Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Qaçqın müğənninin iddiasına partiya sədrləri cavab verdilər

Qaçqın müğənninin iddiasına partiya sədrləri cavab verdilər

“Azərbaycanda iqtidar anormal olduğu kimi, müxalifət də anormaldır, onların da söz haqqı yoxdur. Bir çoxları da sadəcə gözdən pərdə asmaq üçün var”. Bu sözləri hazırda Almaniyada yaşayan müğənni Qismət Məmmədzadə “Yeni Müsavat”a verdiyi müsahibəsində bildirmişdi. 
Onun bu iddiasına bir neçə partiya sədrindən münasibət öyrəndik. Müxalifətçilərin əksəriyyəti müğənninin bu sözlərinə sərt reaksiya versə də, onun bu fikri ilə razılaşanlar da olub.
ADP sədri Sərdar Cəlaloğlu müğənninin fikrində heç bir yanlışlıq olmadığını deyib:
“Dəfələrlə bu barədə bildirmişəm, iqtidarla müxalifət əksliyin tərəfləridir. Vəhdət  qanununa görə əksliklərin bir tərəfi yoxdursa, o biri tərəfi də yoxdur. Azərbaycanda müxalifətin olmamasının səbəbi siyasi iqtidarın olmamasıdır. İqtidarın siyasi bir strukturu olmalıdır ki, qarşısında siyasi müxalifəti olsun. Bu baxımdan müğənninin dediklərində heç bir yanlış fikir yoxdur. “Müxalifət yoxdur” deyəndə bəzən elə hesab edilir ki, bizim iqtidara müxalifət, xalqın yanında olmağımız inkar edilir. Bu, tamamilə yanlış fikirdir. Müxalifət istənilən iqtidarın siyasətinə adekvatdır. O adam gedib Avropada Azərbaycan haqqında fikir deyirsə, onun özü müxalifətdir. Bu da onu sübut edir ki, Azərbaycanda müxalifət var, onun xaricdə və ya daxildə olmasının fərqi yoxdur. Həmin adamın Almaniyaya niyə getməsi, niyə mühacirətdə qalması, iqtidar haqqında niyə müəyyən tənqidi fikirlər deməsini başqa cür izah etmək mümkün deyil. Sən özün müxalifət ola-ola necə deyə bilərsən ki, “müxalifət yoxdur”? Bu, öz-özünü inkar etmək deməkdir. Sadəcə olaraq hazırda Azərbaycanda müxalifətin siyasi müstəvisi yoxdur ki, biz fəaliyyətimizi göstərə bilək. Çox güman ki, bu da Azərbaycanı xaosa doğru aparır”.
Sərdar Cəlaloğlu ölkədə iqtidar təmsilçilərinin belə müxalifyönlü olduğunu deyib: “Azərbaycan əhalisinin 99 faizi müxalifətdədir, hətta iqtidarda təmsil  olunanların da əksəriyyəti müxalifyönlüdür. Bunu etiraf etmək lazımdır. Zaman-zaman onların daxilində meydana çıxan hoqqalar, ayrılmalar, tərəflərin bir-birinə qarşı irəli sürdüyü ağır ittihamlar bunu sübut edir. Məsələn, Eldar Mahmudovun məsələsində bir neçə nazirliyin yüzlərlə məmuru həbs olunub. Hansı müxalifət iqtidarı bu qədər ifşa edə bilərdi? Müxalifət indi iqtidardaxili olub”.
Ümid Partiyasının sədri İqbal Ağazadə bu cür mövzuları hörmətlə dinlədiyini, amma o qədər də ciddiyə almadığını, xalqa edilən çağırışların çoxunun məsuliyyətsiz olduğunu deyib:
“Müxalifətçiliyi bəzən fərqli şəkildə qəbul edən insanlar var. Bu günlərdə ziyalı bir şəxs mənə sual verdi ki, “bu qədər problemlərin içərisində niyə etiraz etmirsiz?”. Məndə zarafatyana bir cavab verdim: “Biz etirazçı işləmirik ki”.
Siyasi müxalifət partiyası olaraq mövcuduq, hər zaman öz mövqeyimizi deyir, bildiririk. Əgər insanlar bu prosesin içərisində özlərini  kənarda görürlərsə, biz kənardan siyasətə insan gətirəsi deyilik. Əgər bizə, mövcudluğumuza inanmırlarsa, özləri müxalif partiya yaratsınlar və ya siyasi təşkilat, siyasi institut formalaşdırsınlar. Hazırda mövcud olan siyasi institutların sıradan çıxması nəticə etibarı ilə daha pis nəticələrə gətirib çıxara bilər. Buna görə də insanlar hökmən, məcburdurlar  əllərində olan siyasi institutlara inansın, onların sözlərinə etibar etsinlər. İnanmamaqda əllərində heç bir arqument, fakt yoxdur. Bütün problemlər sadalanır, deyilirsə, problemlərdən çıxış yolları göstərilirsə, niyə bizə inanmasınlar? Biz bu günədək xalqa nəyi deməmişik? Demək hər kəs məsuliyyətdən qaçmaq istəyir”.
KXCP sədri Mirmahmud Mirəlioğlu müğənninin fikirlərinə sərt reaksiya bildirib. O, müğənnini “burda olanda niyə səsləri çıxmırdı?!” deyə ittiham edib: “O adamın adı belə mənə tanış deyil. Lakin əgər atəşfəşanlıqla bağlı boykot çağırışını dilə gətirirsə, lazımsız yerlərə xərclənən, israfçılığa sərf edilən pullardan danışırsa, mütləq kiminsə əleyhinə danışmalı deyil”.
“Azərbaycanda müxalifət var, sadəcə müxalifətin ardınca gedən insanlar yoxdurlar” – deyən M.Mirəlioğlu daha sonra bunları söyləyib: “Onlar gedib Almaniyadan, Amerikadan, Orta Asiyadan, Hindistandan və s. yerlərdən bəyanatlar verirlər, burda olanda niyə səsləri çıxmırdı?! Burda deyəydilər! Müxalifət də gedib Almaniyada fəaliyyət göstərməli deyil ki?!
Hazırda Azərbaycan iqtidarının gözləri tutulub, qulaqları batıb və deyilənləri eşitmir, qulaqardına vurur, amma bu o demək deyil ki, müxalifət yoxdur. Sadəcə müxalifətə qulaq kəsilən yoxdur”.
Xatırladaq ki, bu günlərdə müğənni Qismət Məmmədzadə öz facebook səhifəsində xalqı boykota çağırmışdı. O, öz statusunda ölkədəki böhrana baxmayaraq, hökumətin Milli Parkda atəşfəşanlıq keçirməklə xalqın pullarını havaya sovurduğunu yazmış, buna görə 31 dekabr gecəsi insanları bulvarda bayram tədbirinə getməməyə səsləmişdi. Müğənninin bu çağırışı cəmiyyətdə birmənalı qarşılanmamışdı. Artıq xeyli vaxtdır Almaniyaya mühacirət etmiş Q.Məmmədzadənin facebookda belə çağırışlar etməsini onun siyasi sığınacaq almaq niyyəti ilə əlaqələndirənlər oldu. Müğənni bununla bağlı olaraq “Yeni Müsavat”a facebook vasitəsilə özəl müsahibə vermişdi.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın