Ana səhifə / Şou Biznes / “O qızı axtarmaq hər gün məktəblərə gedirdim”- Ənvər Həsənov

“O qızı axtarmaq hər gün məktəblərə gedirdim”- Ənvər Həsənov

O, 17 avqust 1950-ci ildə Bakıda anadan olub. 7-ci sinifə qədər 190 saylı məktəbdə oxuyub. Sonra isə həyatının axarı tamam başqa istiqamətə dəyişib.

Teleqraf.com-un “Məşhur məktublar” layihəsinin növbəti qonağı əməkdar artist Ənvər Həsənovdur.

– Ənvər bəy, siz də “bir gecənin içində məşhurlaşan” aktyorlardansınız. Bu reallığı ilk dəfə necə hiss etdiniz?

-“Uşaqlığın son gecəsi” filmindən sonra mənə qutularla məktublar gəlməyə başladı. Artıq başa düşürdüm ki, Murad tamaşaçılar tərəfindən çox sevilir. Məktublar kinostudiyanın ümumi şöbəsində toplanırdı. Hər dəfə ezamiyyətdən qayıdanda o məktubların hamısını mənə verirdilər.

– Muradın belə seviləcəyini təsəvvür edirdinizmi?

– Bu qədər olacağını təxmin etmirdim. Hamı elə bilir ki, Murad mənim ilk rolumdur. Amma “Uşaqlığın son gecəsi”ndən əvvəl daha iki filmə çəkilmişdim.

– O rollar diqqət çəkmədiyinə görə kölgədə qalıb.

– Elədi. 1965-ci ildə rəhmətlik Adil İsgəndərov kinostudiyanın nəzdində xüsusi aktyor kursu açdı. Mən də sənədlərimi verdim, baxmayaraq ki, orta məktəbdə oxuyurdum. Mənimlə bərabər 650-700 nəfər də sənəd vermişdi. O qədər insanın içərisindən cəmi 56 nəfəri kursda qəbul etdilər. Xoşbəxtlikdən mən də onların içərisində idim.

Kinostudiyaya iki nəfər cavan oğlan gəlmişdi: biri Ceyhun Mirzəyev, iki ildən sonra da mən.

Kursa daxil olandan sonra sənədlərimi gecə məktəbinə verdim. Adil müəllim elə şərait yaratmışdı ki, biz kursda oxuya-oxuya filmlərin çəkiliş meydançalarında olurduq. Bizim müəllimlərimiz kinostudiyada çalışan rejissorlar, rəssamlar, aktyorlar idilər. Və onlar hansı filmdə çalışırdılarsa, bizi mütləq təcrübə üçün ora aparırdılar.

Günlərin bir günü Əlisəttar Atakişiyev dedi ki, Ənvər istəyirəm, filmdə bir epizodda çəkiləsən. Canla-başla razılaşdım. Kursumuzdan bir neçə nəfər də mənimlə bərabər o filmdə çəkildi. Beləcə, mənim kinoya gəlişim 1966-ci ildə “İstintaq davam edir” filmindəki rəqslə başladı. Orda kafe səhnəsində bir neçə gənc ortaya çıxıb, rəqs edirlər. O gənclərin biri də mən idim. Fuad Poladov o filmdə baş rolda çəkilirdi. İkinci filmim Şamil Mahmudbəyovun “Torpaq, dəniz, od, səma” filmi oldu. Film dörd novelladan ibarət idi. Mən od novellasında ikinci dərəcəli rol olan cavan əsgəri canlandırdım. Elə həmin illərdə kinostudiyada Adil müəllimin köməkliyi ilə rejissor köməkçisi vəzifəsini icra etməyə başladım. Adil müəllimin kino yaradıcılığımda rolu böyükdür. Və çox xoşbəxtəm ki, onunla üç filmdə tərəf müqabili olmuşam.

Bizə dərs deyənlər arasında Arif Babayev də var idi. İkimiz də içərişəhərli idik. Orda da bir adət var, hamı bir-birinə salam verməlidir. Biz həmişə salamlaşardıq, əlbəttə, uşaq idim deyə məni ciddiyə almazdı, amma mən onu tanıyırdım. “İnsan məskən salır” filminə başlayanda məni də dəvət etdi. Amma aktyor kimi yox, rejissor köməkçisi kimi. Deyirdi, orda mənə uyğun bir rol yoxdu. O filmdə bərabər çalışdıq, münasibətlərimiz daha da yaxşılaşdı. Onda mənə dedi ki hazırlaş, səni növbəti filmə çəkəcəm. Düzü, inanmırdım. Amma günlərin bir günü məni çağırdı, dedi, yeni filmə başlamışam, səni də Murad roluna çəkmək istəyirəm.

Kino yoxlamalarına gələndə gördüm ki, məndən başqa 20-30 nəfər də var. Hamını yoxlayıb, axırda qərara gəlib, adı açıqlayırdılar. Arif müəllim ürəyində o rola mənim çəkilməyimi istədiyinə görə məni axıra saxladı. Komissiya məni görən kimi Arifə üzünü tutub, elə bu oğlanı çək, dedi. Arif çox sevindi, sevincinin həddi-hüdüdü yox idi.

Film 1968 –ci ildə təhvil verildi, tamaşaçılar arasında sevildi, böyük səs-küyə səbəb oldu. Ən çox da Muradı sevdilər.

1969-cü ildə film beynəlxalq kino festivalında birdən-birə beş mükafata layiq görüldü: “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari”, “Ən yaxşı operator işi”, “Ən yaxşı bəstəkar” və “Ən yaxşı kişi rolu”. Sonuncu nominasiya üzrə mükafatı Azərbaycana mən gətirdim. Sonra bir-birinin ardınca filmlərə çəkilməyə başladım, eyni zamanda assistent kimi çalışırdım. Gərgin, gözəl illər idi.

– Səhv etmirəmsə, o filmin çəkilişləri zamanı çənəniz partlamışdı.

– Ehh, mən çox şuluq, dələduz uşaq olmuşam. Ağrımayan başıma həmişə iş açmışam. Arif Babayev bunu yaxşı bilirdi, ona görə hər dəfə çəkilişdən evə yollananda deyirdi, özündən muğayat ol. Həmişə məndən narahat idi. Günlərin biri günü çəkilişdən sonra dostlarımla bulvardakı “Venesiya” deyilən məkanda oturub çay içirdik. Nəsə birdən ürəyimizdən şampan içmək keçdi. Dostlarımızdan birini “İnturist”ə göndərdik, gəldi, şampan butulkasını stolun üstünə qoyub, o saatca gözdən itdi. Hamımız başa düşdük ki, vəziyyət nəsə yaxşı deyil. Getdik, gördük, dağıstanlı oğlanlardı, dostuma sataşıblar, amma biz sayca onlardan çox idik. Ədalətli vuruşurduq, birdən dağıstanlı oğlanların birinin cibindən beşbarmaq çıxartdığını gördüm. Mən onun əlindən necə tutdumsa, o da necə hərəkət etdisə beşbarmaq çənəmdən dəydi, çənəm partladı. İzi indiyə qədər də qalıb. Qan məni apardı. Səhər də çəkiliş var. Məcburən gəldim çəkilişə, dəsmalla üzümü tutmuşdum ki, heç kim heç nə hiss etməsin. Elə şey olar. Axır Arif müəllim şişmiş dodağımı, partlamış çənəmi görüb dəhşətə gəldi. Mənə görə çəkilişi təxirə saldılar.

– Ənvər müəllim, Murad bir qıza vurulur. Özü də ilk baxışdan. O qız həmişə mənə maraqlı olub. Sonra başqa filmlərə çəkildimi?

– Bəli, daha bir filmdə çəkildi. “Sevil” film operasında epizod rolda çəkildi. O qızı da mən tapmışdım. Qəribəsi odur ki, əksər filmlərimdə rejissorlar tərəf müqabilimi tapmağı özümə tapşırırdılar. Arif Babayev istəyirdi ki, Sevda rolunu üçün qızın axtarışlarına mən də qoşulum. Ona görə o qızı axtarmaq üçün demək olar hər gün məktəblərə gedirdim. Axtarışların bir günü 189 nömrəli məktəbdə bir qız ilk baxışdan diqqətimi cəlb etdi. Bu, 8-ci sinifdə oxuyan İzmira Məmmədova idi. Əvvəlcə, atası filmə çəkilməyinə icazə vermədi. Axırı Arif müəllim və mən evlərinə gedib, atasından icazə aldıq. Məni atasına göstərib, dedilər ki, qızınız bu oğlanla çəkiləcək. O da gördü ki, mən uşağam, razılaşdı. Dedi, amma özün qızı çəkilişlərə aparıb gətirməlisən.

-Qayıdaq məktublara…Murada daha çox nə yazırdılar?

– Sözün açığı, məktubların hamısını oxumaq, cavab vermək olmurdu. Heç cavab da vermirdim. Amma həddindən artıq çox məktub gəlirdi. Kinostudiyadakılar məktub qəbul etməkdən bezmişdilər. Onların şikayət dolu baxışlarını görəndə gülüb deyirdim: nə edim mən ki, məktubları yazmıram.

Bəziləri filmlə bağlı fikrini yazırdı, bəziləri sevgi məktubları idi.

– O məktublar qalırmı?

– Yox, saxlamamışam.

– Siz kimə məktub yazmısınız?

– Heç kimə.

– Nə əcəb? Əsgərlikdən ailənizə, Möminat xanıma da məktub yazmamısınız?

– Əsgərlikdən heç vaxt evə məktub yazmamışam. Bilmirəm, məktub yazmağı heç vaxt xoşlamırdım. Amma adamın Allahı var, məni heç vaxt diqqətsiz qoymurdular, həmişə yazırdılar. Rayonlara gedəndə məni görmək istəyənlər mehmanxanaların qabağına gəlirdilər. Elə qızlar var idi ki, atası ilə gəlirdi.

– Məktublarla bağlı başınıza gələn maraqlı əhvalatlar varmı?

– Məktub yazanların bir neçəsi sonra Bakıya gəlmişdi.

– Olmaya görüş təyin etmisiniz.

– Mənim xəbərim olmurdu ki…Evə gəlirdim, anam deyirdi ki, səni gözləyənlər var. Baxırdım ki, qızlar oturub məni gözləyir. Məcbur olub, üç-dörd gün onları Bakıda gəzdirməli, söhbət etməli idim. Hər halda onlar uzaq yerlərdən Bakıya mənə görə gəlmişdilər.

– Hardan gəlirdilər?

– SSRİ-nin hər yerindən. Düşənbədən, Xarkovdan, Moskvadan və s.

– Bu hadisələr yəqin subay vaxtlarınıza təsadüf edir.

– Hə, onda subay idim. Heç Möminatla da qarşılaşmamışdım. Biz 1977-ci ildə “Dərviş Parisi partladır” filminin çəkilişlərində tanış olduq. 1978-ci ildə də ailə qurduq.

– Bəs Cəlaldan sonra nələr oldu?

– Küçəyə çıxa bilmirdim. Daha məktubları demirəm…Siz onu deyirsiniz, amma mən filmdə iki dəfə həyatımdan olacaqdım. Cəlalın məşhur ölüm səhnəsi yadınızdadır? O səhnə Qobustanda çəkilirdi. Deməli, Cəlal Humayı xəbər almaq üçün Gəray bəyin yanına gəlir. Sözünü Gəray bəyə deyir, Gəray bəy “Yanıq Kərim”in sədaları altında Cəlalı güllələtdirir. Sonuncu gülləni də özü vurur, bu vaxt Cəlal yerə yıxılır. Oralar da daşlı-qalaqlı, cınqılllı…Hər çəkilişdən əvvəl məkan adətən təmizlənirdi. Bu dəfə də belə olmuşdu, amma balaca bir daş gözdən yayınıb. Mən yıxıldığım yerin yaxınlığında həmin daş var imiş. Bir az oyan-buyan olsaydı gicgahım zərbə ilə daşa dəyə bilərdi, bu da son demək idi.

Bir səhnə də vardı, Cəlalı öldürəndən sonra əlini, qolunu bağlayıb atın belinə qoyub, Bəxtiyargilin yanına göndərirlər. At məni 10 metr aparandan sonra nədənsə hürkdü, qaçmağa başladı. Əlim-qolum bağlı nə edə bilərdim. Bir də onu gördüm ki, uçuruma doğru gedirik. Birdən işıqçı Akif hardansa peyda olub, özünü atın qabağına atdı. O olmasaydı mən artıq o dünyada idim. Tofiq Tağızadə necə qorxmuşdusa bir də o səhnəni oynamağımı istəmədi.

– Teatrda yox, amma kinoda aktyor rolu qəbul edib-etməmə anlamında azaddır. Hansı rolları oynamaqdan imtina etmisiniz?

– Bir-iki dəfə belə rollarım olub. Ssenarini oxuyan zaman rol məndə təlaş yarada, həyəcanlandıra bilsə, “bu mənim obrazımdır” deyib, qəbul edirdim. Əks halda oynamırdım. Amma konkret ad çəkə bilməyəcəm.

Bu vaxta qədər kinoda təxminən 42 obraz yaratmışam. Bir dəfə Tofiq Tağızadədən soruşurlar ki, bu qədər film çəkmisiniz, ən çox ürəyinizə yatanı hansıdır. Tofiq deyir, hamısını mən çəkmişəm, hamısına ürəyimi qoymuşam, indi onları bir-birindən necə ayırım. Onun sözü olmasın, hər roluma ürəyimi, canımı qoyduğuma görə də tamaşaçılar bəyənib, elə indiyə kimi də məni sevirlər, hörmət edirlər. Neçə illər keçsə də yenə də tamaşaçıların yaddaşında Murad, Cəlal, Şahbaz kimi qalmışam. Məni gah Cəlal, gah Murad kimi çağırırlar. Bu sevgilərinə görə tamaşaçılara minnətdaram. Əlbəttə, daha məktub almıram, çünki ünvanımı dəyişmişəm. Amma sevgi və hörmətlərini həmişə hiss edirəm. Hamı elə bilir mən xalq artistiyəm. Mən də zarafatla deyirəm ki, mən xalq artisti yox, xalqın artistiyəm.

– Əməkdar artist adını almağınızdan neçə il keçir?

– 2000-ci ildə almışam.

– Xeyli müddət ötüb.

– 50 ildən çoxdur ki, Azərbaycan kinosunda işləyirəm, 70-dən çox filmdə çalışmışam. Fikirləşəndə ki, mənim çəkdiyim əzab- əziyyəti çəkməyən biri isə artıq çoxdan bu adı alıb, bu adama təsir edir.

– Hələ qarşıda da gözəl rollar oynayacaqsınız.

– Seriallara dəvət edirlər, amma getmirəm. Gənclər öyrənmək istəmirlər. Gərək elə bir insanla işləyəsən ki, o sən dediyin sözə qulaq assın.

– Yeni çəkilən filmlərə baxırsınızmı?

– Əvvəlcə soruşuram, desələr ki, yaxşı filmdir, baxıram. Mən hər gün bir filmə baxmalıyam. Daha çox da rus filmlərinə baxıram.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın