Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Özünü yandıran sürücünün 43 min manat cəriməsi var imiş

Özünü yandıran sürücünün 43 min manat cəriməsi var imiş

Sentyabrın 6-da Sumqayıt şəhərində Qarabağ qazisi olduğu bildirilən Cəmil Məmmədov özünü yandırıb. Hazırda onun vəziyyəti orta-ağırdır.
Məlumata görə C.Məmmədov avtomobilinin qanunsuz olaraq cərimə meydançasına aparılmasına etiraz olaraq intihara cəhd edib və bədənin 80 faizinə qədəri yanıq xəsarəti alıb. 
Olaydan bir gün sonra Daxili İşlər Nazirliyi rəsmi açıqlama verdi. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, Cəmil Məmmədovun Qarabağ müharibəsi iştirakçısı olması ilə bağlı iddialar həqiqətə uyğun deyil və bu günə qədər avtomobili bütün qanunları pozaraq idarə edib:
“Cəmil Məmmədov 1994-cü il təvəllüdlüdür. Pirəkəşkül qəsəbəsinin sakinidir. Həmin şəxs rəsmən avtoxuliqanlıqla məşğuldur. Bu günə qədər avtomobili bütün qanunları pozaraq idarə edib. Cəmil Məmmədovun hazırda qanun pozuntularına görə tərtib olunmuş protokollar üzrə 43 min manat cəriməsi var. Onun barəsində 463 elektron protokol tərtib olunub. İdarə etdiyi avtomobildə isə görüntüləri məhdudlaşdırıb”.
 
DİN rəsmisi qeyd edib ki, C.Məmmədov yol polisi tərəfindən sentyabrın 4-də saxlanılıb və avtomobili duracağa aparılıb: “Hadisəni isə iki gün sonra törədib. Mətbuatın qanunlara hörmət etməyən, polis əməkdaşlarını daim şantaj edən birini Qarabağ müharibəsinin iştirakçısı kimi təqdim etməsi isə rüsvayçılıqdır. Bu məsələ ilə bağlı lazımi tədbirlər görüləcək”.
DİN rəsmisinin açıqlamasından da aydın olur ki, özünü yandıran Cəlil Məmmədovun təvəllüdü onun Qarabağ döyüşlərində iştirakını mümkünsüz edir.
Məsələ ilə əlaqədar “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədovla əlaqə saxladıq. E.Əsədov onu şəxsən tanımadığını dedi: “Sumqayıtdakı qazilərimizlə də əlaqə saxladım, onlar da Cəlil Məmmədovu tanımadılar. O, 2014-cü ildə hərbi xidmətdə olarkən yaralanmış bir insandır. Amma bizim cəmiyyətimizin üzvü deyil. Dəqiq bilmirəm ki, o avtomobili dövlət verib, yoxsa öz şəxsi vəsaiti ilə alıb”.
Etimad Əsədov Qarabağ müharibəsi əlillərinin özlərini yandırması faktlarının yaxşı hal olmadığını dedi: “Həmin şəxsin özünün yandırmasına haqq qazandırmıram. Ölkədəki qanunlara riayət etmək lazımdır. Məndə olan məlumata görə onun çoxlu cərimələri olub və buna görə özünü yandırıb. Amma qaldı digər əlillərin özünü yandırmasına, əvvəllər vəziyyət çox pis idi, əlillər müalicə ala bilmirdi və yaxud müalicələri bir nəticə vermirdi, həyatdan küskün olub intihar edirdilər. Amma son zamanlar bu hallar azalmaq üzrədir, demək olar ki, yox səviyyəsindədir, tək-tük hallarda baş verir. Əlillərin özlərini yandırması yaxşı hal deyil, əgər onların səslərini dövlət orqanları, icra hakimiyyətləri eşitmirsə əlil cəmiyyətləri, təşkilatlarına müraciət etsinlər. Beləliklə, problemlərinin qarşısını ala bilərlər. Biz həmişə əlillərlə görüşlər keçirəndə onlara bildiririk ki, kimin nə dərdi-səri, ağır problemi olarsa hissə qapılmaq lazım deyil, bizə müraciət etsinlər və bizim əlimizdən nə gəlirsə aidiyyəti qurumlara çatdıraq. Yəni bu səviyyəyə getmək lazım deyil.
İndi bu insan da ola bilsin ki, ağır yara, xəsarət alıb, hamı eyni cür düşünmür axı və belə hadisələr baş verir.
Əslinə qalanda Qarabağ müharibəsi əlillərinə ən çox hörmət edən elə Dövlət Yol Polisi işçiləridir. Bəzən xəta edəndə onları buraxırlar və sairə. Özüm dəfələrlə bunun şahidi olmuşam. İndi bu hadisə necə olub, onu başa düşə bilmirəm. DYP əməkdaşları da gərək özlərini elə aparardılar ki, bu insident baş verməyəydi”. Musavat.com

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın