Cümə , Dekabr 4 2020
Ana səhifə / Şou Biznes / Oksananı yarpaqlara bürüyən modelyer: “Onlar modelyer deyil”

Oksananı yarpaqlara bürüyən modelyer: “Onlar modelyer deyil”

Modelyer Şəlalə Maqsudova yenə də fərqli layihəsi ilə seçilməyi bacarıb.

O təbii payız yarpaqlarından istifadə edərək maraqlı bir iş ortaya qoyub. Modelyer bildirir ki, yarpaqlardan geyimi 5 il qabaq maneken üzərində yığıb, indi isə onu canlı olaraq hazırlayıb modelə geyindirib: “Yeni layihəmdə mənimlə olan hər kəsə təşəkkür edirəm. Oksana bunu deyəndə, dedi sənin hər işinə inanıram. Qırmadı və anında razılaşdı, çox sağ olsun. Gördüyünüz bu paltarda bütün yarpaqlar bir-bir əllə yığılıb, yarpaqlar da xüsusi yarpaqlardır ki, tikişə gəlsin, nəmli olsun. Səhərdən gecə saatlarına qədər bunun üzərində tək işlədim və dayandım. Və gecə qurtarandan sonra da bu yarpaqları nəmləyib qatlayıb qoydum ki, sabah baş tutacaq çəkilişə yarpaqlar qurumasın. Həqiqətən də çox əziyyətli idi, amma bu işdən zövq alıram. Əlbəttə ki, burada heç bir maddiyyat əldə eləmirəm. Sadəcə sənətimi dəlicəsinə sevirəm. Hər günüm, hər saniyəmin boşuna keçməsini istəmirəm. Hər dəqiqəm mənim üçün qızıldır, iz qoymaq və özümü təsdiqlətmək istəyirəm”.

Maddiyyata önəm verməyən Şəlalə Maqsudova, digər həmkarlarının heç də bu cür düşünmədiyini deyib: “Sözsüz, pul insana lazımdır, amma yaratmaq, işimdən zövq almaq mənəvi qidadır. Azərbaycanda yerli modelyerlər qazanc arxasınca, sifarişə qaçır. Amma yaradıcılıqla heç biri məşğul deyil. Amma xarici modelyerlərə baxanda onların bu işləri çox alqışlanır. Biz də isə dəyər verilmir. Bəlkə də zamanı gələndə dəyər veriləcək. Neçə müddətdir belə işlər görürəm, instaqram səhifəmdə yerləşdirirəm və xaricilərdən çox ismarıclar alıram. Hər biri alqışlayır və xəbərim belə olmadan öz səhifələrində bunu yerləşdirirlər. Amma həqiqətən də bu işləri ortaya çıxarmaq çox zəhmət tələb edir, həm də bütün xərci öz cibimdən qoyuram, mən pul götürmürəm, pul qoyuram”.

Sənətini dəlicəsinə sevən, uğur qazananlara paxıllıq etməyən Şəlalə Maqsudova, modelyerlik sənəti üçün bunları vacib hesab edir: “Əslində modelyer şəkli çəkməyi, o şəkilləri parçaların üzərinə köçürməyi, kəsimləri bacarmalıdır. Ağlına hansı ideya gəlirsə, onu özü edə bilməlidir. Məni digərlərindən fərqləndirən cəhət bəlkə də odur ki, özüm çəkirəm və çəkdiklərimi parçaya köçürüb, biçirəm. Nə kiminsə geyiminə baxmağa, nə internetdə zaman keçirməyə vaxtım olmur. Yalnız öz ağlımla edirəm hər şeyi. Kiminsə geyiminin surətini çıxarmaq modelyerlik deyil. İstənilən sahədə olan yaradıcı insan içindəkiləri göstərilməlidir. Məktəb vaxtından yaradıcılıqla bağlı bütün müsabiqələrdə birincilik qazanırdım. Bu sahədə də bu gün məni istəməyənlər çoxdur. Düşünürəm ki, sənətimə və bacarığıma görə istəmirlər. Maddi tərəfdən olmasa da, sənət baxımından onlardan güclüyəm ki, məni istəmirlər”.

Şəlalə Maqsudova düşünür ki, modelyer ümumiyyətlə fərqli düşünməyi və hər şeydə fərqlilik görməyi bacarmalıdır: “Mən nəyisə görəndə ona bir başqa tərəfdən baxıram və nə düzəltmək, yaratmaq olar deyə düşünürəm. Anında mənə gördüyümlə bağlı ideya gəlir. Bəlkə də bu Allahın vergisidir, xüsusi seçilmişəm. Həmin anda da düşündüyümü düzəldirəm.

Qeyd edək ki, “Payız mələyi” adlanan layihədə maneken obrazında rəqqasə Oksana Rəsulova çıxış edib. Vizajist Nura Babayeva, fotoqraf Araz Bağırova məxsusdur.(Musavat.com)

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …