Ana səhifə / Şou Biznes / Nüşabə Ələsgərli: “Müğənnilər pullarını hara xərclədilər ki, indi əşyalarını satırlar?”

Nüşabə Ələsgərli: “Müğənnilər pullarını hara xərclədilər ki, indi əşyalarını satırlar?”

Məlum olduğu kimi, may ayının 18-dən etibarən bir çox sahələrin fəaliyyəti yenidən bərpa olundu, bəzi qadağalar aradan qaldırıldı. Lakin toy və yas məclisləri ilə bağlı qadağalar qüvvədə qalmaqdadır. Bununla da əsas qazancı toylardan çıxan bir çox müğənnilər artıq müflisləşib, pulsuz qaldıqlarnı bəyan edirlər.

Bəs əməkdar artist Nüşabə Ələsgərli bu vəziyyətdən necə çıxmağa çalışır? Pandemiya müğənninin maddi və mənəvi durumuna necə təsir edib?

Musavat.com-un əməkdaşı bu və digər suallarla əməkdar artistə müraciət edib.

Müsahibəni təqdim edirik:

 – Günləriniz necə keçir?

– Yaxşı, normal, hər şey qaydasındadır.

– Yəqin ki, daha çox evdə vaxt keçirirsiniz.

– Demək olar ki, bəli.

– Bir neçə gün öncə icazə ilə evdən çıxma qaydası ləğv edildi. Evdən çölə çıxıb, şəhər gəzintisinə çıxdınızmı?

– Mən daha çox evdə qalmağı xoşlayıram, yəni çox da çölə çıxmağa həvəsli biri deyiləm. Amma hər kəs kimi biz də şəhərə çıxdıq. Şəhər üçün çox darıxmışdıq.

– Şəhərdə nələrin dəyişdiyini müşahidə etdiniz?

– Əvvəlki kimi olmasa da, şəhər bir qədər özünə qayıdış etmişdi. Amma hər şey əvvəlki tək deyildi. Hiss olunurdu ki, insanlar bir-birinə çox maraqla, diqqətlə baxırdı, sanki hər kəs insanları görmək üçün darıxıb.

– Sizcə, pandemiya daha nələri dəyişdi?

– Çox şeyləri dəyişdi… Birinci özümdən götürüm, şəxsən mən evə daha çox bağlandım. Bir daha qeyd edirəm ki, əvvəldən evdə qalmağı çox sevirdim, yalnız zərurət olanda və ya məcbur qalanda evdən çıxırdım. Məsələn, indi icazə almadan gəzintiyə çıxa, istədiyim yerə gedə bilərəm, amma getmirəm.

Evdə qalaraq, yeni yeməklər, reseptlər, dadlı şirniyyatlar bişirməyi öyrəndim. Əvvəl də evdə yeməklər bişirirdim, amma indi daha çox şey öyrəndim. Doğrudur, öyrənmək üçün indi bir az gecdir (gülümsəyir), amma ruslar demiş, “luçşe pozje, çem nikoqda”.

İnsanlara gəldikdə isə hiss olundu ki, bəziləri daha çox Allaha tərəf gəlməyə başladı. Bəziləri isə elə öz köhnə peşələrində qaldılar, onlar düzələn deyillər. Beləliklə, bəzi insanlar anladılar ki, bu dünya fanidir, bir az adam olmaq lazımdır.

– Bəziləri hələ də bu pandemiyanın “bir oyun” olduğuna inanır. Bu müddət ərzində siz necə düşündüz?

– Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva bu haqda çox gözəl demişdi ki, “bu, həqiqətən də müharibədir. Sözün əsl mənasında, gözəgörünməz düşmənlə müharibə”. Eləcə də Bill Qeyts bəyan etmişdi ki, “artıq müharibələr əvvəlki kimi raket və tanklarla, bombalarla deyil, başqa cür olacaq. Və bu proses tədricən, mərhələlərlə baş verəcək”. Beləliklə, düşünürəm ki, bu, virus müharibəsidir. Biz artıq birinci mərhələni keçmişik. Bu mərhələ sanki sınaq idi, sınadılar, yoxladılar, iqtisadi məsələləri həll etdilər. Heç bir zaman müharibələr tələfatsız olmur. Düşünürəm ki, ikinci mərhələdə insan itkisi olacaq. Bu bir oyun deyil. Bu, müharibədir, özü də ciddi müharibə və buna zarafatla yanaşmaq olmaz. Əgər dövlət başçıları deyirsə ki, “evdə qalın”, demək ki, evdə qalmaq lazımdır.

– Bəs maddi durumunuz necədir? Həmkarlarınızın əksəriyyəti bildirir ki, maddi durumları yaxşı deyil, müflisləşirlər, hətta bəziləri evinin əşyalarını satmağa başladığını deyir.

– Əvvəllər xalqımız müğənnilərin üstünə çox gedirdilər ki, “çox qazanırlar” və sairə. Müğənnilər əslində may ayında işləmirdilər. Yanvar-fevral ayında çox zəiflik olurdu, həmçinin tariximizdə qara günlər var ki, həmin günlərdə, Ramazan ayında, iki ay Məhərrəmlik ayında işləmirdilər. Ümumi sayanda ilin 6 ayını işləyib, 6 ayında işsiz qalırdılar. İndi 2 aydır ki, toylar dayanıb, həmçinin Ramazan ayı daxil olub. Yəni onu demək istəyirəm ki, bu vəziyyət müğənnilər üçün yenilik deyildi. Bəs onda niyə evinin əşyalarını satırlar, bilmirəm? Bir daha qeyd edirəm ki, biz bu vəziyyəti onsuz da əvvəllər də yaşayırdıq, burada təzə nə var idi ki?

Şəxsən mənim yemək və kommunal xərclərdən başqa digər yerlərə xərcim çıxmayıb. Ona görə başa düşə bilmirəm ki, müğənnilər pullarını hara xərcləyiblər? Bunlar nə yeyib, nə içdilər ki, pulları qurtardı? Axı salonlar işləmirdi, yeni paltar almağa ehtiyac yoxdur, çıxıb gəzmirdilər ki, benzinə ehtiyac yaransın, yeni mahnı yazmırdılar, çünki aranjimanla əlaqədar olan hər yer bağlı idi. Lap yeni paltar alıbsalar da, onu hara geyinəcəkdilər? Həmçinin bu müddət ərzində ev, maşın almayıblar. Pul yalnız yeməyə, kommunal xərclərə gedib. Bir də ki, hər kəsin evində 5-3 manat pulu olur axı.

Bu müddət ərzində ən çox əziyyət çəkənlər günəmuzd işləyənlər oldu, hansı ki, gündəlik 5-10 manat üçün çalışırdılar. Bəli, onların işi çox çətin oldu, pulsuz qaldılar. Amma bizdə o cür vəziyyət deyildi axı, hər halda, hər kəsin evində 5-3 manat pulu olur. İkinci bir tərəfdən, bəziləri dedi ki,  “camaata yardım etdik, ona görə indi də özümüz pulsuz qalmışıq”. Hansı anormal adam evindəkiləri “silib-süpürüb”, aparıb yardıma verər? Əlbəttə ki, heç kəs. Mən də yardım etmişəm. Amma evimdə olanı sona qədər bitirməmişəm axı. Gücüm nəyə çatıb, onu etmişəm. Etdiyim yardımları da öz pulumla həyata keçirmişəm. Bəzən məni qınadılar ki, “hamı yardım etdi, sən etmədin”. Bəzi bədxahların ağzını yummaq üçün etdiyim yardımları çəkmişəm, amma paylaşmamışam, sadəcə, telefonumda arxiv olaraq qalıb. Digər tərəfdən, bildiyiniz kimi, mən universitetdə pedaqoq kimi işləyirəm və həmin universitetdən aldığım maaş mənə bəs edir. Hələ üstəlik, mən bacımın ailəsini də saxlayıram. Beləliklə, bugünlərdə evimdə olan puldan insanlara yardım etdim, maaşımla həm öz, həm də bacımın ailəsini dolandırdım, bir sözlə, hər şeyi ötüşdürə bildim. İnsan gərək ekonomist olsun.

– Maraqlıdır ki, “pulumuz qurtarıb” deyə “ağlayan” müğənnilər əsasən tez-tez efirlərdə villalarını, bahalı maşınlarını nümayiş etdirənlər oldu…

– Gəlin açıq etiraf edək ki, villasını, evini nümayiş etdirən müğənnilərin günahı yoxdur. Məsələn, elə verilişlər var ki, ev verilişi olur və aparıcı məcbur edir ki, müğənni evinin hər tərəfini göstərsin. Aparıcını evə buraxanda, camaat evinə baxıb söz edir, buraxmayanda da aparıcı inciyir. Şəxsən mən heç vaxt evimdə çəkilişə icazə verməmişəm. Buna görə dəfələrlə aparıcılar məndən küsüb.

Amma o ki qaldı müğənnilər bildirir ki, “daha pulumuz qalmayıb”, bu bir daha sübut edir ki, bu dünyadan özünlə heç nə aparmayacaqsan. Nə daşı-divarı, nə də maşını.

– Yəqin ki, siz də müşahidə etdiniz, karantin günlərində yalnız əsl peşəkarlara, əsl sənətkarlara üz tutuldu, canlı efirlərə onlar dəvət aldılar, “balkon konsertləri” verdilər və sairə. Nəyinsə xətrinə fenomenləşən, populyarlaşan ifaçılar isə kölgədə qaldı.

– Bəli, mən də bunu hiss etdim. Bakı Şəhər Mədəniyyət İdarəsi evlərdə canlı konsertləri, AzTV balkonlarda konsertləri təşkil etdi. Bu zaman müraciət olunanlar arasında “İnstagram müğənniləri” yox idi. Yalnız sənətkarlar, peşəkarlar dəvət olundu. Hər zaman belə olub, yaxşılar ələnərək üzə çıxır, pislər isə kənarda qalır.

– Son vaxtlar tez-tez şahidi oluruq ki, sizin də dediyiniz kimi, bir çox “İnstagram müğənniləri”, sənəti ilə deyil, qalmaqalları ilə gündəmə gələn ifaçılar öz sözünü demiş sənətkarlar, xalqın sevimlisi olan xalq artistləri haqqında hədyanlı danışır, söz davasına çıxır, “onları tanımırıq” deyirlər. Bu məsələyə münasibətiniz necədir?

– Xatırlayırsınızsa,  illər öncə məşhur “Həzrəti Yusif” filmi çəkilmişdi. Doğrusu, həmin filmə baxmaq imkanım olmamışdı. Lakin pandemiya dövründə vaxt tapıb filmə baxdım. Orada bir epizod var – Yaqub peyğəmbər nəvələrini başına yığıb, onlara öyüd-nəsihət verir. Bildirir ki, “bu dünyada iki insan xeyir tapmayacaq – biri özündən böyüyə, biri də valideynlərinin üzünə ağ olan”. Vəssalam! Həmin şəxslər heç vaxt xeyir tapmaz, mümkün deyil. Adam böyüyün hörmətini saxlayar. Doğrudur, bu barədə konstitutsiyamızda yazılmayıb, amma insani qanunlarda var. Böyüyə dil uzatmaq olmaz!

 – Filmdən söz düşmüşkən, illər öncə sizi filmdə, teletamaşalarda aktrisa kimi də görmüşdük və deyə bilərəm ki, obrazlarınızın öhdəsindən bacarıqla gəlmişdiniz. Lakin sonralar nədənsə filmlərə və yaxud seriallara çəkilmədiz. Dəvətlər yoxdur, yoxsa özünüz istəmirsiz?

 – Əlbəttə, dəvətlər həmişə olur. Amma sözün düzü, mənim buna vaxtım yoxdur. Bir serial çəkilişi bir gününü alır, belə olan halda da bütün işlərim tökülüb qalır. Bildiyiniz kimi, illər öncə “Qayınana əməliyyatı” və “Yanmış körpülər” serialına çəkilmişdim. Əgər bu haqda sual verirsinizsə, demək ki, obrazlarım yaddaşlarda qalıb. Sadəcə, bir daha qeyd edirəm ki, indi buna vaxtım yoxdur.

Amma gözəl tarixi bir film olsa, dəvət gəlsə məmnuniyyətlə çəkilərdim.

– Tutaq ki, bu cür təklif gəlsə, deyilən qonorarla razılaşarsınızmı, yoxsa sizin öz qonorar məbləğiniz var?

 – Əgər film dəyərlidirsə, nə qonorar, mən özüm onu maliyyələşdirərəm…

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …