Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / “O qədər öyrəşmişəm ki, o gün çaşıb kişiyə də “canımmm” demişəm”

“O qədər öyrəşmişəm ki, o gün çaşıb kişiyə də “canımmm” demişəm”

– Aaz, gördün da, o şairlər gününə kimləri toplamışdılar…Nə yaxşı ki, sən gəlib çıxdın, yoxsa, yanımda kim oturacaqdı?
– Yaxşı fikirləş aaz, yadına sal görüm sən mənim yanımda oturmuşdun, yoxsa, mən sənin?
– Hə, mən tədbirə iki saat qalmış gəlmişdim, gördüm sən ordasan…
– Bəs, o biri tərəfində oturan o yumruburun arvad kim idi, sən də ona tərəf dönüb tez – tez “canımmm” deyirdin…
– Vallah, tanımadım, amma elə hey, ona – buna baxıb irişirdi. Axıradək fikir verdim, gözünün ucu ilə ona baxan da olmadı…
– Sən də ona “canımmm” deyirdin…
– Azz, bu söz feysbukdan ağzıma düşüb. O qədər öyrəşmişəm ki, o gün çaşıb kişiyə də “canımmm” demişəm. O da duruxıb qalıb, istədi həkim çağırsın, elə bildi dəli olmuşam…
– Yaxşı, o şairlər məclisində gözünə bir şair dəydi?
– Hə, canımmm, elə biri sən, mən hər gecə sənin şeirlərini oxumasam, gözümə yuxu getmir. Hətta, sənə bir – iki nəzirə də yazmışam.
– Aaz, dolamısan məni?
– Yoox, canımmm, doğru sözümdür…
– Mən ömrümdə şeir yazmamışam, doqquz roman müəllifiyəm. Heç bilirsən roman nədir?
– Niyə bilmirəm, canımmm, bir az uzun şeirə roman deyilir də…
– Kül ağlına, uzun şeirə poema deyirlər, roman çap olunanda qalın kitab kimi olur…
– Gəl, qucaqlaşıb bir şəkil çəkdirək, qoyaq feysbuka, görək bizi tanıyan olacaq…
– Yaxşı, bəlkə bu yanımızda oturan…
– Yox aaz, Allah vurubdu onu, elə ikimiz çəkdirək…
…Yarım saatdan sonra onların şəklini feysbukda 29 adam paylaşmışdı, 441 adam bəyənmişdi, 37 “dost” rəy bildirmişdi. “Canlarımmm”- 11 nəfər, “Qəşəydi”- 9 nəfər, “Təbinə sağlıq”- 7 nəfər, “Var olun”- 9 nəfər, “Mən sizin romanlarınızın hamısını oxumuşam, hələ də onların təsiri altındayam.”- 1 nəfər.
…Rəfiqələr rəyləri oxuyub qəh – qəhə çəkdilər. Biri o birindən soruşdu:
– Canımmm mənim, gör bizi nə qədər sevirlər, mükafatı isə başqalarına verirlər…Yaxşı, ən çox xoşuna gələn hansı rəy oldu?
– Axırıncısı. Doğrudur, doqquz roman yazmışam, amma onların heç biri hələ çap olunmayıb. Bu bədbəxt mənim romanlarımı görəsən haradan oxuyub ki, hələ də onların təsiri altındadır?..
– Fikir vermə, canımmm, əsas odur ki, bizi bəyənir və sevirlər!..
Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın