Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / “Ondan sonra hamı danışırdı ki, kitabın pulunu Rəsul Quliyev verib” – Musa Yaqub

“Ondan sonra hamı danışırdı ki, kitabın pulunu Rəsul Quliyev verib” – Musa Yaqub

Onu həmişə düz danışan, haqqı-ədaləti müdafiə edən bir ziyalı kimi tanımışıq.  90-cı illərdə millət vəkili də olmuşdu. Sonra parlament haqqında “Kim gətirdi bura məni?” deyib geri çəkildi. Ancaq yenə ölkədə baş verən ictimai-siyasi hadisələr barədə öz sözü, öz fikri oldu, ziyalı mövqeyini, ziyalı duruşunu qoruyub-saxlaya bildi.
 
Söhbət tanınmış şair Musa Yaqubdan gedir. O Musa Yaqubdan ki, uzun illər öncə doğulduğu Buynuz kəndinə qayıdıb orda yaşamağa başlasa da, adı həmişə ciddi sənət, şeir məclislərində çəkilib, hörmətlə anılıb.
“Bəs Musa Yaqub indi hardadır? Nə işlə məşğul olur, nə yazır? Azərbaycanın bu gününü-sabahını necə görür?” deyə düşündük və telefon açıb bir balaca söhbət etdik.  Həmin söhbəti təqdim edirik:
– Musa müəllim, necəsiniz, səhhətiniz necədir?
– Yaxşıyam. Ömrün elə bir vaxtıdır ki, necə olmağım əhval-ruhiyyədən asılıdır. Payız havası kimi gah yaxşı oluram, gah da, bir az özümü narahat hiss edirəm.
– İndi haradasınız: Bakıda, yoxsa Buynuzda?
– Qış olduğu üçün kəndə getmək mümkün olmur. Orda tək yaşamaq çətindir. Uşaqlar burdadır, mən də bura gəlmişəm.
– Daha çox kimlərlə görüşürsünüz, kimlərlə zəngləşirsiniz?
– Yazar dostlarla görüşürük. Birlikdə vaxt keçiririk. Şükür, dostlar çoxdu.
– Musa müəllim, siz tanınmış bir şairsiniz. Gənclər sizi çox sevir, oxucularınız çoxdur. Bəs dövlət, hökumət səviyyəsində olan münasibətdən necə,  razısınızmı?
– Bilirsiniz, mən özüm-özümdən asılıyam. Elin münasibətindən razıyam. Hər gün cavanlar zəng edirlər. Gündə 5-6 yerdə yazılarım haqqında söz deyirlər. Sosial şəbəkələrdə fikirlərini yazırlar. Elin-obanın diqqətini alqışlayıram, sağolsunlar ki, diqqətdən qoymurlar. Bu, mənə bəsdi.
– Tez-tez deyirlər ki, Musa Yaquba, Ramiz Rövşənə xalq şairi adının verilməməsi ədalətsizlikdir. İstəyirsizmi sizə xalq şairi adı verilsin?
– Açığı, mən bu barədə fikirləşməmişəm. O paydır. Payı istəməzlər, verərlər. Verirlərsə, versinlər. Bu ad üçün əldən getmirəm.
– Yəqin ki, gündəlik mətbuatı, televiziyaları izləyirsiniz. Son dövrlər ölkəmizdə sosial vəziyyətin ağırlaşmağı, dolların qiymətinin qalxmağı, insanların yaşayış vəziyyətinin çətinləşməsi barədə hər gün yazılır. Bir ziyalı kimi baş verənlər barədə fikirlərinizi bilmək maraqlı olardı…
– Bəli, yazılır, deyilir, tənqid olunur. Həm iqtidarda, həm müxalifətdə bilirlər ki, böhrandır. Qiymətlər iki dəfə qalxıb, insanlar əziyyət çəkir. İnsan fikirləşir ki, niyə belə vəziyyət baş verib? “Biz ki günəş ölkəsiyik, öldürdü bu kölgə bizi…”
– Bəzən deyirlər, xalqın çətin günlərində ziyalılar sinəsini sipər etməlidir, ziyalı sözü deyilməlidir. Sizə elə gəlmirmi bizim cəmiyyətimizdə son illər ziyalı sözünə, müqavimətinə ehtiyac var?
– Ziyalı sözünə həmişə ehtiyac olub. Ziyalının fikri daim iqtidarın diqqətində olmalıdır. Məsələn, mədəniyyət sahəsi inkişaf etdirilməlidir, bu sahəyə qayğı olmalıdır ki, ölkə ad qazansın. Düzdür, indi bəzi işlər görülür… Nəysə, bu, çətin söhbətdir…
– Musa müəllim, bəs bugünkü cəmiyyətimizdə Azərbaycan ziyalısı hardadır? Biz niyə onların səsini eşitmirik?
– Ziyalılar var, amma səsləri eşidilmir. Gərək onlar söz danışanda eşidilsin. Deyirlər mətbuatımız böyükdür, genişdir, söz azaddır. Söz onda azad olar ki, onu eşitsinlər. Əvvəllər mətbuat dördüncü hakimiyyət kimi fəaliyyət göstərirdi. Jurnalistlərimizin səsi eşidilirdi. İndi onların səsi tək-tək eşidilir, amma nəzərə də almırlar. Mən bu haldan narahatam.
 
– Siz siyasətlə də məşğul olmusunuz. Beş il millət vəkilliyi etdiniz. Məşhur şeirinizdə vardı: “Kim gətirdi bura məni?” Hər halda, ömrünüzün müəyyən hissəsi siyasətdən keçib. Ziyalılara ehtiyac olan belə bir dövrdə parlamentdə və yaxud hər hansı bir partiyada təmsil olunmaq istəyərsinizmi?
– O illər keçib gedib. İstəsəm də, indi o qüvvə məndə yoxdur. Mən öz siyasətimi şeirimlə həyata keçirirəm. Çox fəal şəkildə də işləyirəm. Son vaxtlar yazılar, şeirlər dərc etdirmişəm. Daha sözlərimi siyasətlə yox, sözlə deyirəm. Siyasətim yalnız şeirlərimdir. Başqa siyasət tanımıram. Nəsə fikrim olanda şeirlə deyirəm. Eşidən eşidir. Füzuli deyir “Heç kəsə dərdi-dil lazım deyil dərman üçün”. Yəni mən dərdimi deyirəm, dərman istəmirəm.
– Bilirsiniz ki, Azərbaycanda yaxın vaxtlarda vitse-prezident vəzifəsi təsis olunacaq. Cəmiyyət arasında belə bir fikir formalaşıb ki, bu vəzifədə xalqa yaxın adamlar olsa, insanların vəziyyəti yaxşılaşa bilər…
– O qədər yaxşı mütəxəssislər var. İstəyərəm həmin şəxs bir az cavan olsun. Ürəyi vətən eşqiylə döyünsün. Xüsusilə mədəni işlərə daha çox diqqət ayırsın. Şeirimizi, sənətimizi maddiləşdirməsin. Azərbaycan ədəbiyyatının, rəssamlığının inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməsin.
Son iki ildə çoxlu şeirlər, kitablar yazılıb. Heç biri Azərbaycan kitabxanalarında yoxdur. Çünki insanlar kitab almır. Mədəniyyət və Turizm Nazirliyi kitab vermir. Bəs cavanlar nə kitab oxusun? Kitabın yayılmasına şərait yaratmayıblar. Şairlər necə yaşamalıdır? Özün yaz, nəşriyyat tap, apar çap elə, gətir göz dağı kimi yanında saxla. Biz kitabsatan deyilik axı. Vitse-prezident bu işlərdə kömək eləsin. Mən birini demirəm, desəm, gərək 20 nəfər deyəm.
– İsmayıllıda vəziyyət necədir? Rayonun bugünkü vəziyyətini necə görürsünüz?
– İsmayıllı da Azərbaycan torpağının bir hissəsidir. Təbii ki, onların müəyyən qayğıları var – bütün rayonlar kimi. Mən icra başçısının fəaliyyətindən razıyam. Əlindən gələni eləyir.
– Bir vaxtlar eks-spiker Rəsul Quliyevlə dostluq münasibətlərinizin olduğu deyilirdi. İndi necədir aranız?
– 10-15 ildir heç bir münasibətim yoxdur. O vaxt mənim bir “Nanə yarpağı” kitabım vardı. O, Milli Məclisdə demişdi ki, bu kitabı oxuyun, Musanın yaxşı şeirləri var. Ondan sonra hamı danışırdı ki, kitabın pulunu Rəsul Quliyev verib. Vallah,elə olmayıb. Sadəcə, Rəsul Quliyev poeziyayla maraqlanan adamdır. Vaxtilə özü də şeirlər yazıb.
 
– ABŞ-a gedəndən sonra danışırdınız?
– İlk 3-4 ildə hə, sonra nəsə əlaqə kəsildi.
– Musa müəllim, indi nə yazırsınız?
– Xeyli şeirlərim var. “Azərbaycan” jurnalında silsiləm gedəcək. Şeir kitabı hazırlayıram. Yaradıcılığımın yarısı kitabda yer alacaq. Kömək edən olsa, çap etdirəcəm.
– Bir şair, bir ziyalı kimi ölkəmizin gələcəyini necə görürsünüz?
–Azərbaycanın hər şeyi var. Ölkəmizin gələcəyinə böyük ümidlə baxıram. Dalğalanıb, çalxalanıb, ramını alacaq. İnsanlara, heç olmasa, ümid vermək lazımdır ki, ideyalarını, elmini, kitabını, mədəniyyətini yaşatsın, irəli aparsın. Sovet dövründə mədəniyyətə diqqət ayrılırdı. İndi fikir verən yoxdur. Mədəniyyəti yaddan çıxarmaq olmaz, onu maddiyyata dəyişmək fəsad törədər. Bu cəhətdən vətən üçün narahatam. Amma yenə gələcəyi işıqlı və duru görürəm.(xeber365.com)

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın