Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Podratçıdan “Evrostroy-S” şirkətinə şok ittihamlar…

Podratçıdan “Evrostroy-S” şirkətinə şok ittihamlar…

Hər cür cinayətə əli bulaşmış – ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi, hazırda həbsdə olan general Akif Çovdarov və onun köməkçisi Təhmasib İsgəndərovun havadarlıq etdiyi ”Evrostroy-S” MMC-nin prezidenti Seymur Nizam oğlu İsayevin mənə qarşı etdiyi cinayət əməllərinə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində hüquqi qiymət verilməsini xahiş edirəm.

Mənim şikayətimə Nərimanov Rayon Prokurorluğunda baxılmasına etiraz edirəm”. Bu sözlər Bakı sakini Abbas Rzaqulu oğlu Həsənlinin ölkə rəhbərliyinə ünvanladığı məktubda yer alıb. A.Həsənlinin yazdıqlarından belə anlaşılır ki, “Evrostroy-S” MMC-də müxtəlif təmir-tikinti işlərini podrata götürüb və başa çatdırıb. Amma gördüyü işlərə görə pulunu bu günə qədər müxtəlif bəhanələrlə vermirlər.

Podratçı prezidentə ünvanladığı məktubda yazır:

“Hörmətli Prezident! 20 may 2012-ci ildə ”Evrostroy-S” MMC-nin təsisçisi Seymur Nizam oğlu İsayevlə qarşılıqlı olaraq razılığa gəlməklə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində inşa edilən 3 bloklu 16 mərtəbəli yaşayış binasının, Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında inşa edilən 5 bloklu, 16 mərtəbəli yaşayış binasının və Nizami rayonu, Bəhruz Nuriyev 2389-cu məhəllədə inşa edilən 2 girişli 16 mərtəbəli yaşayış binasının ümumi hörgü və mala işlərini podratçı olaraq həyata keçirmişəm.

İşlər həyata keçiriləndən sonra isə mənə əmək və materialların qarşılığında “Evrostroy-S” şirkətinin inşa etdiyi binalarda bir neçə mənzilin sənədləri təqdim edilib. Lakin sonradan bilmişəm ki, mənə verilən mənzillərin sənədləri saxtadır. Mənə qarşı bu cinayəti Seymur İsayevin tapşırığı ilə mühasib Tural Eyvazxan oğlu Hüseynov, direktor Rəşad Cəmil oğlu Abbasov, xəzinədar Elnarə Əli qızı Bağırova, Famil Məhərrəm oğlu Kazımov, Elmir Elxan oğlu Mirzəyev, Zaur Rafael oğlu İmamverdiyev törədiblər. Bu adamlar rəsmi sənədləri saxtalaşdırmaqla külli miqdarda əmlakımı ələ keçiriblər.

Mən Yasamal rayonu, Şərifzadə 12 ünvanında inşa edilən 5 bloklu, 16 mərtəbəli yaşayış binasının hər blokunu 275 min manata təmir etmişəm. 5 blokun təmirinə görə mənə 1 milyon 375 min manat ödənməli idi. Bunun əvəzində 210 min manat ödədilər. Bu gün də mənə 1 milyon 165 min manat ödəməli olduqları halda, bir manat da ödəmək istəmirlər. Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 2389-cu məhəllədə 2 girişli 16 mərtəbəli yaşayış binasında gördüyüm işlərə görə də mənə pul ödəməyiblər”.

A.Həsənli məktubunda qeyd edir ki, məsələ ilə bağlı Xətai Rayon Məhkəməsində hakim Səadət Səlimovanın sədrliyi ilə araşdırma aparılıb. Həmin araşdırma zamanı R.Abbasov aralarındakı müqavilədən xəbərsiz olduğunu, nə zaman həmin müqaviləni imzaladığını bilmədiyini deyib: “Abbasov məhkəmədə dedi ki, həmin tarixlərdə o, ümumiyyətlə, şirkətdə direktor olmayıb. Mənimlə ”Evrostroy-S” prezidenti Seymur İsayev arasında görülən işlərlə bağlı şifahi müqavilə olub. Mən sonuncuya inanmışam. Düşünmüşəm ki, Məkkəyə ziyarətə gedib gəlmiş şəxs haramxorluq etməz. Ona inanaraq Hüseyn Cavid prospektində 16 mərtəbəli yaşayış binasında tikinti dayanmasın deyə 24 min manatlıq taxtanı tikinti materialı satan şəxslərdən nisyə alıb vermişəm. Seymur İsayev saxladığı qadının anasına məxsus, Binəqədidə yerləşən evi mənə təmir etdirib. Təmir işlərinə görə 10 min 600 manat borc yaranıb. Ziya İsmayılzadə adlı şəxsə öz cibimdən 5 min manat borcunu vermişəm. Həmin pulu da bu gün də mənə qaytarmayıblar. Onun sifarişi ilə “Gilavar” restoranında 12 min manatlıq təmir işlərini aparsam da, bu günə qədər pulumu ala bilməmişəm. “Voroviski” qəsəbəsində də Seymur İsayevin sifarişi ilə onunla münasibəti olan digər bir xanımın evində 12 min 500 manatlıq təmir tikinti işləri görmüşəm. Bu işə görə də mənim pulumu ödəməyib. Hər üç şifahi müqavilə üzrə mənə qarşı 780 min manat dələduzluq ediblər. Bu azmış kimi, mənə qarşı məhkəməyə iddia verərək məndən saxta sənədlər əsasında pul tələb edirlər”.

A.Həsənli yazır ki, baş prokurora, Daxili İşlər Nazirliyinə, Bakı şəhər prokuroruna, Bakı Şəhər Baş Polis İdarəsinə və Nərimanov Rayon Prokurorluğuna şikayət ərizələri ilə müraciət edib. O bildirir ki, Nərimanov prokuroru Vüqar Əliyev işi obyektiv araşdırmayıb, hansısa maraqlarından işi gizlətməyə çalışır: “Ona görə də mənim şikayətlərimin Nərimanov Prokurorluğundan alınaraq Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmasını xahiş edirəm”.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın