Ana səhifə / Şou Biznes / “Partiya və vətəndaş cəmiyyətlərinə güc orqanlarının nəzarəti davam edəcək”

“Partiya və vətəndaş cəmiyyətlərinə güc orqanlarının nəzarəti davam edəcək”

Ölkədəki müxalif siyasi partiyaların, vətəndaş cəmiyyətlərinin, medianın bu günə qədər ən çox ehtiyat etdiyi məsələlərdən biri MTN-nin bu qurumlar üzərində mümkün nəzarəti, ofis və redaksiyalarda gizli kamera və dinləmə cihazları yerləşdirə biləcəyi ilə bağlı olub.
Maraqlıdır, MTN-nin ləğvi müxalif partiya və medianı gizli dinləmə və nəzarətdən xilas edəcəkmi? Yoxsa bu nəzarət digər güc orqanlarının timsalında başqa formada davam edəcək?
Moderator.az-a açıqlama verən sabiq ədliyyə generalı, Milli Şuranın hüquq komissiyasının sədri Vidadi Mirkamal hesab edir ki, müxalif partiya və digər qurumlara nəzarət bundan sonra da davam edəcək: “MTN-nin ləğv edilməsini birbaşa bu məsələ ilə əlaqələndirmək doğru olmazdı. Öncə bu nazirliyin ləğv edilməsinin səbəblərini araşdırmaq lazımdır. MTN ona görə ləğv edildi ki, bu nazirlik artıq ölkə üçün milli təhlükəyə çevrilmişdi. Azad sahibkarlıq mühitini pozurdu. Ölkədə banditizmin, adam oğurluğunun, rüşvət və korrupsiyanın daşıyıcısına çevrilmişdi. Bu orqan özünü cəmiyyətin gözündə tamamilə nüfuzdan salmışdı. Bu mənada düşünürəm ki, bu islahatlar 10-15 il bundn öncə həyata keçirilməli idi.
Bu nazirliyin işi yenidən qurulmalı idi. Sivil ölkələrdə olduğu kimi, bu qurum bilavasitə dövlətin təhlükəsizliyi ilə bağlı funksiyaları icra etməli idi. Bu nazirliyin ləğvi, yenidən qurulması heç də MTN-ə məxsus funksiyaların əlindən alınması demək deyil. Düşünmürəm ki, Dövlət Təhlükəsizlik Xidməti MTN-nin malik olduğu funksiyaları əlindən verəcək. Sadəcə olaraq, burada söhbət bu funksiyalardan düzgün, dövlətin maraqları naminə istifadə edilməsindən gedir.
Müxaliət partiyaları, vətəndaş cəmiyyətləri, mediaya gəlincə, vaxtiykən bu qurumların fəaliyyətinə MTN nəzarət edirdi. Hesab edirəm ki, nə qədər ki, hakimiyyət demokratik islahatlar aparmayıb, MTN-nin bu funksiyasının DTX-ya veriləcəyi şübhəsizdir. Yeni yaranmış DTX bu məsələdə öz mövqeyini ortaya qoyacaq və vətəndaş cəmiyyətlərinə nəzarət yenə də həyata keçiriləcək. Nə zaman ki, Azərbaycanda azad, demokratik cəmiyyət formalaşacaq, siyasi-hüquqi islahatlar həyata keçiriləcək, bundan sonra hər bir orqan öz yerində olacaq.
Məsələləri yalnız MTN-DTX ilə əlaqələndirmək düzgün deyil. Siz bilirsiniz ki, müxalifətlə bağlı, hakimiyyət üçün təhlükə törədən qurumla bağlı fəaliyyət təkcə MTN deyil, həm də paralel olaraq digər güc orqanları tərəfindən həyata keçirilib. Islalahtlar başa çatmayana qədər bu funksiyaların güc orqanlarının əlindən alınacağı ağlabatan görünmür”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın