Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Şou Biznes / “O paketi prezident Heydər Əliyevə çatdırmağıma mane oldular” – 
Əhməd Qəşəmoğlu

“O paketi prezident Heydər Əliyevə çatdırmağıma mane oldular” – 
Əhməd Qəşəmoğlu

Bakı şəhəri günü-gündən insan axınına məruz qalır. İctimai nəqliyyatda belə adam əlindən tərpənmək olmur. Bölgələrdə isə seyrəklikdir. Prosesin bu cür davam etməsi bizə nələr və edir, problemdən çıxış yoları nədir?
Mövzu ilə baglı Moderator.az saytının suallarınıı tanınmış sosioloq, Milli Məclisin keçmiş Elmi Mərkəzinin rəhbəri Əhməd Qəşəmoğlu cavablandırır:
– Sizcə, paytaxta bölgələrdən bunca axının səbəbi yalnız dolanışıqdırmı? 
– İqtisadi amil, dolanışıq bu məsələdə ciddi rol oynayır. Amma bu cavab məsələyə bəsit münasibət olardı. Əslində isə məsələnin əsas səbəbi respublikanın inkişafında müasir dövrün, elmi təminatın tələblərinə əməl olunmamasıdır. Ölkəmiz böyük bir sosial sistemdir. Onun inkişafına sistemli yanaşma metodları zəruridir. Ölkənin inkişaf konsepsiayaları ele hazırlanmalı, elə həyata keçirilməlidir ki, ölkənin hər yanında tərəqqi baş versin. Əslində bizim ölkəmizdə buna hər cür şərait var. Gözəl təbiətimiz, məhsuldar torpağımız var. Əgər ölkənin hər bir rayonunda bu potensialımızdan düzgün istifadə edilsə, hər güşədə böyük canlanma baş verər, kəndlini zorla şəhərə dartmaq olmaz.
“Rayonlardakı qruplaşmalar kəndliyə əkib becərməyə imkan vermir”
 
– Bəs nə baş verir? 
–  Torpaq məsuliyyətsizcəsinə, elmi əsaslanmadan kəndlilərə paylanıb. Elə ailə var ki, onun bir kənddə 6-7 yerdə hissə-hissə torpağı var. Bu sahə ilə o biri sahə arasında kilometrlərlə yol var. Bu hissələrin hər birinin torpağı müxtəlif xarakterlidir. Kəndlinin bu torpağı əkib-becərməyə texniki və maddi imkanı yoxdur. Bu gün ölkədəki kredit siyasəti kəndlinin xeyrinə deyil. Kredit almaq problemdir. Eyni zamanda həm kredit faizi yuksəkdir, həm də kəndlinin kreditlə işləmək təcrübəsi yoxdur. Aşağı faizli kreditleri almaq yalnız xüsusi adamlara müyəssər olur ki, bu da onlar üçün heç də asan başa gəlmir. Digər tərəfdən rayonlardakı qruplaşma, bazara ağalıq siyasəti kəndliyə əkib becərmək üçün imkan vermir. Kəndli əkdiyi məhsulu bazara çıxara bilmir. Əziyyəti özünə qalır. Bəzən isə qoyduğu xərci də batırır. Ona görə bu gün kəndli torpaqdan soyuyub. Bu gün fermer rayon rəhbərləri ilə dil tapmaqla həm kredit axtarmalıdır, həm toxum, texnika, gübrə tapmalıdır, həm məhsul istehsal etməlidir, həm də onu bazara çıxarmalıdır.  İqtisad elmindən xəbəri olan hər kəs başa düşür ki, kənd adamı bütün bunun öhdəsindən gələ bilməz. Ona şərait yaratmaq lazımdır ki, yalnız və yalnız məhsul istehsalı ilə məşğul olsun. İstədiyi zaman, çətinlik cəkmədən kredit də alsın, texnikadan da istifadə etsin, toxumunu, gübrəsini elə  heç bir problemsiz kəndin içindəcə alsın.  Kəndli əsas diqqətini kənd təsərrüfatı mallarını istehsal etməyə yönəltməlidir.  Qalan məsələlər onu bu işdən ayırmamalıdır.
Eyni zamanda kəndlərdə sosial problemlər həll olunmalıdır. Əhalinin müxtəlif təbəqələrinin istirahəti, asudə vaxtının keçirməsi üçün şərait yaradılmalıdır. Kəndə mədəniyyət strukturları sürətlə inkişaf etməlidir. Biz kənd əhalisinin mənəvi formalaşmasına ciddi diqqət verməliyik. Kənd həyatı rəngbərəng olmalı, əhalini daha çox cəlb etməlidir. Biz çalışmalıyıq ki, kənd yerlərində maariflənmə yüksək səviyyədə olsun. Kəndddə təhsil sistemi ciddi  inkişaf etsin. Əvvala kənd yerlərində, ailələrdə xeyli potensiallı, istedadlı uşaqlar böyüyür.  Bu potensialdan düzgün istifadə edilməlidir. Öz uşaqlarının normaal təhsil aldığını görən kəndli torpağa daha inamla qulluq edəcək. Digər tərəfdən istehsal prosesi ilə məşğul olan kəndlinin öz biliklərinin, mədəniyyətinin yüksək səviyyədə olmasına ehtiyac var. Çünki texnikanın sürətlə inkişaf etdiyi indiki dövrdə kənd təsərrüfatı ilə məşğul olan kəsin həm səviyyəsi yüksək olmalıdır  ki, bu texnikadan, kimyəvi məhsullardan, aqro, zoo texniki vasitələrdən düzgün istifadə etsin, həm də ekoloji təmiz məhsullar istifadə etməyin nə dərəcədə vacib olduğunu özü dərk etsin. Kəndin ictimai, mədəni həyatında yaradıcı şəkildə iştirak etsin. Bütün bunlara isə yalnız və yalnız elmi əsaslanmış inkişaf proqramları hazırlayıb həyata keçirməklə nail olmaq olar. Doğrudur, bu gün regionların inkişafı ilə bağlı proqramlar həyata keçirilir. Ciddi işlər də görülür. Amma burada sistemli yanaşma prinsipinə əməl olunmur. Nəticədə kəndlər boşalır. Bu isə ümumiyyətlə xalqın, mədəniyyətimizin formalaşmasında, inkişaf etməsində çox neqativ rol oynayır.
– Vəziyyətdən çıxış yoluna dair təklifləriniz varmı?
– Mən 1994-cü ildə Milli Məclisin o vaxtkı Elmi Mərkəzinin rəhbəri olarkən bu prosesləri uğurla tənzimləyəcək təkliflər paketi hazırlamışdım. Təəssüf ki, Milli Məclisdəki o vaxtkı rəhbərlikdə olan bəzi şəxslər məni topa tüfəngə tutdular və o paketi prezident Heydər Əliyevə çatdırmağa mane oldular. İndi də o təkliflər öz aktuallığında qalır. Məsələnin həlli mümkündür.
Birincisi, əvvəlcə kənddəki torpaqların hamısının hərəkətə gətirilməsi üçün mexanizm, qanunvericilik bazası yaradılmalıdır. Bu məsələdə diferensial yanaşma metoduna ehtiyac var. Yəni bütün rayonlarda, bütün kəndlərdə eyni şəkildə hərəkət etmək səmərəsiz olar. Hər bir rayonda yerli şərait elmi metodlarla dərindən öyrənildikdən sonra kənddəki rəy liderlərinin, işi bilənlərin tövsiyyəsi ilə hərəkət etmək lazımdır. Bu yolla ailə üzvləri arasında parçalanmış torpaqları bir araya gətirmək üçün mexanizm yaradılmalıdır.  Bundan başqa uzun müddət kiminsə ixtiyarında səmərəsiz qalan torpağın hərəkətə gəlməsi üçün tədbirlər görülməlidir. Yerlərdə torpağın hərəkətə gəlməsi üçün bütün manelər aradan qaldırılmalıdır.
Kəndliyə yeni yaradılmış təsərrüfat qurumlarında fəal işləməsi üçün Komitə səviyyəsində yeni qurum yaradılmalıdır. Bu qurum aşağıdakı işləri yerinə yetirməlidir:  Kənd təsərrüfatının inkişaf istiqamətlərı məqsədli faizsiz kreditlərlə tənzimlənməlidir. Fermerə yarım il əvvəldən faizsiz və  heç bir “əlavəsiz”, “şapkasız” olaraq məqsədli kreditlər verilməlidir.  Kreditlərin məqsədli – nəzərdə tutulan məhsulu istehsal etmək üçün aldığı kredit, əlavə məlumatlar hansı kənd təsərrüfatından nə qədər istehsal olunacağını proqnozlaşdırmaya imkan verər.
Kənd təsərrüfatı məhsullarının kəndlidən sərfəli qiymətlərlə satın alınma şəbəkəsi yaradılmalıdır. Bu şəbəkənin topladığı məhsuları yaxşı tanıdığımız Rusiya və Ukrayna bazarına, yeni tanıdığımız Avropa bazarına müntəzəm olaraq çıxarmaq üçün müqavilələr bağlanmalı, müasir standartlara uyğun olaraq qablaşdırma, daşınma və s. üçün zəruri işlər görülməlidir. Bu iş intensiv olaraq həyata keçirilməlidir.
Malın bir hissəsi isə ölkə daxilindəki yüksək səviyyədə təşkil olunmuş satış şəbəkələrinə verilməlidir.
Digər hissə müasir tələblərə uyğun olaraq hazırlanmış konserv, qurutma muəssisələrinə verilməlidir.
Müəyyən zonalarda tamamilə ekoloji təmiz kənd təsərrüfatı məhsulları yetişdirmək,  bunun hesabına beynəlxalq aləmdə geniş tanınan Azərbaycan brendi yaratmaq olar. Azərbaycanın torpağının, iqliminin belə potensialı var.  Bu, kənd təsərrüfatı məhsullarını daha yüksək qiymətə ixrac etməyə imkan verər. Eyni zamanda ölkədə ekoloji təmiz məhsullar çoxalar.
Təsəvvür edirsinizmi, bu layihə həyata kecərdisə, hətta şəhərdə güzəranı pis olanlar kəndə gedib fermer olmağa can atardılar. Ölkədə kənd təsərrüfatı məhsullarının bolluğu yaranar, qiymətlər aşağı düşərdi. Dövlətin başqa ölkələrə kənd təsərrüfatı məhsulları ixracından əldə etdiyi maddi gəlir, faizsiz verilmiş kreditlərin hər hansı bir faizindən qat-qat yüksək olardı.  Amma,  mən elə o zaman başa düşdüm ki, bu layihə bir çoxlarına şəxsi maraqlarına mane olur. Mən indi də bu layihəni istənilən səviyyədə yenidən işləyib təqdim etməyə hazıram.
“Bir vaxtın məğrur, ümidli baxışlarını indi miskin, qorxaq baxışlar əvəz edib”            
 
 – Maraqlıdır ki, bir çoxları rayonlarda qapılarını bağlayıb ailəlikcə Bakıya gəlirlər və burda kirayədə yaşayırlar… 
– Həmin insanlar bunu kefindən etmir ki! Belə insanlarla söhbət etdikdə məlum olur ki, rayonda onların yaşamaq imkanları tukənib. Məsələn, mənim   doğulduğum kənddən qapını bağlayıb Bakıya kirayə evlərə gələnləri yaxından tanıyıram. Bizim kənd səfalı, gözəl bir kənddir. Hər kəsin torpaq sahəsi də var. Dediyim kimi hər ailənin bir neçə yerdə, bir-birindən aralı torpaq sahəsi var. Amma  bu insanlardan soruşanda ki, bu qədər torpaq sahəsini, ev-eşiyini qoyub niyə Xırdalana, elə kənd tipli bir məhəlləyə kirayənişin gəlmisən, hər kəsin dərdi açılır. Bu adamların orada heç harda iş yeri yoxdur. Torpağına qulluq etməsinə, məhsul yetiştirib bazara çıxarmasına xeyli əngəllər var. Ondan qabaq kəndi atıb Bakıya gələnlərin əl-ayaq eləyib haradasa torpaq alıblar, yaxşı- pis bir ev tikiiblər, özlərinə bir iş qurublar. Amma kənddə qalan evdəkilərin və qonşuların qınaq obyektinə çevrilib.  Bu adamın qapısını bağlayaraq gəlib ozünü və ailəsini talenin axarına verməkdən başqa yolu qalmayıb. Bura gəlməklə özündən əvvəlkilər kimi 5-6 idən sonra nəyəsə nail olmaq ümidi var.  Beləliklə hər kənddən indi Bakıya yüzlərlə adamlar köç edib. Bakıda hər kəndin bir kəndi yaranıb. Mən tez-tez öz kəndimizdən son 10 ildə köçüb gələnlərin xeyir-şər məclislərində oluram. İnsanların sifətinə baxanda adamın qəlbi sıxılır.  Axı mənim bir vaxtlar onların ata-analarının, baba-nənələrinin də sifəti yadımdadır. Bir vaxtın məğrur , ümidli, işıqlı baxışlarını indi miskin, kədərli, qorxaq  baxışlar əvəz edib.
– Sizcə şəhərə axının səbəblərindən biri kimi kənddə yaşayan insanların artıq “kəndli” və ya “kəndçi” olmamaq, kənd həyatına xas olan əməklə məşğul olmamaq istəməmsi də varmı? Məsələn, adamlar Bakıda tikintidə daş qaldırmağı, kənddə mal-qara saxlamaqdan üstün tuturlar… 
 – İnanin ki,  əksəriyyətdə belə fikir yoxdur. Təbii ki, müəyyən –  az bir qisimdə bu fikirlər də ola bilər. Amma kəndli Bakıya gəlcək dönub şəhərli olmur ki. Şəhərdə səhərdən- axşama bir tikə çörək üçün ən ağır, kənddə özünə sığışdırmadığı işlərlə məşğul olur. Uşağı da onun kimi. O kəndlilərin əksəriyyəti kənddə yaşayıb uşağını Bakıda muasir adam kimi yetişdirməyə kömək etməyə üstünlük verir. Kəndliyə kənddə öz potensialını reallaşdırmağa imkan yaransa o dərhal kəndə dönər. Axı hər qapını bağlayıb gələnin arxasında kənddə doğma insanları, uşaqlıq xatirələri, doğma dağ-daşının, torpağının, çayının, bulağının nəğməsi qalıb.
“Bir çox məmurların “elmi təminat”  sözündən xoşu gəlmir”
 
– Sizcə çəkilən yeni yollar və ya körpülər tıxac problemini həll edə bilərmi? Siz nə təklif edirsinz?
– Xeyr, həll edə bilməz!  Şahidi olduğunuz kimi də həll etmir. Çünki, Bakı elmi əsaslarla inkişaf etdirilmir. İndi cox ciddi olan şəhərsalma, urbanizasiya elmi inkişaf etməkdədir. Şəhərin inkişaf etdirilməsinin öz prinsipləri var. Bu prinsiplər ekoloji, tibbi, iqtisadi, estetik, sosial, seysmik, coğrafi  və s. prinsiplər üzərində qurulur. Bu elmdən az çox xəbəri olanlar Bakının inkişafına diqqət etdikdə ağrılı bir heyrətə gəlir. Belə elmsiz inkişaf etdirilən şəhərdə yeni yollar və körpülər tıxac problemlərinə heç cür komək edə bilməyəcəyini elə elmi proqnozlarla əsaslandırmaq olar. Çox təəssüf ki, bu günkü bir çox Azərbaycan məmurunun, iş adamının “elmi təminat” sözündən heç xoşu gəlmir. Çünki elmi təminat elmi prinsiplərə əməl etməyi tələb edir. Bu isə belə məmurlara, iş adamlarına  bir çox  primitiv və şirnikləndirici istəklərini həyata keçirməyə mane olur. İndi Bakıda, bir çox yaşayış massivlərində acınacaqlı vəziyyət yaranıb. Misal üçün götürək Yeni Yasamal deyilən yaşayış ərazisini. Burada çoxmərtəbəli evləri biri birinə bitişik şəkildə tikilib. Ortada yaşıllıq zonaları yoxdur. Ekoloji prinsiplərə qəti olaraq əməl edilmir. Evlər tikilcək mənzillər satılıb. İnfrastruktur yaradılmır. Ətrafda gölməşələr, zibilliklər, uçqunlar baş alıb gedir. Belə evlər tikmək həm də mənzil alanların haqqını pozmaqdır. Bu adam pul verib mənzilə köçür və yarım ildən sonra gətrib pəncərəsinin düz qabağında yeni bir ev tikilir. Birada ele mənzillər var ki, oraya heç gün düşmür. Eyni zamada bele menzillər tikmək olduqca xatalıdır. Allah etməsin bir ev uçanda domino effekti verə bilər, o biriler də uça bilər. yaxud yanğın haisəsi olanda yanğınsöndürmə maşınları hərəkət edə bilmir və s.
“Bu göydələnlər Bərdədə tikilə bilərdi…”
 – Paytaxtın köçürülməsi təklifi də zaman-zaman səslənir. Siz buna ehtiyac görürsünüzmü? Əgər görürsünüzsə, hansı bölgəni uyğun sayırsız? 
– Mən yenə də Milli Məclisin o vaxtkı  Elmi Mərkəzinin rəhbəri olarkən belə bir təkliflə çıxış etmişdim. Hökm deyil ki, paytaxt köçürülsün. Paytaxt elə Bakıda da qala bilər, Astana kimi köcürülə də bilər. Amma Bərdədə, Bərdə ətrafında olduqca böyük bir şəhər sala bilərdik. İndiki göydələnlər daha səliqəli, düşünülmüş şəkildə orada qalxa bilərdi. Bunun üçün dövlət büdcəsindən pul tələb olunmur ki. Haranı göstərirsən, sahibkar orada da ev tikir. Yeni bir sahə olanda evlər daha gözəl, geniş həyətli, rahat şəkildə tikilir. Dediyim şəhərsalma elminin prinsipləri ilə tikiləcək bu yeni şəhərin geniş prospektləri, parkları, milli arxitekturası  ola bilərdi. Astana məhz belə salınır.  Belə bir şəhər eyni zamanda strateji cəhətdən çox vacibdir. Əvvala, Bərdə dediyim şəkildə inkişaf etsəydi, ətrafdakı aqrar sektor daha sürətlə və səmərəli inkişaf edərdi. Eyni zamanda biz yuxarı Qarabağa yaxın olaraq nəhəng bir şəhər saldıqda statusundan asılı olmayaraq bu bolgəni iqtisadi, mənəvi, psixoloji, strateji təsir altına alırıq, orada azərbaycanlıların artmasını təmin edirik.
Əslində indi də gec deyil.  Necə deyərlər, keçənə güzəşt edib gələcək barədə düşünmək lazımdır. Bu sahədə mən də əlimdən gələn köməyi etməyə hazıram.

Həmçinin oxuyun

“Camaatın cibində pul var ki, toy edə?” – Niyam Salami

Müğənni Niyam Salami “Hər səhər Mətanətlə” proqramında qonaq olub.Müğənni həmkarlarının toyla bağlı narahatçılıqlarına etiraz edib:“İndi …

Bir cavab yazın