Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / “”Ölülər”dəki absurdu bizə Mirzə Cəlil, real həyatdakı absurdu isə Azər Paşa Nemətov yaşadır”

“”Ölülər”dəki absurdu bizə Mirzə Cəlil, real həyatdakı absurdu isə Azər Paşa Nemətov yaşadır”

“Teatrı ətalətdən direktorlar yox, görkəmli aktyorlar xilas edir cənab Nemətov!”

Fuad Poladov və Vladimir Vısotski…
Azər Paşa Nemətov yaxşı rejissordur, yaxşı da tamaşalar qurur. Artıq həyatda da tamaşalar qurmağa başlayıb.
Gənc aktyor Hikmət Rəhimov
Azərbaycanın böyük aktyoru Fuad Poladovun Hamlet Xanızadə haqqında maraqlı fikirləri var: “Təsəvvür edin ki, teatrda İblis, televiziyada isə Topal Teymur kimi obrazlar üzərində paralel işləmək aktyordan necə böyük qüvvə, hazırlıq tələb edir. Hamletin böyük səhnədə ilk rolu epizodik Xəstə obrazı idi. Amma elə bu kiçik rolda da özünün başqalaşma məharətini elə ustalıqla göstərə bilmişdi ki, tez bir zamanda teatrın aparıcı aktyorlarından birinə çevrildi. Hamlet əsl istedad sahibi idi. “Ağac bar verdikcə başını aşağı əyər” deyimi ona çox yaraşırdı. İblis, Molla Abbas kimi rolları ifa etmək hər bir aktyorun arzusudur. Hamlet bu obrazların əvəzolunmaz ifaçısı idi. Kim onun yerində olsaydı, başqalarına yuxarıdan aşağı baxardı. Amma Hamlet bu işləri ilə nə qədər fəxr etsə də, nə öz üzərində işləməyi unudurdu, nə də başqalarına münasibəti dəyişirdi”.
Bu keyfiyyətlər Fuad Poladovun özündə də var. Kim onun kimi Hamleti, yaxud Ağa Məhəmməd Qacarı oynasa idi, heç kimə salam verməzdi. O, Hamleti ki, onu Sovet teatrının göbəyi sayılan Taqankadakı teatrda Vladimir Vısotski oynayırdı. Vısotskidən sonra uzun illər Hamleti oynamadılar. Bizdə də elə Fuad Poladovun oynadığı Hamleti hələ heç kim oynaya bilmir. Uzun illər Taqankadakı teatrın  direktoru olmuş Yuri Lyubimov Vısotskinin istedadına görə onun bütün şıltaqlıqlarına dözürdü. Yüksək mədəniyyətə və əxlaqa malik olan Fuad Poladova isə Azər Paşa Nemətov dözmədi…
Ancaq onu da qeyd etməliyəm ki, Azər Paşa Nemətov Tağı Əhmədovun jurnalistlərə işlətdiyi ifadələrdən xeyli yumşağını işlədib. O, birmənalı olaraq Tağı müəllimdən mədəni adamdır. Jurnalistin Fuad müəllimlə bağlı sualına cavabı belə olub: “Hə, nə olsun? Niyə yığmısız məni? Əə, bu barədə danışmıram, sağ ol”. Əla açıqlamadır!
Azər Paşa Nemətov Hikmət Rəhimovu işdən çıxarılmasına etiraz edən Fuad Poladovun istefasına imkan verməməli, hətta gənc aktyoru geri çağırmalı idi. Məgər teatrda Fuad Poladovlar çoxdurmu? Şəxsən mən afişalarda Fuad Poladovun adını gördüyüm teatrlara gedirəm. Mənim üçün Əli Əmirlinin “Şah Qacar” pyesi maraqlı deyil. Mənə Fuad Poladovun Şah Qacar rolunu oynaması maraqlıdır.
Dünən Akademik Milli Dram Teatrının afişalarına baxdım. “Ölülər” tamaşası oynanılır. Tamaşanın elmi məsləhətçisi Akademik İsa Həbibbəylidir. Tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı isə Azər Paşa Nemətovdur. Fuad Poladovun isə rolu yoxdur. Azər Paşa Nemətov artıq tamaşa üçün bütün işləri öz üzərinə götürüb. Qalır rollardan birini ifa etmək. Bu gedişlə yəqin ki, ona da nail olacaq…
Açığı, teatra həvəsi olan şəxs kimi indiyə qədər tamaşalarda elmi məsləhətçi adına rast gəlməmişdim. Yəqin ki, “Ölülər”dən yazılan namizədlik və doktorluq dissertasiyalarının sayı azlıq təşkil edir. Kefli İsgəndərin monoloqu deyəsən hələ elmi cəhətdən lazım olan səviyydə əsaslandırılmayıb. Ədəbiyyat İnstitutu hara baxır?
Bəs görəsən Azərbaycan tamaşaçısı niyə Kefli İsgəndəri dinləməyə gəlmir? Məncə Azər Paşa Nemətov bunun üzərində düşünməlidir. Tamaşaçını akademik, elmi məsləhətçisi və Azər Paşa Nemətov kimi quruluşçu rejissordan daha çox rolların ifaçıları maraqlandırır. Taqankadakı teatrda biletlər Vısotski kimi aktyorlara görə tapılmırdı. Bizim teatrda da biletlər daha çox Fuad Poladov kimi nəhənglərə görə satılır.
Fuad Poladovun getməsində teatr daha çox uduzdu. Onsuz da onu teatrdan kənarda görənlərin gözləri önündə Hamlet və Şah Qacar obrazları canlanır.
“Ölülər” absurd teatr janrında yazılmış pyesdir. Pyesdəki absurdu Mirzə Cəlil bizə yaşadıb. Real həyatdakı absurdu isə Azər Paşa Nemətov kimi adamlar yaşadır.
Teatrı ətalətdən direktorlar yox, görkəmli aktyorlar xilas edir cənab Nemətov!
Belə olmasa idi, aktyorların bol oluğu vaxtlarda  Vladimir Vısotskinin arxasınca sürünməzdilər.
Etibar Əliyev, fəlsəfə doktoru

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın