Şənbə , Dekabr 5 2020
Ana səhifə / Şou Biznes / Prezident respublika müşavirəsində: “Bu, heç bir ölkədə yoxdur”

Prezident respublika müşavirəsində: “Bu, heç bir ölkədə yoxdur”

“Bizim üçün kənd təsərrüfatının bütün sahələri böyük əhəmiyyət daşıyır. Son vaxtlar görülən işlər və keçirilən müşavirələr, mənim bölgələrə səfərlərim bir daha onu göstərir ki, biz düzgün yoldayıq”.

Bunu Prezident İlham Əliyev Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.

Dövlət başçısı bildirib ki, biz qısa müddət ərzində özümüzü təminetmə əmsalını daha da artıracağıq. Azərbaycan öz keyfiyyətli məhsulu ilə dünya bazarlarına daha da böyük həcmdə çıxacaq. Beləliklə, ölkə iqtisadiyyatı çoxşaxəli istiqamətdə inkişaf edəcək. İdxaldan asılılıq minimum səviyyəyə düşəcək və yeni iş yerləri, istehsalat sahələri yaradılacaq ki, bunun Azərbaycan vətəndaşları üçün, dövlətimiz üçün böyük faydası var.

Prezident qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara dövlət tərəfindən verilən dəstək heç bir başqa ölkədə yoxdur.

“İlk növbədə, əgər biz vergi siyasətinə nəzər salsaq görərik ki, ölkəmizdə fermerlər bütün vergilərdən azad olunublar, təkcə torpaq vergisindən başqa”.

Dövlətimizin başçısı deyib: “Əlbəttə ki, bu, dövlət tərəfindən fermerlərə göstərilən böyük dəstəkdir. Dövlət xətti ilə ən müasir texnika alınır. Dünən təsərrüfatlarla tanış olarkən mən yeni texnikanı da gördüm. Bu texnikasız kənd təsərrüfatını inkişaf etdirmək, ümumiyyətlə, mümkün deyil. Bu il Azərbaycana 10 min ən müasir texnika gətirilib. Fermerlərə subsidiyalar verilir. Qeyd etdiyim kimi, güzəştli şərtlərlə kreditlər verilir. Yanacağın, gübrənin böyük hissəsi dövlət tərəfindən təmin edilir, metodik tövsiyələr verilir. Dövlət tərəfindən verilən tövsiyələr əsasında 40-a yaxın müasir aqropark yaradılır. Yəni, sahibkarlara, fermerlərə dövlət tərəfindən bu qədər dəstək verilir və biz bunun nəticəsini də görürük. Sahibkarlar da, fermerlər də bu işlərə məsuliyyətlə yanaşırlar, götürülmüş kreditlər vaxtında qaytarılır. Növbəti illərdə bütün sahələr üzrə konkret işlər görüləcək”.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın