“Mən ölüm cəzasının tərəfdarı deyiləm. Hesab edirəm ki, Azərbaycan düzgün olaraq 1998-ci ilin fevral ayında ölüm cəzasından imtina edib”.
Bunu Moderator.az-a açıqlamasında hüquqşünas Müzəffər Baxışov söyləyib. M.Baxışovun sözlərinə görə,dünya təcrübəsi sübut edir ki, ölüm cəzasının tətbiqi cinayətlərin sayının azalmasına təsir göstərmir:
“Ölüm cəzasının bərpası terrorçuluğa, digər ağır cinayətlərin qarşısının alınmasına heç bir köməklik etməyəcək. Dünyanın əksər ölkələrində ölüm cəzası var və həmin ölkələrdə də terror hadisəsi törədilir. Indi də bu cür terror hadisələri törədilməkdə davam edir. Rusiyanın bu addımını da geriyə doğru atılmış bir addım hesab edirəm. Düşünürəm ki, Azərbaycan Rusiyanın bu mənfi təcrübəsindən istifadə etməyəcək və ölüm cəzası bərpa olunmayacaq”.
Məlumat üçün qeyd edək ki, Rusiyada terrorizmdə təqsirləndirilən şəxslərlə bağlı ölüm cəzasının tətbiqi məsələsi gündəmdədir və məlum qanun layihəsinin yaxın günlərdə Dövlət Dumasında müzakirəyə çıxarılması gözlənilir.
