Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Şou Biznes / Ölüm xəbəri çıxan məşhur futbolçu Faiq Cabbarov iş axtarır

Ölüm xəbəri çıxan məşhur futbolçu Faiq Cabbarov iş axtarır

Azərbaycan milli komandasının sabiq futbolçusu Faiq Cabbarovun “Report”a müsahibəsi

– Ötən gün ölüm, sonra isə itkin düşdüyünüzə dair xəbərlər yayıldı. Bəs əslində nə baş vermişdi? 

– “Kəpəz”in keçmiş əməkdaşı Nofəl Əzizov gəlib məni tapdı. Telefonda çıxan xəbərləri göstərdi. Mən şokda idim. Yazılmışdı ki, Faiq Cabbarov öldü. Bu xəbərləri kim çıxarıb, niyə çıxarıb? O adamı görsəm, “sağ ol” deyəcəm. Çünki 2,5 ildir heç kim məni yada salmır. Ölüm xəbərimi eşidəndən sonra hamı axtarır. Telefonum susmur, hamı axtarır. Bakıdan telekanallar çəkilişə gəlir. Mənim ölüm xəbərimi çıxaran kimdirsə, Allah onun balasını saxlasın. Yoxdursa, Allah ona bala qismət olsun. O, çox gözəl insandır. Şokdayam, elə bir yerdəyəm ki, heç kimin xəbəri yoxdur. İnsanlardan uzaq yerdəyəm. Bəzi insanların gördükdə dözə bilmirdim. Dedim gedim toyuq-cücə, dovşan, inək görüm, beynim sakitləşsin. Nofəl müəllim məni qardaşımla danışdırdı. Ağlaya-ağlaya başsağlığı verənlər, qapıya gələnlər vardı. Bu gün məni guya dəfn edəcəkdilər… İnsan özünü necə hiss edər? Elə bir donub qalmışam. Nofəl müəllim olmasa idi.. Bilmirəm nə məsələdir.

– Niyə insanlardan aralandınız, harda yaşayırsınız? 

– Gözəl bir insan, ağsaqqal, 17 il rayonun polis rəhbəri işləşmiş Nazim Dadaşov gördü ki, işsizəm, küçələrdə qalmışam. Mən çəkdi yanına. Nə mənada? Yəni, iş-güc yox. Nə qədər orda-burda kiminsə hesabına yemək, içmək olar? Sağ olsun, mənə atalıq etdi. Gətirdi yanına və iş verdi. İndi təsərrüfatla məşğul oluram. Bura məcburən gəldim. Hara getdimsə, iş vermədilər. Məni tanıyısınız. Titullarımı qoydum qırağa, baş məşqçi işləyəndə “Gilan”ı I Liqaya çıxardım, sonra isə “ABN Bərdə”ni yaratdım, “Şəmkir” klubunu yenidən bərpa etdim. Bunların hamısını etdim. İnsanın şəxsi həyatında hər hansı bir səhv varsa, onun futbola nə dəxli var? Yəni, belə şeylər var. Hara gedimsə, iş vermədilər.

– Səbəb nə göstərirdilər? 

– Kateqoriya lazım idi. Bilirsiniz necədir? Mənim oynadığım futbol da göz qabağında olub, tarixə düşmüşəm. Ulu Öndər Heydər Əliyevlə şəklim var. 1997-ci ildə İlin futbolçusu mən olmuşam. Bu gün gedirəm, kateqoriya istəyirlər. SSSR-nin vaxtında oynadığımız futbolçular pensiya alır, amma mənə vermirlər. Onun yanına göndərirlər, bunun yanına göndərirlər. Rusiyadan 2,5 ildir qayıtmışam. İş yox, güc yox. Məgər mənə iş verə bilməzdilər? Heç olmasa, 12-13 yaşlılardan ibarət komandaları verərdilər, başımı aşağı salıb işləyərdim. Amma sual verməmiş mənə deyirdilər ki, Faiq içir… Hamı içir də… İş verin, içməyim. 15 yaşımdan canımı futbola qoydum. 8 il milli komandada oynadım, Azərbaycanı təmsil etdim. 6 dəfə ölkə çempionu olmuşam. Bəs yaxşı, bu illər heç nədən getdi? Canımı heç nəyə qurban verdim? Sağ olsun “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov. məşqçilər Elçin Rəhmanov, Zaur Tağızadə, Azər Cabbarov, “Qəbələ”nin kapitanı Rəşad Sadiqov… Hamısı kömək etdi. Amma nə qədər kömək olar? İş lazımdır. Mən topal deyiləm, ayağım, əlim, başım var. Məni çəkərdilər qırağa, deyərdilər biz sənə kömək edərik. Mən məşqçi işləyən müddətdə içki içməmişəm.

– Yəni, işsizlikdən içirdiniz? 

– Bəli, nə edim? İçirdim. Amma necə içirdim? Deyirlər ki, mənim meyidimi küçələrdən tapıblar. Mən küçədə yatmamışam, içib yıxılmamışam. Yoldaşlarla, dostlarla onların hesabına yeyib-içmişəm. Gərək hər şeyi düz deyəsən. Deyirdim ki, hə, içmirəm. Amma niyə? İçirdim, fikirləşirdim ki, bu qədər titul, ad olduğu halda niyə işsiz qalmışam? İş başqa şeydir. Bütün günü gəzirsən, görürsən ki, Gəncədən Bakıya hamı səni tanıyır. O görür, bilir ki, iş-gücüm yoxdur. Deyir gedək çörək yeyək, araq içək. Belə olub. Yoxsa mən butulkanı cibimdə gəzdirib başıma çəkməmişəm. Ad çıxarıblar, çıxarsınlar. Göydə Allah var.

Bəs keçmiş klubunuz “Kəpəz”ə müraciət etmədiniz? 

– Mən düşüncəli insanam. Baxıram ki, Şahin Diniyev baş məşqçidir. Köməkçisi Füzuli Allahverdiyev, Xaliq Mərdanov kimi keçmiş futbolçulardır. Onlar ordadır. 19 yaşlarda Vidadi Rzayev, İbrahim Hüseynov, Mətləb Məmmədov, Fuad İsmayılovdur. Bunlar işləyirlər düzdür? Mən gedim Şahin Diniyevdən hansı işi istəyim? O gərək kimisə çıxarsın ki, məni işə götürsün də… Bu da kişilikdən deyil. Bəlkə də heç çıxmayacaq, amma demək düzgün deyil. Özüm də fikirləşirəm ki, yerlər doludur. Bəlkə də dərk eləməsəm, Şahin Diniyev Mətləb Məmmədov cavandır, onu çıxarıb, yerinə məni qoyar. Amma bu, kişilikdən deyil. O da cavandır, ailəsi var. O da işləmək, pul qazanmaq istəyir. Gedib Qurban Qurbanova deyərdim ki, mənə iş ver. Hansı işi versin? Qurbanovun yanındakı köməkçiləri də yerindədir, hamısı təcrübəlidir. Nə deyim?

– İşinizi harada qurmaq istəyirsiniz? Təklif olsa, futbola qayıdarsınız, yoxsa indiki işinizdə çalışmaq istəyirsiniz? 

– Mən futbola bağlı adamam. Çox deyirlər içki. İçkini də atmışam, namaza başlayacağam. 3,5 il namaz qılmışam. Sonralar nəsə problemlər oldu, Rusiyada zadda… Bilirsiniz, işsizlik çox pis şeydir. İndi elə elə bir insan məni yanına çəkib ki, sağ olsun. İş verib, işləyirəm. Təsərrüfatdır. Amma mən futbolu bilirəm, yanıram. Biri var bilməyəm, biri də var bacarıram. 12 yaşlıları versinlər, siz də köməklik edin, jurnalistsiniz. Başımı salım aşağı işləyim.

– Təki sizi futbolda görək. Amma indi telefonla danışarkən, toyuq-cücə səsi eşidirik… 

– Təsərrüfatdayam. Bəzi insanlardansa, burada qoyun da var, xoruz, cücə, hinduşka və qaz da var. Onları yemləyirəm, onlara baxıram. Nəzarətçiyəm. İşçilər var, amma özüm dən atıram, kefim açılır. Mən şəhərdə qalsaydım, pisikmişdim.

– Həmin təsərrüfat harada yerləşir? 

– Gəncədən kənardadır, Samux rayonundadır. Yanımdan Kür çayı axır. Düz çayın kənarıdır. Amma mən futbola bağlı adamam. Siz elə yaza bilərsiniz ki, deyərlər çağıraq. Qoy, hamı bilsin: içkini atmışam və yaxın günlərdə namaz qılmağa başlayacağam.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın