Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Onlar mitinq keçirir, biz isə “adama 30 manatdan” pul yığırıq

Onlar mitinq keçirir, biz isə “adama 30 manatdan” pul yığırıq

8 martın fəlsəfəsini Azərbaycanda nə vaxt və niyə öldürdülər?

Bir neçə gün sonra Azərbaycanda da 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd ediləcək. Bu təqvimin azərbaycanlılar üçün yeri və önəmi dünyadakından xeyli fərqlənir. Çünki elə bugünlərdə orta məktəblərin qapılarında toplaşan valideynləri, onların əllərindəki siyahını görəndə anlayırsan ki, bayram qapıdadır. Azərbaycanda illərdir 8 mart bayramı müəllimlər günü kimi assosiasiya olunur: torba-torba hədiyyələr verilir, pul yığılır, bunu kampaniyaya çevirirlər…
İnsafən bunun qarşısını almaq üçün bəzi məktəb direktorları pul yığımına qadağa da qoyublar. Necə deyərlər, Azərbaycanda qadağalar onları pozmaq üçündür. Bu dəfə də canfəşanlığı valideynlər edir. Onlar nə yolla olursa olsun, müəllimələrin əziyyətini qiymətləndirmək istəyir, “ildə bir dəfə bayram olur, ayıbdır” məntiqi ilə, gizli yolla pul yığır və onu müəlliməyə çatdırmanın yollarını axtarırlar. Psixoloqlara inansaq, bu, illərdən bəri gələn 8 mart vərdişlərinin unudulmamasının, beyinlərdə kök salmasının təzahürüdür.
Əslində isə soruşsan, bunu edənlərin çoxu 8 martın tarixi barədə bir kəlmə də bilməzlər. Uzaqbaşı “Klara Setkin” deyib, durarlar, amma onun da hansı əməli etdiyindən xəbərsiz olarlar. Halbuki sözün böyük mənasında 8 mart dünyanın bütün yerlərində qeyd edilir. Amma necə?
 
“Yeni Müsavat” ötən illərin təcrübəsini yada salaraq, dünyada bu bayramın hansı məqsədlə, necə keçirilməsi barədə arayış hazırlayıb. Məlum olub ki, Antarktikadan tutmuş Avstraliyaya kimi əksər ölkələrdə, hətta qadın azadlıqlarının məhdud olduğu Əfqanıstanda belə qadınlar bayramı münasibətilə müxtəlif tədbirlər və nümayişlər keçirilir.
2013-cü ilin statistikasından bir örnək. Həmin ilin 8 martında Londonda minlərlə qadın Millenium Körpüsündə dinc yürüş keçirib. “Mənə Körpüdə Qoşul 2012″ qadın hərəkatı çərçivəsində keçirilən kütləvi nümayişdə keçmiş britaniyalı baş nazir Toni Bleyerin həyat yoldaşı da iştirak edib. Nümayiş iştirakçıları qadın hüquqlarına dair müxtəlif şüarlar səsləndirərək, dünyada sülhün bərqərar olması üçün havaya göyərçinlər buraxıb.
Mərakeşdə səfərdə olan “BMT Qadınlar” qurumunun başçısı Mişel Başelet həmin il qadınlar gününün kəndli xanımlara həsr olunduğunu bildirib. Hökumət rəsmiləri, şah ailəsi və qadın təşkilatları nümayəndələri ilə paytaxt Rəbatda görüşlər aparan Başelet qadınların Ərəb Baharında böyük rol oynadığını və nəticədə yaxın regionda, o cümlədən Mərakeşdə də qadın hüquqlarının inkişaf etdiyini qeyd edib.
Bosniyada xeyli sayda qadın Sarayevanın mərkəzi meydanında bir araya gəlib. Qadınlara bərabər hüquqların verilməsini tələb edən nümayişçilər simvolik olaraq havaya minlərlə ağ rəngli şar buraxıb.
Rusiyada 8 martda qadınlara çiçək hədiyyə vermək ənənəsi Moskva küçələrində öz təsdiqini tapıb. Kimi bayramı sadəcə hədiyyə verməklə passiv şəkildə keçirdiyi halda, bəziləri aktiv fəaliyyətə üstünlük verib. Belə ki, yüzlərlə qadın İnqilab abidəsi önünə toplaşaraq, qadın hüquqlarına dair müxtəlif şüarlar səsləndirib. Bəzi nümayiş iştirakçıları rus qadınının cəmiyyətdəki statusunu göstərmək üçün qısa satirik tamaşa təşkil edib. Qadınların havada yellədiyi plakatlarda “kişilərə və qadınlara bərabər maaş!”, “Büdcə ixtisarı qadınlar üçün yoxsulluğa bərabərdir” kimi yazılar və şüarlar yer alıb.
İraqda da qadınlar günü qeyd olunub. Paytaxt Bağdadın Karx rayonunda bir xeyli qadın bir araya gələrək Beynəlxalq Qadınlar gününü əsl bayrama çevirib. Bir qrup qadın musiqi sədaları altında cənfəşanlıqla rəqs edib. Bəzi qadınlar 8 martı simvolizə etmək üçün Dəclə çayına müxtəlif şamlar buraxıb.
 
Gördüyünüz kimi, sözügedən dünya ölkələrində 8 mart öz mahiyyətinə uyğun keçirilib. Bizdə isə onun tarixi, gerçək mahiyyətini bilənlər azlıq təşkil edir. 8 Martın tarixi barədə müxtəlif mənbələrdə fərqli məlumatlar olsa da, ən çox rast gəlinəni budur: 
1857-ci ilin 8 mart günü ABŞ-ın Nyu York şəhərində 40 000 toxucu fəhlə daha yaxşı iş şəraiti tələbi ilə tekstil fabrikində tətil edib. Polisin hücum etməsi, fəhlələrin fabrikə doldurularaq qapının bağlanması və meydana gələn yanğında fəhlələrin fabrik qarşısında qurulmuş barrikadalardan qaça bilməməsi nəticəsində əksəriyyəti qadın olan 129 fəhlə ölüb. Fəhlələrin dəfn mərasimində 10 000-dən çox insan iştirak edib.
1910-cu il 26 – 27 avqust tarixdə, 1857-ci il hadisələrindən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadın, hər il 8 mart gününün Dünya Qadınlar Günü olmasını təklif edib və onun bu təklifi qəbul edilib.
1917-ci ildə Çar Rusiyasında qadınlar, pis həyat tərzinə qarşı “çörək və sülh” adlı nümayiş keçiriblər. 8 mart günü olan bu tətil daha sonra digər Avropa ölkələrində də qeyd edilməyə başlanıb.
Müxtəlif illərdə bəzi ölkələrdə qeyd edilməsi qadağan olunan 8 mart tarixi 1960-cı ildən sonra ABŞ-da qeyd edilərək dünyanın da gündəminə gəlməyə başlayıb.
1975-ci il dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu il, Beynəlxalq Qadınlar ili olaraq tarixə düşüb. Həmin ilin beynəlxalq qadın ili elan edilməsindən sonra BMT-də 1975-ci ilin 8 martı ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirilib. İki il sonra 1977-ci ildə isə BMT-nin Baş Assambleyasında 8 mart qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edilib.
 
Bu real məlumatlar, bu da bizim “pulyığma aksiyalarımız”. Görək 8 mart kimin üçün bəhanədir? 

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın