Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / “Prezidentin atdığı addımı çox ciddi islahat addım kimi qiymətləndirirəm”

“Prezidentin atdığı addımı çox ciddi islahat addım kimi qiymətləndirirəm”

Fazil Mustafa: “Prezidentin atdığı addımı çox ciddi islahat addım kimi qiymətləndirirəm”

“Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilən sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətində dayandırılması barədə qanun layihəsini çox müsbət qiymətləndirirəm. Bu, sahibkarlıq subyektlərinin fəaliyyətinə yersiz müdaxilələrin aradan qaldırılmasına, sahibkarlıq mühitinin yaxşılaşmasına xidmət edəcək və ölkədə qeyri-neft sektorunun inkişafını stimullaşdıracaq”.

Bunu APA-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirib.

V. Bayramov deyib ki, əslində prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında da qeyd etmişdi ki, söhbət yalnız sahibkarın məcburi vergi öhdəliklərinin yerinə yetirilməsinin tələb edilməsindən gedə bilər. Sahibkar vergi öhdəliklərinin yerinə yetirilməsinə məsuldur və vergi öhdəliklərini yerinə yetirməlidir: “Amma sahibkardan digər ödənişlərin yerinə yetirilməsinin tələb edilməsi və sahibkarların fəaliyyətinə müdaxilə birmənalı şəkildə qəbul edilən deyil. Çünki bu, həm sahibkarlar üçün əlavə xərcin yaranmasına gətirib çıxarırdı, həm də sahibkarlıq fəaliyyətinin inkişafına zəmin yaratmırdı. O baxımdan bu qanunun qəbul olunması birmənalı şəkildə imkan verəcək ki, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələri aradan qaldırmaq mümkün olsun, sahibkarlar yalnız dövlət büdcəsinə ödənişləri təmin etməklə liberal şəkildə öz fəaliyyətlərini qura bilsinlər. Bu, imkan verəcək ki, sahibkarlar sərbəst şəkildə bazara çıxış imkanlarını genişləndirsinlər. Beləliklə, sahibkarlıq fəaliyyətinin daha yaxından dəstəklənməsi müşahidə olunacaq. Sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin aradan qaldırılması sahibkarların dövriyyəsinin artmasına və nəticədə dövlət büdcəsinə daxilolmaların artmasına gətirib çıxaracaq”.

V. Bayramov qeyd edib ki, qanun layihəsini həm də prezidentin sahibkarlığın inkişafında yeni mərhələnin başlaması barədə anonsunun reallaşması kimi də qiymətləndirmək olar: “Çünki təqdim edilən qanun layihəsi sahibkarlığın inkişafında kifayət qədər müsbət radikal dəyişikliklərə gətirib çıxaracaq. Bu, sahibkarlarla dövlət qurumları arasında ünsiyyətin minimumlaşdırılmasına və yersiz müdaxilələrin tamam aradan qaldırılmasına səbəb olacaq. Elektronlaşma yolu ilə sahibkarlarla dövlət qurumları arasında əlaqə məhdudlaşdırılacaq”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa dövlət başçısının təqdim etdiyi qanun layihəsini islahat addımı kimi dəyərləndirib: “Artıq prezident səviyyəsində özbaşınalığa çox ciddi şəkildə reaksiya verildi. Bu göstərdi ki, sahibkarlığın bu səviyyədə sıxışdırılması ölkədə biznes mühitinin, rəqabət mühitinin tam ortadan qalxmasına, iş yerlərinin bağlanmasına səbəb olur. Bu, çox yüksək bir addımdır. Ümumiyyətlə, hesab edirəm ki, sahibkarların hansısa qurumlar tərəfindən tutulub aparılması, onlardan müxtəlif qeyri-qanuni haqların tələb olunması hallarını aradan qalxması üçün bu addımın çox böyük əhəmiyyəti var. Artıq insanlar bilməlidirlər ki, sahibkarların hesabına cəmiyyətdə insanların sosial rifahı, ən azı işsizliklə bağlı problemlərinin çözülməsi mümkün olur. Sahibkarları bu qədər sıxışdıranda bu problemlər daha çox qabarmağa başlayır. Bu baxımdan prezidentin atdığı addımı çox ciddi bir islahat addım kimi qiymətləndirirəm. Ümid edək ki, yaxşı nəticələri ortaya çıxacaq”.

Qeyd edək ki, prezident İlham Əliyev Milli Məclisə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun layihəsi təqdim edib. Qanun layihəsinə əsasən noyabrın 1-dən Azərbaycan ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətində dayandırılacaq. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınaraq aparılır. Qanunun müddəaları Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın