Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / “Özümü Məhəmmədi bələdiyyəsinin qarşısında yandıracam” – SOS

“Özümü Məhəmmədi bələdiyyəsinin qarşısında yandıracam” – SOS

Mirzəyeva Nuranə Hərif qızı 1974 – cü ildə Astara rayon Şiəkəran kəndində anadan olub. Təhsil aldıqdan sonra bir müddət rayon mədəniyyət evində işləyib. Artıq səkkiz ildir ki, Azərbaycan Dəmir yollarında çalışır. Həyat yoldaşından boşandıqdan sonra beş yaşlı azyaşlı qızı Dənizlə birlikdə yaşayır. Sosial durumu elə də yaxşı deyil, hər ay 300 manat əmək haqqı alır.
Həyat hekayəsini belə nəql edir Nuranə xanım:
Qızımla kirayə yaşayırdıq Bakıda. 2013 – cü ildə Kürdəxanı qəsəbəsinin yeni yaşayış massivində qəsəbə sakini İslamov Ruhulla Fətəli oğlundan ev tikmək üçün iki sot həyət yanı torpaq aldım. Bunun müqabilində R.İslamova 2400 manat pul verdim. R.İslamov mənə etibarnamə verdi və bu Bakı şəhəri 14 saylı notariat kontorunda xüsusi qaydada təsdiq edildi. Xatırladaq ki, yeni yaşayış massivi Məhəmmədi bələdiyyəsinin tərkibindədir.
Bələdiyyə üzvləri evimi uçurtdular…
Kredit götürüb ev tikdim və işdə olduğum bir vaxtda Məhəmmədi bələdiyyəsinin sədri Vaqif Nəbiyevin müavini Elnur adlı şəxs və bir neçə əməkdaşı onunla gələrək mənim evimin uçurtmuşdular və iddia etmişdilər ki, tikili qanunsuzdur. İşdən gəldikdən sonra məsələylə bağlı polisə müraciət etdim. Həmin şəxslər polisə dəvət edilsələr də sonradan sərbəst buraxıldılar. Polisə müraciət etdiyimə görə bələdiyyə sədri Vaqif Nəbiyev və onun işçiləri mənimlə prinsip aparmağa başladılar. Hələ evi tikəndə Elnura şirinlik olaraq 150 manat pul verdim, dedi ki, azdır, 500 manat ver. Mənim də imkanım olmadı ona bu pulu verməyə.
Bələdiyyə evimi başqa bir adama satıb…
Evimdə yaşadığım bir vaxtda Məhəmmədi bələdiyyəsi mənim evimi torpaq qarışıq Əliyev Zahir Tahir oğluna satıb. Zahirin həyat yoldaşı Nəzakət xanım da əraziyə gəldi və bildirdi ki, yox, bura bizim yer deyil, bizə başqa yeri söz vermişdilər. Nəzakət xanım getdi və bir saat sonra Vaqif Nəbiyevin kadırı olan Elnur adlı şəxslə qayıtdı və iddia etdi  ki, bura mənim torpağımdı, çıx evdən. 2013 – cü ilin avqust ayından mübahisəmiz başladı. Əliyev Zahir  və onun həyat yoldaşı Nəzakət Əliyeva məni məhkəməyə verdi. Xırdalan şəhər məhkəməsində hakim Şövkət Nəcəfova qərar çıxardı ki, ev sökülməlidi və sən evdən çıxmalısan. Mən də Xırdalan məhkəməsindən Sumqayıt şəhər Apellyasiya məhkəməsinə şikayət verdim. Apellyasiya məhkəməsi mənim prosesdə iştirakım olmadan Xırdalan məhkəməsinin qərarını qüvvədə saxladı.
Mənə on gün vaxt veriblər
Üç ildi bu evdə yaşayıram. Evin qazı, suyu və işığı mənim adımadı. Sonuncu məhkəməmiz dekabrın 2 – də oldu və mənə yanvarın 30 – a kimi vaxt veriblər. Mən axı bu torpağı R.İslmovdan pulla almışam, etibarnaməm də var. Atam yox, anam yox, mən indi azyaşlı körpəylə hara gedim?! Evi uçurdarlar deyə, qorxumdan qızımı bacımgildə qoymuşam. İşdə oluram qorxuram ki, mən evdə olmayanda evi gəlib uçurdarlar. Kürdəxanıda və Məhəmmədi qəsəbəsində tikilən evlərin heç birinin doğru – düzgün bir sənədi yoxdu. Niyə bələdiyyəçilər bunu araşdırmır? Bunların gücü kimsəsiz qadına çatır?
R.İslamov məndən başqa qonşulara da torpaq satıb, heç onlara toxunan yoxdur. Amma mənə qan uddururlar. Uşağım xəstədi, müalicənin hesabına yaşayır. Heç bir yerdən köməyim yoxdu, xahiş edirəm mənə kömək edin. Sizin vasitənizlə ölkə başçısı İlham Əliyevdən, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanımdan kömək istəyirəm.
Məhəmmədi bələdiyyəsi saxtakarlıq edir
Məsələylə bağlı torpağı Mirzəyeva Nuranəyə satan İslamov Ruhulla Fətəli oğluyla görüşdük. R.İslamov bildirdi ki, torpaq onundu və puluyla satıb. R.İslamovun bildirdiyinə görə Məhəmmədi bələdiyyəsi saxtakarlıq edir: “Biz bu problemlə bağlı Vaqif Nəbiyevin qəbulunda olduq və o, bizə söz vermişdi ki, N.Mirzəyevanın evi sökülməyəcək. Əliyev Zahir Tahir oğluna başqa yerdən torpaq verəcəm. Amma, görünür problem deyildiyi kimi qalıb”.
 
Məhəmmədi bələdiyyəsindən açıqlama
Məsələylə bağlı Məhəmmədi bələdiyyəsinin sədri Vaqif Nəbiyevlə telefon əlaqəsi saxladıq. Bələdiyyə sədri bildirdi ki, xəstəxanadan təzə çıxıb. Səhhətində problem var: “Qızdrımanın içindəyəm, xəstəxanadan təzə çıxmışam. Qaldı ki, o, məsələyə Nuranə Mirzəyevanın evi sökülməyəcək. Əliyev Zahir Tahir oğluna başqa yerdən torpaq veriləcək”.
Mövzunu diqqətdə saxlayacağıq. Amma Nuranə Mirzəyevanı qorxudan məhkəmənin qərarıdır. Şikayətçi deyir ki, on gün vaxtım qalıb evdən çıxmağa. Buna qədər qarşı tərəfin problemi həll olunsa və məhkəmə qərarı ləğv edilsə, o zaman rahat ola bilərəm. Biz də istəyirik ki, problem sülh yoluyla həll olunsun. Qışın günündə bir Azərbaycan qadının azyaşlı körpəsiylə küçəyə atılması kişilikdən deyil.  Moderator.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın