Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Pampersli göy gölməçə

Pampersli göy gölməçə

Yox, əziz həmvətənlər, burdan o tərəfi yoxdur. Uzun illər bu camaatın gələcəyinə dair optimist oldum, çoxlarına qoşulub “hər şey yaxşı olacaq” dedim, “əslində biz elə deyilik, öz iradəmiz əlimizdə olsa başqa cür olarıq” yazdım, amma axır ki, gəlib pessimistlərə qoşuldum.
Bu gedişlə bizdən, türkün sözü, bir cacıq olan deyil. Gediş də həmin gedişdir, gəldiyi kimi də gedir – nə bir addım sağa, nə bir addım sola, nə də irəli, eyzən geriyə.
Biz ki bir həftənin içində “Azərbaycanın incisi” adlandırdığımız, arsız-arsız İsveçrə gölləri ilə müqayisə etdiyimiz Göygölü ayaqaltıya, subaşına, zibilxanaya çevirdik, meşəsinə pampers, suyuna plastik su qabı tolazladıq ha, özbaşına olsaq, bizdən 100 il sonra da təmizliyə, nizam-intizama riayət edən olmaz.
Allah qoymasa, hələ uzun illərin yasağından sonra xalqın üzünə açılan “dağlar incisi”nı ziyarətə gedənlər nisbətən imkanlı təbəqədir – gəzməyə maşınları, səyahətə xərcləməyə pulları var, pis-yaxşı, vəzifə, mövqe yiyəsidirlər, deməli, ali təhsilləri də var, ziyalı sayıla bilərlər. Bunlar da uşağın ombasından açdıqları p..-lu pampersi meşəyə atırlarsa, ta başqalarından nə gözləyəsən. İlk yağışda o pamperslərdəki şey maddənin itməməsi, bir şəkildən başqa şəklə düşməsi qanununa uyğun olaraq yağış suyuna qarışacaq, axıb Göygölün göz yaşı kimi duru suyuna qarışacaq, qızıl balıqların ləzzətli təamına çevriləcək.
Hələ təkcə pampers deyil ki… Allah bilir, nə qədər adam təntiyərək özünü kolun dalına verib, seçib batırmadığı kol dibi qoymayıb.
Göygölü ziyarət edən mərifətli adamlar İmamzadaya and içirlər ki, istirahət zonasında 200-ə qədər zibil qabı qoyulub, hər kəs əlindəki zibili, 10-15 saniyə əlində saxlamaqla, 40-50 metr artıq yeriməklə zibil qabına ata bilərmiş. Amma elə şey olarmı? Pampersi uşağın dalından çıxaran kimi də yaxınlıqdakı ağacın dibinə vızıldatmadın, bunun nəyi istirahət oldu? Bakıdan, Gəncədən basa-basa bura gəlmişik ki, yerdən qarpız-yemiş qabığı toplayaq? Pivəni içmişik, qabını 20 metr o tərəfdəki qaba atmaq üçün indi qımzanıb yerimizdən qalxaq? Ta nə oldu? Bu işə baxan təmizlikçilər var, canları çıxsın onlar eləsin. Müftə maaş vaaaar?
Biz buyuq. Yüzdə 99 pintiyik. Yox, öz evimizdə, həyətimizdə çox səliqə-sahmanlı, təmizliyə fikir verənik, dibçəkdə gül bəsləyərik, qızılgül kolları becərərik, amma iki addım o tərəfdə, küçədə başqa cürük. Çünki küçənin bizə dəxli yoxdur. Küçə, park, yol-riz hamınındır, oranı batırmaq olar.
Öz xasiyyətimizi bildiyimizdən idi ki, Göygöl yenidən xalqın üzünə açılanda bir çoxları deyirdi, bu tökülmüşlərimizin əxz etdiyi vərdişlərlə oranı qısa müddətdə zibilləyəcəyik. Etiraz edənlər  də vardı, deyirdilər, bax, belə deyirsiniz deyə, hökumət də camaatı Göygölə buraxmır.
İndi yaxşı oldumu? Vallahi, özbaşına qoyulsa, müdaxilə edilməsə, üzü payıza o Göygöl göy gölməçəyə çevriləcək.
Bəs nə etmək olar? Çıxış yolu var: cərimə. İctimai yerlərdə özünü pinti aparan insanları yüksək məbləğdə cərimə eləmək lazımdır – səyahətə, istirahətə xərclədikləri pulun bir misli qədər. Canları çıxsın, ödəsinlər. O qədər pulu verəndən sonra ya qaxılıb xarabalarında oturacaqlar, ya da gəlib ətrafı zibilləməyəcəklər.
Elə bilirsiniz, dünyada səliqə-sahmanın, nizam-intizamın simvolu sayılan xalqlar, məsələn, almanlar, yaponlar dib-dəhnədən, dədə-babadan belə olublar? Xeyr. Onları sərt qanunlarla minə-minə gətirib bu cür ediblər.
Adi bir misal deyim. Avropa Oyunları zamanı ilk günlər Bakıda “sarı zolağ”ı eyninə alan yox idi, basıb-keçirdilər. Yol polisləri  2-3 min sürücünü cərimələyəndən sonra hamı gördü ki, ey dadi-bidad, o andıra qalmış sarı xəttin o biri üzü ilə maşın sürmək baha başa gəlir, ondansa tıxacda yavaş-yavaş getmək daha sərfəlidir. Bu üzdən idi ki, oyunların başa çatmasından 1 ay keçmişdi, hələ də sarı zolağa keçən yox idi.
Bizimki budur: cəriməyə düşək, xərc-xəsarətə məruz qalaq, ağlımız başımıza gəlsin. Yalnız bu cür sanksiyalarla bizi nizam-intizamlı, səliqə-sahmanlı etmək olar, yoxsa – əsla.

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın