Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / “Oğlumun qatilini polis himayə edir…”

“Oğlumun qatilini polis himayə edir…”

Bu il noyabrın 2-də Goranboy rayonunda öldürülən 23 yaşlı gəncin ailəsi istintaqın gedişindən və polis əməkdaşlarından narazıdır.

Rayonun Nizami kəndində qətlə yetirilən 1992-ci il təvəllüdlü Həsən Həsənovun atası Elşad Həsənov “Qafqazinfo”ya müraciətində bildirib ki, oğlunun ölümünə rayon polis şöbəsinin əməkdaşları şərait yaradıb:

“Oğlumu öldürən Rəşad Babayev öz aləmində kriminal dünyanın adamı idi. Kənddə kimə istəyirdisə sataşırdı, qəsdən söyürdü, sonra görürdük ki, dava etdiyi adamı tutublar, bu özü çöldədi. Kənddə balaca uşaqlardan, xırda obyektlərdən haqq tələb edirdi. Hamı da bilirdi ki, onu polis himayə edir. Kimsə ona haqq vermirdisə, dava salırdı, sonra özü polisə şikayət edirdi. Camaat da polisin qorxusundan ona heç nə deyə bilmirdi”.

Hadisə günü 35 yaşlı Rəşad Babayev Elşad Həsənova məxsus çayxanaya gəlib haqq istəyib: “Həmin gün çayxananı oğlum Həsən işlədirdi. Rəşad Həsəndən pul tələb edib, o da deyib ki, get sonra gələrsən, verərəm. O da uşağa bir sillə vurub deyib ki, sənə deyirəm pulu indi ver. Həsən yenə deyib ki, indi yoxdu, sonra verərəm. Rəşad buna bir sillə də vurub deyib çıx çölə, Həsən çıxmayıb. Ondan sonra Rəşad bıçağı çıxarıb Həsənin ürəyindən vurub”.

E.Həsənov bildirib ki, qətli törədən Rəşad Babayev öncə Həsəni başqa bir adamın vurduğunu deyib: “Rəşad bıçaqlayandan sonra Həsəni ağzıüstə çayxananın arxasında gizlədib, saxlayıb. Buna görə də Həsən çoxlu qan itirib. Rəşad xəstəxanada bizə dedi ki, hansısa əclaf vurub qaçıb. Həsən keçinəndən sonra bildik ki, elə Rəşad vurubmuş”.

Elşad Həsənov deyib ki, əvvəldən hüquq-mühafizə orqanları ilə əlaqəsi olan keçmiş məhkumun hazırda istintaqı da düzgün aparılmır: “Onun adam öldürməyinə 1001 don geyindirməyə çalışırlar. Guya ki, o Həsənə kömək edib, özündə bıçaq olmayıb, kafedə meyvə bıçağı ilə vurub. Bunlarla onun cəzasını yüngülləşdirmək istəyirlər. Halbuki Rəşad xəstəxanada olanda əlində bıçaq var idi. Polis isə deyir ki, vurandan sonra bıçağı çaya atıb. Əsas məsələ odur ki, bu qətlin baş verməsinə polis şərait yaratdı. Əgər onun əvvəlki özbaşınalıqlarına göz yumulmasaydı, polis Rəşadı himayə etməsəydi bu hadisə olmazdı”.

E.Həsənov bildiri ki, Rəşad Babayev hərbi xidmətdə olarkən ilk dəfə məhkum olunub, sonra isə kəndə polis sahə müvəkkilini ölümcül döydüyü üçün 3 il cəza alıb, amma qısa müddətdə azadlığa buraxılıb. Həsən Həsənovu öldürmədən öncə digər kənd sakini Məmməd Həsənovu döyərək başını kəsmək istəyib. Lakin 3-cü əməlinə görə ona heç bir cəza verilməyib.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın