Ana səhifə / Şou Biznes / “Nurayın məsələsi ölümə səbəb ola bilər” – Deputat

“Nurayın məsələsi ölümə səbəb ola bilər” – Deputat

“Əgər Nuray atasını istəmirsə, onun zorla aparılması yolverilməzdir. Bu hal onun ölümünə də gətirib çıxara bilər”.

Bu fikirləri AzVision.az-a millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə Quba məhkəməsində baş verən hadisəyə münasibət bildirərkən deyib. Millət vəkili qeyd edib ki, əgər valideyn sağdırsa, normal həyat tərzi, şəraiti varsa, aliment veribsə, uşaqla maraqlanıbsa, onun uşağa sahib olmaq hüququ var: “Atanın uşağına qarşı hərəkəti doğru deyil. Ata həqiqətən övladını istəyirsə, onunla uzun müddət təmasda olmalı idi. Eyni zamanda müəyyən müddət onu götürərək atası ilə yaşağamağa psixoloji cəhətdən hazırlamalı idi. Ancaq, övladını ağlada-ağlada, yerə yıxmaqla, icra məmurlarının gözü qarşısında qucağında zorla aparması nəinki uşağa psixoloji təsir, hətta daha ağır fəsadlar verə biləcək hallara gətirib çıxara bilər. Atanın da bu hərəkətini qınayıram”.

Ç.Qənizadə hesab edir ki, prosesin tənzimlənməsində Quba rayon İcra Hakimiyyətinin qəyyumluq şöbəsi, Ailə, Qadın və uşaq Problemləri üzrə dövlət komitəsi və digər qurumlar əvvəlcədən uzun müddətl iş aparmalı idilər: “Bəlkə də aparıblar. Biz bunu videodan görə bilmirik. Amma, 10 yaşlı uşağın öz valideynlərini seçmə hüququ var. Bu məsələdə vəziyyət bir qədər fərqlidir. Atanın həyatda olduğu, ananın isə vəfat etdiyi halda uşağın valideynlərini yox, xalasını seçməsi ziddiyət doğrurur. Bu halda mütləq uşağın gələcək taleyi, psixoloji durumu nəzərə alınmalıdır.

Ç.Qənizadə deyib ki, məhkəmənin qərarı icra olunmalıdır: “Mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlara görə, Nurayın atası aliment verməkdən yayınıb, vaxtilə uşağı ilə maraqlanmayıb. Digər bir məlumatda qeyd olunur ki, ata 2011-ci ildən uşağın geri qaytarılması üçün iddia qaldırıb. Əgər ata 2011-ci ildən bu günə qədər məhkəmə qərarları ilə uşağını geri qaytarmağa çalışıbsa, sosial şəbəkədə bildirilən fikirlərin bir çoxunun həqiqət olmadığı üzə çıxır. Bu tamamilə başqa bir məsələdir. Digər tərəfdən uşağın valideynlərindən sağ qalanına verilməsi ilə bağlı Ali Məhkəmənin qərarı var və buna hörmətlə yanaşmaq lazımdır. Ona görə də biz məhkəmə qərarını şübhə altına alsaq, bu doğru olmaz”.

Ç.Qənizadə bildirib ki, məhkəmə icraçılarının hərəkəti tamamilə tənqidə layiqdir: “Hesab edirəm ki, onların rəhbərliyi cəzalandırılmalıdır. Videodan görünür ki, dəhşətdir, ürək ağrıdıcı səhnədir. Belə təəssürat yaradır ki, icranı ata həyata keçirir. Sanki, icra məmurları atadan çəkinirlər. Hətta onun söyüşlə danışması, zorla uşağı dartması, onu yerə yıxmasına şərait yaradırlar. Bunu ona görə edirlər ki, icranın həyata keçirilməsi ilə bağlı sənədləşmə hazırlasınlar və üzərlərindən “ağır yükü” atsınlar. Belə olmaz. Çünki, belə bir şəraitdə uşağın zorla, sürüyə-sürüyə aparılmasımna şərait yaratmaq yolverilməzdir. Videoda görünən bütün hallar qanun pozuntusu ilə müşahidə olunur. Məhz icranın həyata keçirilməsi anının özünə və oradakı iştirakçıların hərəkətlərinə həm hüquqi, həm də ictimai qiymət verilməlidir”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşağa qarşı məhkəmə icraçıları tərəfindən açıq zorakılıqla üzləşib.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın