Ana səhifə / Şou Biznes / “Ölənlərin sayını şişirdirlər ki,..” – Rəfael Cəbrayılov

“Ölənlərin sayını şişirdirlər ki,..” – Rəfael Cəbrayılov

“Bu gün müdafiə sənayesi naziri Yavər Camalov ilə birgə Şirvanda nazirliyin zavodu ərazisində baş verən partlayış ərazisində olduq. Hadisə zamanı xəsarət alan yaralılarla, dünyasını dəyişən 2 şəxsin ailələri ilə görüşdük. Şəhərdə heç bir ajiotaj yoxdur, hazırda tam sabitlikdir və hər kəs bunu bir qəza olduğunu deyir”.

Bunu apa-ya açıqlamasında Milli Məclisə Şirvan şəhərindən seçilmiş deputat Rəfael Cəbrayılov ötən gün şəhərdə Müdafiə Sənayesi Nazirliyinin zavodunda baş vermiş partlayışla bağlı son durumu şərh edərkən bildirib.

O qeyd edib ki, süni şəkildə yaralananların və ölənlərin sayını şişirdirlər ki, ictimaiyyəti qəsdən çaşdırsınlar: “Hadisə zamanı iki nəfər dünyasını dəyişib. Onlardan biri bizim qonşudur. Bu gün dəfndə iştirak etdik. Xəstəxanada 5 nəfər yaralı da var ki, onların da heç bir həyati təhlükəsi yoxdur”.

R. Cəbrayılov bildirib ki, hadisə nəticəsində ümumilikdə 24 nəfər xəsarət alıb: “Onlardan çoxunun yaraları çox yüngül olduğu üçün ambulator yardım göstərilərək evlərinə buraxılıb. Bu gün hamısına baş çəkib tək-tək söhbət etdik. Hamısı bunun bir qəza olduğunu bildirdilər. Bu, istənilən ölkədə baş verə bilər. Ümumi xəsarət alanlar bu qədərdir və bundan artıq heç bir itki yoxdur. Şirvan kimi şəhərdə itkini gizlətmək mümkün deyil. Sadəcə Şirvanda bəzi insanlar var ki, jurnalist adı ilə çıxış edərək hadisədən siyasi ajiotaj yaratmaq istəyirlər, yerli camaatda dövlət qurumlarına, deputata qarşı narazılıq yaratmaq istəyirlər. Halbuki bu şəxslər nə dəfn mərasimində olublar, nə də xəsarət alanlara baş çəkiblər”.

Deputat onu da qeyd edib ki, hadisə zamanı yaxınlıqdakı evlərə də ziyan dəyib: “Dəymiş zərər Müdafiə Sənayesi Nazirliyi tərəfindən qarşılanacaq. Nazir bu gün mənimlə birgə bütün xəsarət alanlarla görüşüb öz dəstəyini ifadə etdi”.

Qeyd edək ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib. Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Hadisə ilə bağlı prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Komissiyası yaradılıb.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın