, arzuolunan nəticə əldə olunacaq…

Qanunlar həm də o vaxt işlək olurlar ki, onlar hamı üçün nəzərdə tutulur. Hələ Nizammülkün “Siyasətnamə” əsərində belə bir detal vardı. İçkili olduğu üçün əsgərlər vəziri saxlayırlar. Qeyzlənmiş vəzir şahın yanına gəlib şikayətlənir və şahdan əsgərləri cəzalandırmağı xahiş edir. Şah isə ona deyir ki, sən vəzirsən, fəqət, qanun səndən də üstündür, qanun şahdır…

Qanunun aliliyi prinsipi “selektiv” və ya qismən ola bilməz. Mən səmimi insanam. Ölkə rəsmilərinin dediklərinə inanmağa çalışıram. Amma bu vaxtadək nə qədər siyasi məhkəmə qərarlarının şahidi olmuşam! Hər dəfə belə qərarları və belə hökmləri eşidəndə özüm də qeyri-ixtiyari olaraq düşünmüşəm ki, İlahi, gör, biz nə qədər ədalətsiz bir ölkədə yaşayırıq!..

Ona görə də qanun ədalətin sinonimi olmamalıdır. Qanun ədalətli deyilsə, nə qədər çalışırsan çalış, sanksiyaları nə qədər sərtləşdirirsən sərtləşdir, yenə də bir şey alınmayacaq…

Bizdə məhkəmələrə sayğı yoxdur. Ona görə ki, bir çox hallarda onlar siyasi xarakterli qərarlar qəbul edir, ədalətsizlik edirlər…

Hüquq müdafiəçisi M.Novitski deyirdi ki, hökumətə gülmək olar, parlamentə gülmək olar, amma bir ölkədə məhkəmələrə gülürlərsə, deməli o ölkə bərbad vəziyyətdədir.

Ona görə də bu günlər – bu böhran çağında qanun və qanunçuluq müstəsna bir əhəmiyyət kəsb edir. Qanunlar ədalətli olanda, qanunçuluq ölkədə təsbit olanda insanlara hakimiyyətin davranışını proqnozlaşdırmaq daha asan olur ki, buna da praktikada hüquqi dövlət deyirlər.

Hüquqi dövlət nəzəriyyəçiləri bir az da irəli gedərək qanunun aliliyindən deyil, hüququn aliliyindən danışırlar və diqqəti belə detala yönəldirlər ki, heç də hər bir qanun deyil, yalnız təbii hüquqa söykənən və beynəlxalq hüquq normalarını tanıyan qanun ali olmalıdır…

İndi bizdə beynəlxalq hüquq yerli hüquqa inkorporasiya olunub, formal olaraq yerli hüquq beynəlxalq sənədlərə uyğunlaşdırılıb. Amma bu, formal xarakter daşımamalı, sistemli olmalıdır. Bu isə əhəmiyyətli dərəcədə bizdən asıldır. Bir məsəl var, deyirlər ki, ədalət olan yerdə halallıq da olur…

Bu günlərdə maraqlı tele-süjetə baxdım. Avropa ölkələrinin birində həbsxanalar bağlanırdı. Deməli, insanlar heç də bəzi filosofların iddia etdiyi kimi təbiətən cinayətə meylli deillər. Onları buna əksər hallarda hüquqi və sosial gerçəkliklər vadar edir – normal sosial və hüquqi mühit yaradın, o halda qanunlar da az pozulacaq…

Hüseynbala Səlimov

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın